Şərəfli ömür yolu

 

Teymur Əhmədov – 90

 

Professor Teymur Əhmədovun böyük ömür yolu, humanitar fikrimizin müxtəlif sahələrindəki yorulmaz fəaliyyəti, çeşidli janrlarda qələmə aldığı çoxsaylı əsərləri ona ədəbi-elmi fikrə şöhrət və nüfuz qazandırmışdır. Xalqımızın bir əsrə yaxın zaman hüdudlarındakı ən mürəkkəb ictimai, sosial və ədəbi-mədəni hadisələrin şahidi, iştirakçısı, ona dəyər və təhlil verən müəllif kimi öz vətəndaşlıq mövqeyi, prinsipiallığı ilə seçilən ziyalı nəslinin yadigarlarındandır. Professor Teymur Əhmədov, ilk növbədə, tədqiqatçı alimdir, görkəmli ədəbiyyat tarixçisidir. "Ədəbi-bədii fikir tarixindən” başlıqlı əsəri XIX-XX əsrlər Azərbaycan ədəbiyyatının milliictimai xadimlərin yaradıcılıq yolunun tədqiqinə həsr edilmişdir. Ədəbiyyat tarixi sahəsində böyük xidmətləri olmuş müəllimlərinin şərəfli işlərini davam etdirən Teymur Əhmədov A.Bakıxanov, İ.Qutqaşınlı, M.Ş.Vazeh, M.F.Axundzadə, N.Nərimanov, H.Zərdabi, S.Mümtaz və digər klassiklər haqqında yeni söz demək üçün uzun illər keçmiş SSRİ-nin müxtəlif arxivlərində axtarışlar aparmış, bu klassiklərin ədəbi irsindəki və ictimai fəaliyyətindəki qiymətli məqamları üzə çıxartmışdır ki, onlar milli tərəqqiyə, milli ictimai şüurun inkişafına təkan vermişdir. Bu klassiklər içərisində T.Əhmədovu bütün yaradıcılığı boyu düşündürən və məşğul edən Nəriman Nərimanovdur. Nəriman Nərimanov irsinin toplanması, nəşri və tədqiqinə görə xalqımız Teymur Əhmədova minnətdardır.

Azərbaycan xalqının tarixi taleyində müstəsna xidmətləri olan böyük-ictimai siyasi xadim, görkəmli ədib Nəriman Nərimanov fenomeninə XX əsrin hər tarixi mərhələsində münasibət fərqli olmuşdur. Bunun başlıca səbəbi siyasi konyunktura ilə yanaşı, N.Nərimanov fenomenini müəyyən edən tarixi-siyasi gedişatın mahiyyətini və Nərimanovun bu fonda böyük ədəbi-siyasi şəxsiyyət kimi təkamül prosesini əks etdirən fakt və sənədlərin bütövlükdə ortada olmaması, ona verilən təhlillərin elmi vüsət və vətəndaşlıq kəsərinin zəifliyində idi.

Professor Teymur Əhmədov XX əsr Şərqinin böyük ədəbi-ictimai siması olan N.Nərimanova abidə qoymuşdur. Bu abidənin möhtəşəmliyi ona sərf edilən yarım əsirlik vətəndaş-alim ömrünün məzmununu ifadə edir. Teymur Əhmədov humanitar elmin müxtəlif sahələrini özündə ehtiva edən "Nərimanovşünaslığın” banisidir. Çoxsaylı kitabları, tərtibləri, məqalələri ilə bunu elmi reallığa çevirmişdir. Onun əsərlərində N.Nərimanov fenomeni bütün tərəfləri ilə XIX əsrin sonu - XX əsrin əvvəlləri Azərbaycan, Qafqaz, Rusiya hüdudlarında baş verən siyasi, ictimai və ədəbi-mədəni tarixi gedişat zəminində öyrənilir. Moskva, Tiflis, Sankt-Peterburq, Bakı, Həştərxan kimi arxivlərdə çalışdığı uzun zaman müddətində N.Nərimanovla bağlı çoxsaylı sənədləri üzə çıxaran Teymur Əhmədov, eyni zamanda ədəbi-tarixi prosesin də mahiyyəti, məzmunu haqqında dolğun təsəvvür yaradır. Başqa sözlə, bu dövrün ədəbiyyat tarixi, mətbuatın milli-ictimai məzmunu haqqında sistemli elmi kontekst formalaşdırılıb.

