Heydər Əliyev Fondu uşaq evləri və
internat məktəblərinə Yeni il sovqatları göndərib
Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Buta sarayında uşaq evləri və internat məktəblərinin sakinləri üçün şənlik təşkil edirdi. Bu il COVID-19 pandemiyası ilə əlaqədar şənliyin təşkil olunması xüsusi karantin rejiminin qaydalarına uyğun olmadığından Fond bu kateqoriyadan olan uşaqları fərqli şəkildə təbrik edib. Uşaq evləri və internat məktəblərində tərbiyə alanları sevindirmək üçün Heydər Əliyev Fondunun nümayəndələri uşaqların qaldıqları müəssisələrə gedərək, onlara bayram sovqatları çatdırıblar.
AZƏRTAC xəbər verir ki, hər zaman Heydər Əliyev Fondunun təşkil etdiyi aksiyaları səbirsizliklə gözləyən və böyük sevinclə qarşılayan uşaqlarda bu il də bayram əhval-ruhiyyəsi yaratmaq üçün Heydər Əliyev Fondu təşkil etdiyi hədiyyələri onların zövqünə və istəklərinə uyğun hazırlayıb. Uşaqlara 2021-ci ilin rəmzi olan yumşaq oyuncaqlar, onların ən çox sevdikləri şirniyyatlar və leqo konstruktorları təqdim edilib.
Heydər
Əliyev Fondunun sovqatları Bakı ilə yanaşı, Gəncə,
Lənkəran və Şəkidəki uşaq evləri,
internat məktəbləri, xüsusi qayğıya ehtiyacı
olan uşaqların sosial-xidmət müəssisələrinə
və Uşaq Psixonevroloji Mərkəzinə
çatdırılıb.
Fondun
təşkil etdiyi bayram aksiyası iki minə yaxın
uşağı əhatə edib.
Azərbaycan.-2020.- 31 dekabr.- S.4.