Fəxr edirəm ki, qazi atasıyam

 

Vətən müharibəsi döyüşçüləri

 

Xalqımız müqəddəs Vətən müharibəsində qazandığımız qələbəni böyük sevinclə bayram edir. Düşünəndə ki, möhtəşəm tarixi qələbədə, Ermənistan ordusunun darmadağın edilməsində oğlum Nurlanın da payı var, ürəyim dağa dönür.

Üç oğul atasıyam. Nurlan gözümün ilk ovudur. O, uşaqlıqdan Qarabağ sevgisiylə yaşayıb. Qarabağı işğalda saxlayan, igid oğullarımızı şəhid edən erməni faşistlərindən qisas almaq ən böyük arzusuydu. Hərbi xidmətini başa vurub qayıdandan sonra heç rahatlıq tapmırdı. Elə bil ürəyinə dammışdı ki, müharibə başlayacaq, həm də bu müharibə həlledici olacaq.

Elə də oldu, müharibə başladı. İki-üç gün sonra Nurlan könüllülərə qoşulub döyüşə getdi. İmkan yarandıqca evlə əlaqə saxlayırdı. Deyirdi ki, sürətlə irəliləyirik, düşmən qarşımızdan dovşan kimi qaçır.

Nurlan Murov yüksəkliyi uğrunda döyüşlərdə yaralandı. Hospitalda müalicə alıb sağalandan sonra dostlarından aralanmayıb yenidən döyüşlərə qoşuldu. Bu dəfə Talış-Suqovuşan istiqamətindəki döyüşlərdə ağır yaralandı. Hazırda hərbi hospitalda ciddi həkim nəzarətindədir.

Bir ata olaraq iftixar hissi keçirirəm ki, oğlum vətən qarşısındakı borcunu şərəflə yerinə yetirib. Onu da minnətdarlıqla qeyd etmək istəyirəm ki, dövlətimiz şəhid ailələrinə, sağlamlığını itirib qazi adı qazananlara xüsusi qayğı və diqqət göstərir.

Mən qəhrəman oğlumla fəxr edirəm. Qoy şəhidlərimizin məkanı cənnət olsun. Allah Vətən müharibəsində yaralanan bütün övladlarımıza şəfa versin. Əsas isə odur ki, Qarabağımız işğaldan azad olunub, igid oğullarımız bizi 30 ilin xəcalətindən xilas ediblər. Yaşasın şanlı Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!

 

Xaliq MƏHƏRRƏMOV,

Tərtər rayon Evoğlu kəndinin sakini

Azərbaycan.-2020.- 9 dekabr.- S.7.