Professor Teymur Əhmədovun bu əsərini "N.Nərimanov” ensiklopediyası da adlandırmaq mümkündür. Bu başlıqda nəşrin ortaya çıxacağına şübhə etmədən cəsarətlə demək olar ki, bu səpgidə yaranacaq əsərin də bütün parametrlərini burada tapırıq. Nəriman Nərimanovun dövrü, mühiti, ictimai-siyasi görüşləri, ədəbi-mədəni sahədəki böyük fəaliyyəti, onun tədqiq tarixi, dünyagörüşünün formalaşması və təkamülü kimi amillər ilk dəfədir ki, eyni müəllif, tarixilik prinsiplərinə əsaslanan konsepsiya və yüksək vətəndaşlıq mövqeyindən təqdim olunur.

Nəriman Nərimanovun yaradıcılıq yolu XIX əsrin sonu - XX əsrin ilk onillikləri kimi çoxşaxəli gerçəkliyin fonunda keçmişdir. Yalnız vətəndaş tədqiqatçı inadkarlığı ilə bu dövrün mətbuat tarixini, onun görkəmli təmsilçilərindən olan N.Nərimanovun tarixi xidmətlərinin vüsətini, xalqın tərəqqisində rolunu üzə çıxartmaq mümkündür. Müəllif bu missiyanı bu gündavam etdirir.

 

Teymur Əhmədovun bu əsərində ədəbiyyatşünas, tarixçi, teatrşünas və mübaliğəsiz demək olar ki, ictimai-siyasi gedişatı, dövlətçilik, milli müəyyənlik məsələlərini obyektiv dəyərləndirən fəlsəfi düşüncə, fəlsəfi mühakimə və ümumiləşdirmə qüdrətinə malik tədqiqatçı "məni” özünü büruzə verir.

Əsərin ədəbi-elmi ictimaiyyət üçün mühüm dəyərlərindən biri N.Nərimanovun ədəbi-siyasi, ictimai portretini yaratmaqda əsas təhlil üsulu kimi bədii yaradıcılığının estetik tutumu ilə ictimai görüşlərinin paralel, müqayisəli təhlil olunmasıdır. Müəllifin bu barədə vaxtı ilə Y.Qarayevin aşağıdakı mülahizələrinə tərəfdar olması Teymur müəllimin bir tədqiqatçı kimi yüksək elmi əxlaqının təsdiqidir. "Tarixi Nadirin ideya və islahatları əsərdə yeni bir məna və vüsət almış, dövlət və cəmiyyət haqqında N.Nərimanovun öz manifestini elan edən vasitəyə çevrilmişdir” (Y.Qarayev).

Kitabın böyük bir fəsli N.Nərimanovun teatr mədəniyyətinin inkişafında xidmətlərinin tədqiqinə həsr edilmişdir. Vaxtı ilə akademik M.İbrahimov yazırdı: "... Nərimanov birinci dəfə olaraq böyük rus yazıçısı Qoqolun "Müfəttiş” komediyasını azərbaycancaya tərcümə etmişQorodniçi rolunu özü oynamışdır”. Kitabda N.Nərimanovun elm aləminə məlum olmayan, müxtəlif qəzetlərdə dərc olunmuş məqalələri, həmçinin müxtəlif nəşrlərdə əksini tapmış informasiyalar əsasında onu bir teatr xadimi kimi tanıda bilir və tədqiqatçının özününteatr tarixi haqqında zəngin məlumat sahibi olduğunu sübut edir. Kitabın "Nəriman Nərimanov və teatr mədəniyyəti” fəsli teatr tarixinin tədqiqi məqamında bir neçə baxımdan əhəmiyyətlidir. Əvvəla teatr mədəniyyətinin müəyyən zaman kəsiyində təkamül prosesi dramaturgiya, mətbuat və teatr hadisələrinin kontekstində tədqiq olunur. Müəllif bu zaman teatr mədəniyyətini irəli aparan yaradıcılıq prinsiplərini, həyat və teatr sənəti arasındakı "ünsiyyətin” tarixi mahiyyətini obyektiv müəyyənləşdirir. Bu bölmədə müəllifin öz sələfləri olan həmkarının fəaliyyətinə yüksək dəyər verirsübut edir ki, ədəbiyyat, mətbuat tarixi ilə yanaşı, teatrşünaslığın da nüfuzlu nümayəndələrinin yaradıcılığına dərindən bələddir və bu sahədə yeni söz demək iqtidarındadır.

