Azərbaycan Prezidenti
İlham Əliyevin
tapşırığına əsasən Dövlət
Komissiyası humanitar öhdəliklərin
icrasını davam etdirir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
tapşırığına əsasən Dövlət
Komissiyası humanitar öhdəliklərin icrasını davam
etdirir.
Bu
fikir Əsir və itkin düşmüş, girov
götürülmüş vətəndaşlarla əlaqədar
Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin
müavini Eldar Səmədovun AZƏRTAC-a məxsusi müsahibəsində
yer alıb. Müsahibəni təqdim edirik.
- Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının açıqladığı məlumata əsasən, 2020-ci il dekabrın 14-də "hamının-hamıya” prinsipi ilə növbəti humanitar proses həyata keçirilib. Proseslə bağlı oxuculara əlavə məlumat verə bilərsinizmi?
- Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin imzaladıqları 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan irəli gələn vəzifələrdən biri əsir və girovların, meyitlərin humanitar məqsədlərlə dəyişdirilməsinin təmin olunmasıdır.
Tərəflər, ilk növbədə, döyüş bölgəsində qalmış hərbçilərin meyitlərinin ərazilərdən götürülməsi prosesinə başlayıblar. Bu istiqamətdə işlər Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə həyata keçirilir. Proses başlayandan bu günədək döyüş bölgəsindən 314 Azərbaycan hərbçisinin, 775 Ermənistan hərbçisinin meyiti çıxarılıb. Hazırda bu proses davam etdirilir.
Digər vacib vəzifə isə əsir və girovların "hamının-hamıya” prinsipi əsasında azad edilməsidir. Dövlətimizin başçısı İlham Əliyevin göstərişi ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində 2020-ci il dekabrın 14-də Azərbaycan Respublikasının 14 vətəndaşı erməni əsirliyindən və girovluğundan azad edilərək Bakıya gətirilib. Onlardan 12 nəfəri Vətən müharibəsində müxtəlif səbəblərdən əsir düşmüş, digər 2 nəfər isə 2014-cü ilin iyul ayında Kəlbəcər rayonu ərazisində girov götürülərək qeyri-qanuni həbs edilmiş Dilqəm Əsgərov və Şahbaz Quliyevdir. Azad edilmiş vətəndaşlarımız hazırda dövlətimiz tərəfindən hərtərəfli diqqət və qayğı ilə əhatə edilməklə müayinə və müalicə olunur, sağlamlıqlarını bərpa edirlər.
- Bu,
2020-ci il sentyabrın 27-dən sonra
tərəflər arasında
həyata keçirilmiş
ilk humanitar proses idi?
- Xeyr, bu qeyd
etdiyiniz tarixdən sonra tərəflər arasında həyata keçirilmiş ilk humanitar
proses deyil. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin tapşırığı
ilə humanizm prinsiplərindən çıxış
edərək birtərəfli
qaydada Azərbaycan Respublikası Müdafiə
Nazirliyinin iştirakı,
ATƏT-in və BQXK-nın
vasitəçiliyi ilə
Dövlət Komissiyası
cari ilin 29 oktyabr, 2 dekabr, 9 dekabr və 11 dekabr tarixlərində 9 ermənini qarşı tərəfə təhvil
verib. Həmin proseslər zamanı
Azərbaycan tərəfi
humanizm prinsiplərinə
hörmətlə yanaşaraq,
ilk növbədə, yaşlı
insanları qeyd-şərtsiz
azad edib, onların öz yaxınlarına qovuşmasını
təmin edib.
- Bütövlükdə sentyabrın
27-dən sonra ümumilikdə
neçə erməni
azad olunub?
- Keçirilmiş bütün
humanitar proseslərdə
bütövlükdə 54 erməni
azad edilib. Onlardan 6 nəfəri 2020-ci
il sentyabrın
27-dən əvvəl Azərbaycan
ərazisində saxlanılmış
şəxslərdir. Bundan
başqa, Ermənistan
silahlı qüvvələrinin
geri çəkilərkən
döyüş bölgəsində
köməksiz vəziyyətdə
qoyub getdikləri ağır xəstə olan 2 nəfər yaşlı erməni mülki şəxs Azərbaycan tərəfindən
yerləşdirildikləri xəstəxanada
aldıqları müalicəyə
və həkimlərin
hərtərəfli səylərinə
baxmayaraq, vəfat etdikləri üçün
meyitləri beynəlxalq
təşkilatların vasitəçiliyi
ilə qarşı tərəfə təhvil
verilib.
- Azərbaycan Respublikasının
digər humanitar öhdəliklərinin icrası
barədə nə demək olar?
- Azərbaycan Respublikası
1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarına hələ
müstəqilliyinin ilk illərində,
1993-cü ildə qoşulub,
beynəlxalq humanitar hüquq normalarından irəli gələn öhdəliklərə və
humanizm prinsiplərinə
daim sadiq olub.
Ermənistan Respublikasının hərbi
təxribat əməlləri
ilə bağlı Azərbaycan Ordusunun əks-hücum əməliyyatına
başladığı 2020-ci il sentyabrın 27-dən sonra Azərbaycan hərbçilərinə təslim
olmuş Ermənistan hərbçiləri və
döyüş bölgəsindən
təxliyə olunmuş
mülki şəxslər
Cenevrə konvensiyalarının
tələblərinə əsasən,
dərhal internə edilib, saxlanma şəraiti, onlarla davranış, qida, su təminatı və yaralıların müalicə hüquqları
tam təmin olunub.
