Xudavəng abidəsi də vandalların əsarətindən xilas oldu

 

 

Kəlbəcər Azərbaycanın yüksək dağlıq rayonlarından biridir. Mineral sularla, yeraltı və yerüstü təbii ehtiyatlarla, tarixi abidələrlə zəngin olan bu rayonun həm də bənzərsiz təbiəti var.

Kəlbəcərə qədəm qoyarkən diqqəti ilk çəkən rayonun əsrarəngiz təbiəti olur. Zirvəsindən ilin bütün fəsillərində qar əskik olmayan dağlar, sıldırım qayalar, sıx meşələr, şır-şırlı çaylar... səni nağıllar aləminə aparır.

Təəssüf ki, bu gün, yəni işğaldan azad edildikdən sonra addımbaşına ermənilərin həmin gözəlliyi məhv edən, ona qənim kəsilən vandallığı ilə də üzləşirik.

Dağıdılmış abidələr, infrastruktur obyektləri, yandırılmış evlər, kəsilmiş ağaclar... düşmənin vəhşi və faşist xislətini göstərir.

44 günlük Vətən müharibəsində müzəffər Ordumuzun çaldığı Qələbə ilə Kəlbəcər də noyabrın 25-də erməni vandallarının əsarətindən xilas edildi. Təbii ki, dövlət başçısının qeyd etdiyi kimi, işğaldan azad edilən bütün ərazilərimiz bərpa ediləcək və məcburi köçkünlər doğma torpaqlarına qayıdaraq firavan yaşayacaqlar, o cümlədən də kəlbəcərlilər.

Azərbaycanın ikinci Qobustanı adlandırılan Kəlbəcər, sözün həqiqi mənasında, təbiət muzeyini xatırladır. İnsanın burada təşəkkül tapması dördüncü geoloji dövrlə bağlıdır. Qədim daş dövrünün məşhur Zar mağarası, arxeoloji abidələri ilə zəngin olan Qaragöl, Zalxagöl, Sultanheydər, Pəriçınqılı, Ayıçınqılı, Taxtadüzü, Qurbağalıçay və.s. yaylaqlarının qaya təsvirləri, eramızdan əvvəl III minilliyə aid yaşayış yeri Kəlbəcərin zəngin maddi mədəniyyət abidələrinin bir hissəsidir. 1968-ci ildən buradakı qaya təsvirləri öyrənilməyə başlanılmışdır.

Ermənistanın işğal etdiyi Kəlbəcər rayonu ərazisində də minilliklərin yadigarları az deyildi. Həmin tarixi, dini məbədlərdən biri də Tərtər çayının sol sahilində yerləşən, xalq arasında "Xotavəng” və ya "Xudavəng”, yəni "Tanrı məbədi” adlandırılan kompleks Qafqaz Albaniyası dağıldıqdan sonra (IX əsrdə) Qarabağın dağlıq hissəsində yaranmış Xaçın Alban knyazlığının dini mərkəzi olub. Kompleksdə alban yepiskopunun iqamətgahı olmuşdini maarif mərkəzi fəaliyyət göstərmişdir.

Əsaslı mənbələrdən görünür ki, XIII əsrdə Mehranilər sülaləsindən olan Xaçın knyazı Böyük Həsənin oğlu Bəhramın ailəsi tərəfindən monastır yenilənib və orada əlavə tikililər inşa edilib.

Xatırladaq ki, ermənilər Kəlbəcərdə 1993-cü ildən bəri qeyri-qanuni məskunlaşdıqları müddətdə bu məbədi özlərininkiləşdirməyə çalışmış, hətta dünyaya "arsax”ın dini mədəniyyət mərkəzi kimi təqdim etmişlər.

Kəlbəcər işğaldan azad edildiyi üçün dekabrın 4-də Alban (Qafqaz) Apostol Müstəqil Kilsəsinin varisi olan Azərbaycan Alban-udi dini icmasının nümayəndələri Xudavəng monastır kompleksini ziyarət etdilər. İllərdir bütün dinlərin nümayəndələri üçün bərabər şəraitin yaradıldığı Azərbaycanda firavan yaşayan udilər Alban Apostol Kilsəsinin mənəvi varisləri olaraq Qəbələ və Oğuzdakı alban məbədlərində olduğu kimi, işğal altındakı Alban kilsələrində, o cümlədən Kəlbəcərdəki Xudavəng monastır kompleksində də ibadət edəcəkləri günləri səbirsizliklə gözləyirdilər.

Anım mərasimi başa çatdıqdan sonra icmanın sədri Robert Mobili bildirdi ki, Xudavəng məbədi həm tarixən, həm də memarlıq üslubu baxımından tamamilə Alban Apostol Kilsəsinə məxsusdur. Ermənilərin burada etdiyi saxtakarlıqlar açıq şəkildə görünür. Azərbaycanda müxtəlif dinlərin nümayəndələri üçün bərabər şəraitin yaradıldığını, ölkəmizdə bütün dini məbədlərin, o cümlədən kilsə, sinaqoq və məscidlərin əsaslı şəkildə təmir olunduğunu diqqətə çatdırıldı. Vətən müharibəsi günlərində Qəbələnin Nic qəsəbəsində Müqəddəs Məryəm kilsəsinin bərpasını əks etdirən fotoların Xudavəng monastırında göstərildiyini də qeyd edən icma sədri onu da bildirdi ki, işğaldan azad olunan ərazilərimizdəki dini məbədlərimiz də bərpa ediləcək və dindarların istifadəsinə veriləcək.