T.Əhmədovun tədqiqatçılıq təcrübəsi bu gün sanballı örnəkdir. Onun N.Nərimanovun yaradıcılığı ilə bağlı Azərbaycanda bolşeviklərin hakimiyyətə gəlməsinə qədər və sonrakı dövrdə elmi təhlilə cəlb edilən faktların əksəriyyəti məhz Teymur Əhmədova məxsusdur və XX əsr ədəbiyyat tarixinin öyrənilməsində müstəsna əhəmiyyətə malikdir. Təkcə onu demək kifayətdir ki, 1929-1935-ci illərdə, sovet dövrünün plüralizmə imkan verdiyi bir müddətdə nəşr edilmiş "Literaturnaya ensiklopediyakimi tarixi əhəmiyyətini itirməmiş bir nəsrdə N.Nərimanov haqqında yazılar ümumən Azərbaycan ədəbi-mədəni sərvətləri haqqında mülahizələr təsəvvürü yaradır.

Dövrünün nüfuzlu alimləri tərəfindən bu möhtəşəm elmi nəşrdə N.Nərimanov irsi fonunda ədəbi-ictimai fikir tariximizə ötən əsrin 20-ci illərinin münasibəti dəyərləndirilir. H.Zeynallıdan sonra bu nəşrə bir mənbə kimi ciddi elmi münasibəti T.Əhmədovun göstərilən tədqiqatında görürük.

N.Nərimanovun ədəbi-nəzəri görüşləri bu kitabda ilk sistemli təhlilini tapır və ədəbi-fikir tariximizin yaradılması baxımından müəyyən boşluğu doldurur. Müəllif haqlı olaraq göstərir ki, "N.Nərimanovun tənqidi görüşləri ictimai fəaliyyəti ilə üzvi bağlı olmuşdur”. T.Əhmədov N.Nərimanovun ədəbiyyat və sənət haqqında mülahizələrini ədibin bədii və siyasi dünyagörüşü ilə vəhdətdə təhlil edir. Onun estetik görüşlərinin mərkəzində maarifçilik, həm də, milli-mənəvi müəyyənliyin daşıyıcısı kimi dəyərləndirilir. Müəllif haqlı olaraq belə nəticəyə gəlir ki, N.Nərimanov sənətin ali missiyasını milli-mənəvi tərəqqiyə xidmətdə görürdü. N.Nərimanovun rusdünya ədəbiyyatının görkəmli əsərlərinə bələdliyi, bu əsərlərdə təlqin olunan böyük humanist ideyaların onun ədəbi görüşlərinə təsiri də monoqrafiyada kifayət qədər dolğun elmi şərhini tapıb.

