Tamaşaçılar ilə ünsiyyət sosial şəbəkə üzərindən gerçəkləşir

 

 

Sumqayıt Dövlət Dram Teatrı COVID-19 pandemiyası ilə bağlı elan olunmuş karantin rejimi dövründən tamaşaçıları ilə ünsiyyəti sosial şəbəkə üzərindən gerçəkləşdirir.

Artıq xeyli müddətdir ki, virtual repertuar planına uyğun kollektiv üzərinə düşən missiyanı yerinə yetirir. Yaradıcılıq prosesinin dayanmaması üçün rejissorlar məşqləri onlayn şəkildə aparır. Belə vəziyyətlərdə yaradıcı heyət daha çox kamera əsərlərinə, monotamaşalara üstünlük verir.

Teatrın baş rejissoru Xalq artisti Firudin Məhərrəmovun gənc yazar Ülviyyə Heydərovanın “Uşaqlıq” əsəri əsasında hazırladığı eyni adlı monotamaşanı istedadlı aktrisa İlahə Səfərova ifa edir. Tamaşa sirk artisti olan və sənətini ürəkdən  sevən qadının bətnindəki körpəsi ilə xəyali söhbəti üzərində qurulub. Gərgin psixoloji məqamların fonunda gənc qadının çırpınışları, kritik seçim qarşısında qalışı İlahə Səfərovanın mükəmməl oyun tərzi ilə maraq doğurur.

Teatrın direktoru Əməkdar artist Mübariz Həmidov sənət ocaqlarının onlayn çıxışlarının müsbət rezonans doğurduğunu söyləyir. M.Həmidov bildirir ki, müasir texnoloji vasitələrin yaratdığı geniş imkanlardan bəhrələnərək bizözümüzün virtual repertuar planını qurmuşuq. Sosial şəbəkələr üzərindən doğma tamaşaçılarımıza xidmət göstəririk. Repertuara daxil edilən monotamaşaların məşqlərinin davam etdirilməsini tapşıran rəhbərlik digər vacib məsələlərə də toxunub. Hazırda Vətən müharibəsində möhtəşəm qələbəmizə həsr edilən yeni tamaşaların məşqi aparılır. Tezliklə onlayn şəklində tamaşaçılara təqdim ediləcək belə tamaşalar öz yeni yanaşma metodu ilə əvvəlkilərdən seçiləcəkdir.

Onu da bildirək ki, teatr kollektivi karantin qaydalarına uyğun işləyir və yaradıcılıq yollarını yeni əsaslarla davam etdirirlər.

 

 Akif ƏLİYEV

Azərbaycan.-2020.- 31 dekabr.- S.9.