Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

 

Məzahir Pənahovun sədrliyi ilə fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 23 yanvar 2020-ci ildə keçirilmiş iclasının protokolu təsdiq olunub.

Sonra 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səlahiyyətli nümayəndəsinin səlahiyyətinə xitam verilməsi ilə bağlı Müasir Müsavat Partiyasının müraciətinə baxılıb və sözügedən partiyanın müraciəti təmin olunaraq səlahiyyətli nümayəndənin qeydiyyatı ləğv olunub, ona verilən lövhəcik etibarsız hesab edilib.

Daha sonra qarşıdan gələn 9 fevral Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat qaydalarının pozulması iddiası ilə MSK-ya daxil olmuş müraciətlərə baxılıb. Maraqlı subyektlərin də iştirakı ilə Komissiya üzvləri tərəfindən aparılan geniş müzakirələr nəticəsində müraciətlər təmin edilib və seçkiqabağı təşviqatın aparılmasına dair qanunvericiliyin tələblərini pozan seçki subyektlərinə xəbərdarlıq olunub.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda, həmçinin cari məsələlərə baxılıb.

 

Azərbaycan.- 2020.- 1 fevral.- S.5.