Azərbaycan Respublikasında obyektiv elmi mühitin, bu sahədə demokratik meyarların bərqərar olduğu bir zamanda görkəmli ədəbi, ictimai-siyasi şəxsiyyətlər haqqında tarixilik prinsipinə əsaslanmayan subyektiv mülahizələrə ən yaxşı cavab fundamental əsərlərin ortada olmasıdır. Bu baxımdan monoqrafiya haqqında akademik K.Talıbzadənin aşağıdakı fikirləri müasir ədəbiyyatşünaslıq elmimiz üçün də dəyərli tövsiyədir: "T.Əhmədovun N.Nərimanov haqqındakı bu qiymətli əsəri elmi fikrimiz üçün belə bir həqiqəti aşkara çıxarır ki, Azərbaycan ədəbiyyatşünaslığının hələ ayrı-ayrı klassiklərə həsr olunmuş monoqrafik tədqiqatlara ciddi ehtiyac var. Qoy xalq həyatından, milli mədəniyyətimizn ruhundan, arxivimizdən, təzkirələrimizdən, mətbuat tariximizdən xəbərsiz ədəbiyyatçılar bilsinlər ki, hər hansı sənətkarın bioqrafiyasından, arxivlərdə unudulmaqda olan faktlardan kənarda bir çox nəzəri problemləri lazımi səviyyədə, dürüstlüklə həll etmək çox çətindir. T.Əhmədovun yeni tədqiqatı bu cəhətdən də diqqəti cəlb edir”.

Professor Teymur Əhmədovun göstərilən əsəri N.Nərimanovun şəxsiyyəti və yaradıcılığı, görkəmli dövlət xadimi kimi fəaliyyəti ilə yanaşı, böyük tarixi bir dövrün gedişatı haqqında mükəmməl elmi təsəvvür yaradır. Teymur müəllim böyük ziyalılar nəslinin yetişdirməsi və davamçısıdır. O, F.Qasımzadə, S.Vurğun, M.Cəlal, M.İbrahimov, M.Arif kimi şəxsiyyətlərin yaratdığı elmi əxlaq dərslərini yeni nəsillərə ötürən, həyat haqqında, insani münasibətlər barədə öz qənaətləri olan orijinal alimdir. Öz müəllimlərinə, öz ustadına olan ehtiramını onun ən ciddi elmi tribunalardakı yarım əsrdən bəri şahidi olduğum çıxışlarında görmüşəm. Xüsusən elmi rəhbəri olmuş xalq yazıçısı, akademik M.İbrahimov, professor M.Cəlal haqqında tədqiqat və nəşrləri ibrətamiz örnəklərdir. Bura Səməd Vurğun, Abdulla Şaiq haqqında kitabları da əlavə etsək, onun tədqiqatlarının elmi-praktik əhəmiyyəti haqqında təsəvvür genişlənər. Teymur müəllimin digər sahələrdəki fəaliyyətinin ədəbi-mədəni fikir tariximizdəki yerini, çəkisini azaltmadan, onun Mirzə İbrahimov sənətinə və şəxsiyyətinə sabit, dəyişməz ehtiramsevgisini Mirzə müəllim haqqında nəşr etdirdiyimiz xatirələr kitabının hazırlanması prosesindəki əməkdaşlığımız zamanı görmüş, bu məqamda ustad, müəllim yolunu əziz tutmağın nəcib, ibrətamiz, əyani nümunəsindən çox öyrənmişəm.

Mirzə İbrahimovun adı ilə bağlı məktəb böyük milli idealların, kişilik, ustadlıq, sənət-elm amallarının qovuşduğu mənəvi məkandır. Onun görkəmli tələbəsi, yorulmaq bilmədən milli-mədəni tərəqqi yolunda həsəd doğuran gənclik ehtirası ilə çalışan professor Teymur Əhmədovun "Akademik Mirzə İbrahimov” əsəri təkcə bu böyük şəxsiyyətin yaradıcılığı ilə məhdudlaşmır, XX əsr Azərbaycan ədəbi-nəzəri fikrinin əsas inkişaf yönümləri, bu sahədəki dövlətçilik meyarları, hakim siyasi rejimlə ədəbi-mədəni həyatın kəsişən və ayrılan yolları haqqında zəngin faktik materiala təsəvvür yaradır.