Tarixi Qafqaz Albaniyasının məbəd və digər mədəni irs nümunələri erməni kitablarında təəssüf ki, əsassız olaraq "qədim erməni” mədəni irsi, erməni kilsəsinin tərkib hissəsi kimi qələmə verilir. Kəlbəcər rayonu işğal edildikdən sonra Xudavəng monastırında da qanunsuz bərpa işləri aparılıb. Bərpa adı ilə pərdələnən saxtalaşdırma işləri Erməni Apostol Kilsəsinin nəzarəti altında 1997-2011-ci illərdə - 14 il davam etdirilib.

Xatırladaq ki, Kəlbəcər rayonunda dövlət qeydiyyatına alınmış 35 Alban məbədi olub. Onların hamısı da Ermənistan tərəfindən saxtalaşdırılıb və ya dağıdılıb. Yəni Alban kilsələrinin memarlıq üslubu, həmçinin onlara aid simvol və elementlər erməni saxtakarlığına məruz qalıb. Qədim Şərq kilsələrindən olan Alban müstəqil kilsələri həm memarlıq üslubuna, həm də xaçın formasına, ibadət dilinə, liturgiyasına görə erməni kilsələrindən tamamilə fərqlənir. Bununla yanaşı, fərqli əlifba, tamam özgə dildə olan müqəddəs kitablarapostol xətti də Alban kilsələri ilə erməninkiləri arasındakı fərqləri açıq-aydın nümayiş etdirir.

Arxeoloji tədqiqatlardan məlumdur ki, məbəd kompleksinin əsası VI-VII əsrlərdə qoyulmuşdur. Mehranilər sülaləsindən olan Xaçın knyazı Həsən Cəlalın oğlu Vaxtanq kompleksin ərazisində geniş tikinti işləri aparmış, Arzu xatun isə 1214-cü ildə əri Vaxtanqın və iki oğlunun xatirəsinə kompleksdə kilsə tikdirmişdir. Kilsənin şərq fasadında daş üzərində knyaz Vaxtanqın, cənubunda isə Arzu xatunun iki oğlunun təsvirləri həkk olunmuşdur.

Alban knyazı tərəfindən inşa edilmiş baş kilsə memarlıq xüsusiyyətlərinə görə erməni və gürcü xalqlarının kilsələrindən tamamilə fərqlənir.

Bütün bunlardan sonra deyə bilərik ki, Kəlbəcər rayonunun Vəng kəndi ərazisində, Tərtərçayın sol sahilində yerləşən Xudavəng və ya Dədəvəng kompleksi Azərbaycanın xristian memarlığının ən iri və gözəl abidələrindən biridir.

Bəzi araşdırmalara görə, Qafqazda ilk xristian missioneri olmuş apostol Faddey-Dədə bu kompleksdə dəfn olunmuşdur. Ona görə Xudavəng kompleksinin təməlinin IV əsrdə qoyulduğu ehtimal olunur.

Kompleksdə əsas inşaat işləri XIII əsrdə Alban knyazı Vaxtanqın zamanında aparılmışdır. Monastır kompleksinin tərkibində indi iyirmidən çox tikilitikili qalıqları var. Kilsənin qərb və şimal baştağları daş üzərində incə oyma naxışlarla bəzədilib. Kompleksin əsas dini hissəsi plan və kompozisiyası ilə fərqlənən bir-birinə bitişik 7 həcmdən ibarətdir.

Kompleksin əsas binası Böyük Həsən kilsəsidir. Dini binalardan cənubda isə, yamacda mülki tikililər, eləcə də saray, yaşayış və təsərrüfat binaları yerləşir. Kompleksə daxil olan binalar çoxəsrlik inşaat mədəniyyətini, orta əsr Azərbaycan xristian memarlığının müxtəlif tiplərini dolğun nümayiş etdirir. Xudavəng məbəd kompleksində çoxlu inşaat kitabələri və yazılar qalmışdır. Onlarda göstərilən bir sıra adlar: Arzu xatun, Tursun, Seyti, Hasan, Avaq, Şəms, Altun, Ağbux, Qaragözs. bu abidəni ucaldanların etnik mənsubiyyətinin türklüyünün dəqiq göstəricilərindəndir. Bu abidənin çoxsaylı oyma daş bəzəklərində Azərbaycanın müsəlman memarlığı ilə birbaşa bağlılıq da aydınca hiss olunur.

Erməni işğalçıları Kəlbəcəri boşaltmağa məcbur olanda kompleksi də dağıtmağa çalışaraq, içərisindəki tarixi, dini əşyaları da özləri ilə aparmaq istədikləri müşahidə edildi. Bu isə vandallığın, barbarlığın daha bir formasıdır.

Əslində, bu hərəkətləri ilə ermənilər bir daha heç bir tarixə, dinə, mədəniyyətə mənsub olmadıqlarını təsdiqləyiblər. 30 ilə yaxındır ki, yaşadıqları Kəlbəcər rayonu ərazisindən çıxarılarkən ermənilərin törətdiyi vəhşilik isə heç bir meyarla ölçüyə gəlməzdir.

 

 

Məhəmməd NƏRİMANOĞLU

Azərbaycan.- 2020.- 15 dekabr.- S.1;5.