Heçunudulmur, həç nə yaddan çıxmır

 

Xocalı qətliamı filmə çevrilir

 

 

Xocalıda ermənilərin azərbaycanlılara qarşı soyqırımından bəhs edən “Qarabağda son gecə” filminin çəkilişi üçün  beş il davam edən hazırlıqlar başa çatıb.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində azərbaycanlı mülki şəxslərin erməni silahlı quldur dəstələri tərəfindən amansızcasına qətlə yetirilmələri qardaş Türkiyədə özünün film həyatını yaşamağa başlayır.

Tarixi dram janrında çəkilişə hazır olan, Xocalı qırğınından bəhs edən filmin baş rejissoru tanınmış kino-rejissor Nihat Alandurdur. O deyir ki, bütün hazırlıqları son nəsil çəkiliş və texniki avadanlıqlarla tamamladıq: “XX əsrin sonunda Xocalıda ermənilər tərəfindən törədilən soyqırımı bu günə qədər insanlığa qarşı törədilmiş ən böyük qətllərdən biridir. Xocalı fəlakətinin dünyaya məlum Xatın, Liditse, Oradur, Holokost, My Lai, RuandaSrebrenitsa qırğınları kimi, tarixin yaddaşından silinməyəcək dəhşətlərdən heç bir fərqi yoxdur. Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ süni şəkildə ovalıq və dağlıq bölgələrə bölündü, Azərbaycan rəhbərliyi sonradan Qarabağın dağlıq hissələrinə köçmüş ermənilərə muxtariyyət statusu vermək məcburiyyətində qaldı. Üstəlik, bu muxtariyyət təcrübəsi tarixboyu Dağlıq Qarabağda məskunlaşmış Azərbaycan əhalisinin səsi nəzərə alınmadan və hüquqları ən kobud şəkildə pozularaq həyata keçirildi”.

Filmin ssenari müəllifi  Zeynəb Naxçıvanlı, səhnələşdirəni ikinci ssenarist  Kamran Tumay Yıldız, ikinci rejissoru Murat Vela Derman, bəstəkarı Türk dünyasının məşhur bəstəçilərindən sayılan Can Atilladır. Film üçün seçilən musiqilərin öz orjinallığı ilə diqqəti cəlb edəcəyinə  tam əminlik yaradılıb. Diqqətlə seçilən türk kinosunun bir çox ustad aktyorunun yer aldığı filmin iki aparıcı aktyorunun seçimi Azərbaycanda keçiriləcək. Kamera arxasında, təbii şərait nəzərə alınaraq film üçün iki yüzə yaxın texniki qrup çalışır. Bunun üçün Ankaranın Haymana səmtində Xocalı qəsəbəsi inşa edilir.

Filmin ssenari müəllifi Zeynəb Naxçıvanlı heç bir millətin soyqırımı və insanlığa qarşı digər cinayətlərlə qarşılaşmamasını arzu edir: “Kinonun gücü ilə qırğınlara qarşı çıxmaq istədik. Filmin ssenarisi 2010-cu ildə Mübariz İbrahimovun erməni işğalçılarına təkbaşına cavabı və göstərdiyi qəhrəmanlıqdan, ən ali məqama ucalmasından - şəhid olması barədə dildə-ağızda gəzən həyat və döyüş hekayəsindən yaranıb. Burada  əsasən Xocalı qətliamı zamanı körpə olan, valideynlərini itirən uşaqların acı taleyi, qırğın və soyqırımına aparan proseslər təsvir edilir”.

Filmdə anladılan hadisə bütün dünyanın xroniki problemlərindən biridir. Filmdə hər şey öz rəngində, yəni hadisələr kiçildilib-böyüdülmədən verilir ki, bu da əsl həqiqətin üzə çıxarılması deməkdir.

Baş rejissor fikrinə onu da əlavə edir ki, bu film bir türk olaraq bizim üçünbir revanşdır. Erməni vandalizminə qarşı birgə mübarizədir: “Ən əsası  isə filmdən əldə ediləcək gəlirin bir az da olsa öz töhfə kimi Xocalı soyqırımında həyatını itirən azərbaycanlı ailələrə bağışlanmasıdır...”

Baş rejissor çəkilişinə başlananQarabağda son gecə”nin  mədəniyyət filmləri siyahısında “Ölçülər siyahısı - həyat gözəl - pianistkimi yerini alacağını da söylədi.

 Çəkilişlər simvolik olaraq Xocalı qətliamının anım günündə (26 fevral 2021-ci il) başlayacaq  və 18 oktyabr 2021-ci ildə (Azərbaycanın Müstəqillik Günü) başa çatdırılacaq. Filmin eyni vaxtda dünyanın hər yerindəki kinoteatrlarda nümayiş olunma tarixi 26 fevral 2022-ci ilədək planlaşdırılır.

“Human Rights Watch” Xocalı qətliamını Dağlıq Qarabağın işğalından bəri ən dəhşətli qətliam kimi xarakterizə,  Azərbaycan Milli Məclisi isə 1994-cü ildə Xocalıdakı qətliamı soyqırımı elan edib. Xocalıda cəsədlər üzərində aparılan müayinələrdə bir çoxunun erməni vandalları tərəfindən yandırıldığı, gözlərinin oyulduğu, başlarının kəsildiyi görüldü. Hamilə qadınlara və uşaqlara hücum edildiyi məlum oldu ki, bütün bunlar da bəşəri cinayət deməkdir. Filmin çəkilişində əsas məqsəd baş vermiş hadisələrin bədii formada bəşəriyyətə təqdim edilməsidir.

 

 

Məhəmməd NƏRİMANOĞLU

Azərbaycan.-2020.- 31 dekabr.- S.8.