Mirzə İbrahimovun mürəkkəb, xalqın taleyi ilə bağlı ziddiyyətli, ağrılı-acılı zaman hüdudlarındakı çoxşaxəli fəaliyyətində sənətin nəzəri məsələləri, milli ədəbi irs, dünya ədəbiyyatı, müasir ədəbi prosesin problemləri xüsusi yer tutur. Geniş oxucu kütləsinə təqdim olunan bu monoqrafiyaya zəngin arxiv materialları, elmi-nəzəri araşdırmalar, xatirələr, ümumən XX əsrin böyük bir dövrünün ədəbi-ictimai gedişatının kontekstində Mirzə İbrahimovun böyük yazıçı olduğu kimi, daşıdığı akademik adına hörmət və ehtiram gətirən bir tədqiqatçı alim, nəzəriyyəçi ədəbiyyatşünas və tənqidçi olduğunu da təsdiq edir.

Teymur Əhmədovun bu monoqrafiyasının böyük bir üstünlüyü həm də ondadır ki, Mirzə İbrahimovun ədəbi-nəzəri irsi dövrün humanitar fikir tarixi, həm də dövlətçilik tarixi ilə paraleldə, bu zəmində tədqiq olunur. Belə tədqiqat üsulu predmetin özündən irəli gəlir və Mirzə İbrahimovun ədəbiyyatşünaslıq əsərlərinin bu kontekstdən kənarda tədqiqi onun milli vətəndaşlıq tutumunu, elmi ideyalarının xalqın milli tərəqqisindəki rolunu ortaya qoya bilməzdi. Akademikliyin elmi-mənəvi və dövlət-xalq naminə statusu monoqrafiyanın bütün fəsillərini, həmçinin bədii-publisistik materialların məqsədini, konseptual mahiyyətini ehtiva edir. Humanitar fikir tarixinə paralel öyrənilən Mirzə İbrahimovun buna mənəvi haqqı var idi və müasirlərinin çoxundan öndə gedirdi.

Monoqrafiyanın ilk fəslində müəllif haqlı olaraq M.İbrahimovun ədəbi-elmi və ictimai-siyasi fəaliyyətinə nəzər yetirir, respublikadaonun hüdudlarından kənarda M.İbrahimova xalqının ədəbiyyatı, dili, mədəniyyəti, tarixi haqqında akademik statusunda söz demək səlahiyyətini konkret əsərlərin təhlili, humanitar fikrə istiqamət verməyin elmi-təşkilati nümunəsini arxiv sənədləri, tarixi faktların məntiqi ilə göstərir. Məlumdur ki, Azərbaycan ədəbiyyatında realizm, Şərq Renessansının yaradıcılıq metodu haqqında mübahisələrdə M.İbrahimov digər görkəmli tədqiqatçılarla yekdil deyildi. Bunun milli ədəbi fikir tarixi ilə bağlı tərəflərinə yenidən qayıdan monoqrafiya müəllifi - Teymur Əhmədov haqlı olaraq belə bir mövqedə dayanır ki, M.İbrahimov ədəbiyyatın bütün tarixi inkişaf mərhələlərində xalq təfəkkürünün, xalqın real həyat tərzinin bədii reallığına üstünlük verirdi.

M.İbrahimovun ədəbi-nəzəri irsi, bu səpgili əsərlərində əksini tapmış konsepsiyaları realizə etməkdə elmi-təşkilati fəaliyyəti T.Əhmədovun monoqrafiyasında bir-birini tamamlayan (mən deyərdim ki, eyni çəkidə, eyni əhəmiyyətdə olan) vəhdətdə öyrənilir.