Dövlət Komissiyası əsir düşmüş Ermənistan
hərbçiləri və
saxlanılan şəxslər
barədə məlumatları
müntəzəm qaydada
BQXK-ya təqdim edib, qurum əməkdaşlarının
onlara baş çəkmələrinə hərtərəfli
şərait yaradıb. Həmçinin əsirlərin və saxlanılan şəxslərin
öz yaxınlarına
məktub yazmasına,
bəzilərinin video ismarıclar
göndərməsinə, o cümlədən telefon əlaqəsi saxlamalarına
imkanlar yaradılıb.
- Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində
neçə vətəndaşımız
itkin düşmüşdür? Onların sonrakı
taleyinin aydınlaşdırılması
sahəsində hansı
işlər aparılır?
- Əvvəlcə, xüsusi
vurğulamaq lazımdır
ki, Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ
münaqişəsinin qurbanı
olmuş bütün vətəndaşlarımız, o cümlədən itkin düşmüş şəxslərlə
bağlı məsələ
daim Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin diqqət mərkəzindədir.
Hazırda Dövlət Komissiyasında
Birinci Qarabağ müharibəsinin nəticələrinə
görə 3890 Azərbaycan
vətəndaşı itkin
düşmüş şəxs
kimi qeydiyyata alınıb. Dövlət Komissiyası itkin
düşmüş bütün
vətəndaşlarımızın axtarışı sahəsində
zəruri tədbirləri
davam etdirir.
Bu iş həm də aidiyyəti beynəlxalq təşkilatlarla
birlikdə həyata keçirilir. BQXK-nın Azərbaycandakı nümayəndəliyi
ilə Dövlət Komissiyası arasında imzalanmış "Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ
münaqişəsi ilə
bağlı itkin düşmüş şəxslər
haqqında Ante Mortem məlumatların
toplanması və mərkəzləşdirilmiş şəkildə idarə
olunması üzrə”
çərçivə sazişinə
əsasən, son illərdə
bu iş daha intensiv aparılır.
Saziş çərçivəsində
itkinlərə aid 3600-dən çox sorğu anketi toplanılıb, məlumatlar elektron məlumat bazasına daxil edilib.
Zəruri
olan digər vacib iş isə
itkin düşənlərin
ailələrindən bioloji
(DNT) nümunələrin götürülməsi
ilə bağlıdır.
Son illər ərzində
3 minə yaxın bioloji nümunə toplanaraq müvafiq qaydada sənədləşdirilib.
- Humanitar proseslər bundan sonra da
davam edəcəkmi?
- Əlbəttə, üçtərəfli
Bəyanata uyğun olaraq, humanitar proseslər bundan sonra da davam
edəcəkdir. Dediyim kimi, döyüş
bölgəsində qalmış
hər iki tərəfə aid hərbçilərin
meyitlərinin ərazilərdən
götürülməsi prosesi
beynəlxalq vasitəçiliklə
davam etdirilir.
Bundan başqa,
hazırda Azərbaycan
Respublikasının beynəlxalq
təşkilatların da
qeydiyyata aldığı
3 vətəndaşı Ermənistanda
əsir-girovluqda saxlanılır. Azərbaycan həmin
vətəndaşlarının da azad edilərək
qaytarılmasını Ermənistandan
tələb edir.
- Sonda bir sual
da vermək istərdik. Sosial şəbəkələrdə
yayılan videolarda bəzi azərbaycanlı hərbçilərin əsir
götürülərkən müxtəlif təzyiqlərə,
təhqirlərə və
işgəncələrə məruz qalmaları əks olunur. Sizcə buna hansısa hüquqi qiymət verilməlidirmi?
- Vətən müharibəsi
zamanı Ermənistan
beynəlxalq humanitar hüquq normalarının,
insan hüquqlarının,
həmçinin özünün
də qoşulduğu
Cenevrə konvensiyalarının
öhdəliklərinə məhəl
qoymayaraq Birinci Qarabağ müharibəsində
olduğu kimi, azərbaycanlı əsirləri
beynəlxalq təşkilatlardan
gizlətmək yolunu tuturdu, onlar haqqında vaxtında məlumat vermirdi, həyatlarına təhlükəli
qaydada qeyri-insani rəftar etməkdən belə çəkinmirdi.
Bununla bağlı erməni hərbçilərinin özlərinin
qeydə aldıqları
təkzibolunmaz videomateriallar
və fotolar da mövcuddur.
Artıq
qeyd etdiyimiz kimi, 14 vətəndaşımız əsirlik və
girovluqdan azad olunaraq Vətənə gətirilib. Əlbəttə ki,
qanunvericiliklə müəyyən olunmuş
prosedur qaydalara əsasən
həmin şəxslərin sorğusu keçirilir, onların iştirakı ilə əhəmiyyət
kəsb edən hallara dair
ibtidai araşdırma hərəkətləri
icra edilir, zəruri ekspertizalar aparılır. Bu
tədbirlər yekunlaşdırıldıqdan sonra
müvafiq qanuni qərarlar
qəbul olunacaqdır.
Azərbaycan.-2020.- 18 dekabr.- S.2.