Qazinin qələbə sevinci

 

Vətən müharibəsi döyüşçüləri

 

Vətən müharibəsində iştirak etmiş, torpaqlarımızın azadlığı uğrunda vuruşmuş gənc qazi, Saatlı rayon sakini Əli İsmayılov o günlərin ağrısını hələ də canında daşıyır. Döyüşlərdə ayağından yaralanıb, iki dəfə cərrahiyyə əməliyyatı keçirib. Həkimlərin dediyinə görə, ayağındakı qəlpə yaralarının sağalması aylarla sürəcək.

Bu günlərin qüruru isə könlündə ömürlük taxt quracaq. Çünki Azərbaycanın minlərlə gənc övladı kimi o da ilk günlərdən Vətənin çağırışına qoşulub. Cəbhəyə, döyüşlərə can atıb. İyirmi dörd yaşlı Əli İsmayılov sentyabrın 29-da Saatlıdan Vətən müharibəsinə gedib.

 

 

Əgər Vətən çağırırsa...

 

 

Həmin gün anası Aygün İsmayılovanın yaddaşına belə yazılıb: "Əlinin adətidir, yuxudan həmişə erkən oyanır. O gün isə lap tez qalxdı yatağından. Səhər yeməyini yedi. Süfrədən qalxdı. Pencəyini geyinib, "mən gedirəm” dedi. Soruşdum: "Hara gedirsən?” Cavab verdi ki, döyüşə gedir. O anlardan ən çox yadımda qalan Əlinin səsindəki hədsiz sakitlik, təmkin idi... Oğlum hər gün işə, dostlarının yanına, ya da marketdən nə isə almağa gedirmiş kimi qapıdan çıxdı. Atası handan-hana özünə gəlib Əlinin ardınca çıxdı. Oğlum getdi... Fikrim, xəyalım, canım da onunla getdi. Başımı ev işləri ilə qarışdırmaq istədim. Ancaq əlim heç bir işə yatmadı. Bir neçə saat sonra atası gəldi. Əlini yola salmışdılar. Sonra bir polis oğlumun telefonunu gətirdi ki, bunu Əli verdi. Gecə düşdü. Mənim isə gözlərim hələ qapıda qalmışdı. Elə bilirdim o, içəri girəcək. Vaxt keçdikcə yavaş-yavaş özüm-özümə etiraf etdim: ailəmizin sonbeşiyi odun-alovun içərisinə getdi. Hamımızın anası Vətəndir. Əli də anamızı qorumağa, düşməndən müdafiə etməyə gedənlərə qoşuldu”. O gün cəbhəyə yollanarkən baxışlarından vüqar, simasından məğrurluq yağan oğlunun qətiyyəti ananı yenə həm həyəcanlandırır, həm də qürurlandırır. Sanki "biz azərbaycanlı anaların belə qorxmaz belə qeyrətli oğulları vardeyir.

Əli İsmayılov 1996-cı il iyulun 2-də Saatlı rayonunda dünyaya gəlib. Saatlı şəhər Valeri Əsgərov adına 4 saylı orta məktəbin 9-cu sinfini bitirdikdən sonra 2011-ci ilin 15 sentyabrında sənədlərini Saatlı peşə liseyinə verib. Peşə liseyində geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər ixtisası üzrə təhsil alıb. 2014-cü il iyunun 17-də liseyi bitirib.

Əli uşaqlıq illərində çox nadinc idi. Amma elə o zaman da hərəkətləri uşaq dəcəlliyindən kənara çıxmazdı. Böyüyün-kiçiyin yerini bilərdi. Canıyanan, mehribandı. Odur ki, balacalıqdan qohum-qonşunun sevimlisiydi. Təhsil aldığı orta məktəbdə də, liseydə də həm müəllimlərinin, həm də məktəb yoldaşlarının hörmətini qazandı.

O, 2014-cü il iyulun 3-də həqiqi hərbi xidmətə çağrıldı. "N” hərbi hissəsində qumbaraatan vəzifəsində xidmət etdi. Hərbi hissədən ona verilən xidməti xasiyyətnamədə bu sözlər yazılıb: "Xidmət etdiyi müddət ərzində İsmayılov Əli Asif oğlu özünü vətən torpaqlarının bütövlüyü uğrunda mübarizəyə hazır olan vətənpərvər gənc kimi göstərmişdir”. Əli hərbi xidmətdə də əsgər yoldaşlarının və komandirlərinin rəğbətini qazandı.

Hərbi xidmətdən geri döndükdən bir müddət sonra oxuduğu orta məktəbdə texniki işçi kimi əmək fəaliyyətinə başladı.

Qarabağ torpaqlarının işğal yaşı onun yaşından böyük idi. Əli İsmayılov dünyaya gələndə düşmənlər Azərbaycan torpaqlarını neçə illər idi ki, zəbt etmişdilər. Ancaq ərazilərimiz əbədi olaraq erməni qəsbkarlarında qala biməzdi. Qeyrətli Azərbaycan xalqı heç zaman bu itkilərlə barışmazdı. Əli İsmayılov kimi oğullar bu ruhda böyüdülər. Ümid, inam hər zaman onların qəlbinə hakim oldu.

Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin təxribatı ilə müharibə başladı. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev qismən səfərbərlik əmrini verdi.