M.İbrahimovun Cənubi Azərbaycan ədəbiyyatının tədqiqi və təbliği sahəsindəki fəaliyyətinə nəzər yetirdikdə bu böyük şəxsiyyətin gördüyü işin vətəndaşlıq tutumunun mənası, tariximüasir əhəmiyyəti bir daha göz önünə gəlir. Mübaliğəsiz demək olar ki, M.İbrahimov Cənubla bağlı böyük bir institutun işini görübonun yaratdığı şöbə bu günonun missiyasını davam etdirir. Teymur Əhmədov M.İbrahimovun yaradıcılığında Cənubi Azərbaycan ədəbiyyatı probleminə onun bədii yaradıcılığından başlayır, bu mövzunun ədəbiyyatımızın böyük bir qoluna çevrilməsində onun hekayə, povest və romanlarını, bədii publisist yazılarını, Cənublu ziyalılarla yazışmalarını dövriyəyə gətirir, Cənub ədəbiyyatının sistemli tədqiqinə ədəbi-bədii başlanğıc hesab edir. Başqa sözlə, ədib M.İbrahimovun alim, elmi təşkilatçısının məntiqi olduğunu, birinin digərini tamamladığını böyük təcrübəyə malik təqiqatçı kimi uzlaşdırır. M.İbrahimovla uzun illər bu sahədə çiyin-çiyinə işləmiş müəllifin Cənub şöbəsinin nəşrlərinə, xüsusən dördcildlik "Cənubi Azərbaycan ədəbiyyatı antologiyası”nın hazırlanmasında böyük enerji, təcrübə tələb edən yaradıcılıq prosesinə, bu məqamda Mbrahimovun müdrik alimlik və təşkilatçılıq istedadına verdiyi dəyər yerindədir və onun yaratdığı bu elmi məktəbin mənasını bir daha bütün tərəfləri ilə üzə çıxardır. İkicildlik "Cənubi Azərbaycan ədəbiyyatı tarixibu antologiyaların zəminində yazılmış sanballı "tarixdir və bu istiqamətdə aparılacaq çoxcildliklərin elmi-metodoloji əsasını qoyur. Teymur Əhmədovun da müəllifi və redaktoru olduğu bu dəyərli əsər haqqında görkəmli elmsöz adamlarının, ictimai xadimlərin mülahizələri monoqrafiyada yerinə düşürM.İbrahimovun akademik-elmi təşkilatçısı kimi əvəzsiz xidmətlərinin mühüm sahəsinə işıq salır.

Professor Teymur Əhmədov bu günöz ustadı Mirzə İbrahimovun əsasını qoyduğu böyük vətəndaşlıq işini qeyrətlə davam etdirir. "Cənubi Azərbaycan ədəbiyyatı tarixi” əsərinin nəşri onun böyük xidmətidir. Teymur müəllimin Ə.Qaracadaği, M.Talıbov, M.Ə.Möcüz, M.Şəhriyar, H.Sahir haqqında portret oçerkləri, digər icmal məqalələri onun elmi maraq dairəsinin genişliyinin təzahürüdür.

Professor Teymur Əhmədovun beşcildlik "Seçilmiş əsərləri” onun yaradıclığında tarixçilik, publisistika, ədəbi-nəzəri təhlilin bir-birini tamamladığını göstərir. Beşcildliyin bir cildinə onun publisist yazıları daxil edilmişdir. Bu yazılarda xalqımızın tarixi taleyinin ən vacib məqamları böyük həyat təcrübəsi, bədnam qonşularımızın xalqımıza qarşı düşmənçilik siyasətinin ağrılarını öz nəsil-nəcabətinin timsalında görən bir şəxsiyyətin qənaətləri zəminində təhlil edilir. Uşaqlıq və gənclik illərindən üzü bəri apardığı müşahidələr və əldə etdiyi tarixi faktlar əsasında yeni nəsillərə zəngin bilgi verir. Bu milli qeyrət, milli namus və vətəndaşlıq bilgisidir.

Görkəmli ədəbiyyatşünas alim, professor Teymur Əhmədov, eyni zamanda dəyərli elm təşkilatçısı və jurnalistdir. Uzun illərdir "Respublika” qəzetinin baş redaktoru kimi müstəqil dövlətçilik institutlarının formalaşması prosesinə yardımçı olan yüzlərlə dəyərli yazının müəllifi və təşkilatçısıdır. Xalqımızın tərəqqisi yolunda onun xidmətləri dövlətimiz və ədəbi-elmi ictimaiyyətimiz tərəfindən yüksək qiymətləndirilmişdir.

Şərəfli işində gənclik enerjisi ilə yaşayıb- yaradan professor Teymur Əhmədova uğurlar diləyi ilə.

 

Şirindil ALIŞANOV,

filologiya elmləri doktoru, professor

Azərbaycan.-2020.- 22 dekabr.- S.5.