Vətən müharibəsi başlayanda Əli İsmayılov çox yaxşı bilirdi ki, bu məsuliyyətli günlərdə onun kimi oğulların yeri cəbhədir. Vətən darda idi, övladlarını haraylayırdı. Və Əli İsmayılov kimi qeyrətli oğullar Ana Vətənin imdadına yetişdilər. Əli cəbhəyə arxayın getdi. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin xalqa müraciətində böyük inam, qələbə əzmi ifadə olunmuşdu. Dövlət və xalq zəfərə gedən yolda bir yumruq kimi birləşdi.

 

 

Yaraları Vətənin dərdlərinə məlhəm olan igidlər

 

 

Əli cəbhəyə getdikdən sonra sevənlərini nigaran qoymadı. Hər gün olmasa da, əsgər yoldaşının telefonundan zəng edirdi. Amma bir dəfə də olsun hansı bölgədə, cəbhənin hansı istiqamətində döyüşdüyünü söyləmədi. "Bizi hələ döyüşə aparmırlar, təlimdəyik” deyirdi. Verilən suallara cavabında mövzunu dəyişir, hal-əhval tutur, özünün də yaxşı olduğunu, orada onlara çox yaxşı baxdıqlarını, odur ki, heç nəyə ehtiyac duymadıqlarını söyləyirdi. Birtez-tez deyirdi: "Biz yuxarı qalxacağıq. Orda şəbəkə yoxdur, telefonlar tutmur. Zəng vura bilməyəcəyəm. Məndən nigaran qalmayın”. Əli İsmayılov cəbhəyə getdiyi gündən əmin idibunu hər dəfə telefon zəngində deyirdi: "Az qalıb. Tezliklə qələbə ilə evə qayıdacağıq”.

Ə.İsmayılovun döyüş yolu Füzulidən başladı. Sonra Zəngilan, Cəbrayıl və Qubadlı uğrunda gedən ağır döyüşlərdə iştirak etdi. Gözlərinin qarşısında neçə-neçə döyüşçü yoldaşı həlak oldu, ağır yaralandı. Birlikdə çiyin-çiyinə vuruşduğu neçə-neçə yaralını odun-alovun içərisindən çıxartdı. Hər şəhid yoldaşı Əliyə bu Vətəni bir az da çox sevməyi öyrətdi.

Birdoğma Vətənini tanıdı. Cəbhə yollarında o, Azərbaycanın böyüklüyünü, misilsiz gözəlliklərini gördü.

Atıcı Əli İsmayılov oktyabrın 19-da Qubadlı uğrunda gedən ağır döyüşdə yaralandı. Füzulidə cərrahiyyə əməliyyatı olundu. Qəlpələr ayağından çıxarıldı. Bir neçə gün sonra Neftçala mərkəzi xəstəxanasına aparıldı. Orada ayağını müayinə edən həkimlər qəlpələrdən birinin ayağında qaldığını müəyyənləşdirdilər və ikinci dəfə əməliyyat etməli oldular. Əli İsmayılovu müalicə edən həkim Xəlil "qəlpə yarası ağır yaradır, girəndə parçalayır, ona görə də ağrısına tablaşmaq çox çətin olurdedi.

 

 

Güllələr atılan yerlərdə güllər açacaq

 

 

 

Ağrı, sızıltı onun hələ də əhdini kəssə də, ruhuna bu duyğular məlhəmdir. Azərbaycan uzun illər idi ki, yaralıydı. Əli İsmayılov kimi hərbçilərin döyüşlərdə aldıqları yaralar Vətənin yaralarına məlhəm oldu. Ərazilərimizi dinc yolla qaytarmaq istəməyən erməni qəsbkarlarına bütün döyüşlərdə sarsıdıcı zərbələr vurdular. Ali Baş Komandanımızın rəhbərliyi altında ordumuzun əks-hücum əməliyyatı qələbə ilə başa çatdı. İllərdir işğal altında qalan tarixi torpaqlarımız azad olundu. Artıq o torpaqlarımızda üçrəngli Azərbaycan bayrağı dalğalanır.

Vətən müharibəsində qəhrəmancasına vuruşan mərd oğullarla bütün Azərbaycan xalqı fəxr edir. Gənc qazilərin evlərinə geri dönməsinə çox sevinirlər. Əligilə gələnlərin də ardı-arası kəsilmir.

Müqəddəs torpaq uğrunda vuruşmağın şərəfi və qüruru, düşmənin məğlubiyyətini görməyin sevinci, Vətənin azadlığı bu gün Əli kimi gənc qazilərimizin yaralarına dərmandır. Daha gözəl günlər isə qabaqdadır. Düşmənin xarabalığa çevirdiyi o yaradılışından gözəl yerlərin yenə bəxti üzünə güləcək. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni quruculuq işlərinə başlanılır. Otuz ilə yaxın yurdundan ayrı düşmüş məcburi köçkünlər öz evlərinə qayıdacaqlar. O yerlərin ki, Azərbaycanın bütün bölgələrindən - hər kəndindən, hər rayonundan, hər şəhərindən etibarlı və mərd oğullar harayına çatdılar. Müzəffər Azərbaycan Ordusunun sıralarında vuruşdular. Cəsur, qəhrəman zabit və əsgərlərimiz əks-həmlə əməliyyatları zamanı erməni qəsbkarlarına havadan və yerdən sarsıdıcı zərbələr endirərək illərdən bəri işğalda qalmış o torpaqlarımızı azad etdilər. Orda tökülən qanları ilə tarix yazdılar. Onların qanları qarışan o yerlərdə bundan sonra güllələr atılmayacaq, çiçəklər, güllər açacaq.

 

 

Zöhrə FƏRƏCOVA

Azərbaycan.-2020.- 9 dekabr.- S.7.