Tarixin ən güclü Azərbaycanını yaradan siyasət

 

İlham Əliyev: "Əsas məqsəd dövlətimizin möhkəmlənməsi, xalqımızın daha yaxşı yaşaması, sabitliyin təmin edilməsidir”

 

2019-cu il ölkəmiz üçün iqtisadi sahədə müsbət göstəricilərlə yadda qaldı. 2016-cı ildən başlanan yeni iqtisadi islahatların nəticələri özünü ötən il daha geniş miqyasda göstərdi. Prezident İlham Əliyev tərəfindən irəli sürülən təşəbbüslər, qeyri-neft sektorunun inkişafını sürətləndirən islahatlar iqtisadiyyatda nailiyyətlərin əldə olunmasını, makroiqtisadi sabitliyin möhkəmləndirilməsini və tarazlı iqtisadi inkişafı təmin etdi.

 

16 ilin hesabatı

 

Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinə həsr olunan konfransda bu barədə geniş bəhs edildi. Amma öncə onu qeyd edək ki, konfrans dördüncü dövlət proqramının birinci ilinin yekunları ilə bağlı olsa da, əslində, son 16 ilin sosial-iqtisadi inkişafının hesabatı verildi. Qeyd edək ki, əvvəlki üç proqram Azərbaycanın yalnız bölgələrinin deyil, bütünlüklə ölkənin sosial-iqtisadi inkişafının lokomotivi olaraq real nəticələrlə başa çatıb. Həmin sənədlərdə nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi nəticəsində ölkədə qeyri-neft sektorunun davamlı inkişafı, yeni müəssisələrin və yerlərinin yaradılması, regionlarda, eləcə də ölkə paytaxtında kommunal xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəldilməsi, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, əhalinin məşğulluq səviyyəsinin artırılması, yoxsulluğun azaldılması sahəsində əhəmiyyətli nailiyyətlər əldə olunub.

Bu gün zaman göstərir ki, İlham Əliyev 2004-cü ildən başlayaraq dövlət proqramlarını təsdiq etməklə çox böyük uzaqgörənlik edib. Çünki onların nəticəsində Azərbaycanın imkanlarından səmərəli istifadə olunub, bütün iqtisadi potensial hərəkətə gətirilib ki, bunun da uğurlu nəticələri göz önündədir. Ümumi daxili məhsulun dəfələrlə artımı, qeyri-neft sektorunda, o cümlədən qeyri-neft sənayesində qürurdoğuran yüksəliş baş verib, Azərbaycan əlverişli biznes mühitinə görə dünyanın ən qabaqcıl dövlətinə çevrilib.

Onu da qeyd edək ki Prezidentin bölgələrə mütəmadi səfərləri və bu səfərlərin nəticəsi olaraq imzaladığı sərəncamlar dövlət proqramlarının icrasını sürətləndirməklə, regionların tarazlı inkişafının təmin edilməsi, infrastruktur təminatının yaxşılaşdırılması, yeni yerlərinin yaradılması və əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi sahəsində görülən işlərə təkan verib.

 

Milli yüksəliş salnaməsinin uğur nümunələri

 

Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi rəqəmlər və faktlar tarixin ən güclü Azərbaycanının aydın mənzərəsini yaradır. Beləliklə, 16 ildə Azərbaycanda baş verən iqtisadi dəyişikliklərə nəzərə salaq. Bu dövrdə ölkə iqtisadiyyatı 3,4 dəfə artıb ki, bu da dünyada rekord göstəricidir. O cümlədən:

- sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 2 dəfə artıb;

- valyuta ehtiyatlarımız 27 dəfə artaraq 52 milyard dollara çatıb;

- Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri istifadəyə verilib;

- Bakı-Tbilisi-Qars dəmir yolu tikilib;

- "Cənub qaz dəhliziçəkilib;

- Xəzərdə ən böyük liman olan Ələt Beynəlxalq Dəniz Limanı salınıb;

- 6-sı beynəlxalq olmaqla, 7 aeroport tikilib;

- Oğuz-Qəbələ-Bakı su kəməri çəkilib;

- orbitə 3 peyk çıxarılıb;

- 33 elektrik stansiyası tikilib, 3 min meqavat yeni generasiya gücü yaradılıb;

- qazlaşdırmanın səviyyəsi 51 faizdən 96 faizə çatıb;

- 16 min 700 kilometr avtomobil yolu tikilib;

- yoxsulluq 50 faizdən 4,8 faizə düşüb;

- Taxtakörpü Şəmkirçay su anbarları tikilib;

- 1500-dən çox artezian quyusu qazılıb;

- orta əməkhaqqı 11 dəfə, pensiyalar 8 dəfə artıb;

- 300 mindən çox məcburi köçkünə, 6700 şəhid ailəsinə evlər, mənzillər verilib.

Beləliklə, dördüncü dövlət proqramının birinci ili daxil olmaqla əldə olunan uğurlar, həyata keçirilən əzəmətli layihələr Azərbaycan dövlətinin xalqının çox qısa dövr ərzində nail olduğu misilsiz, möhtəşəm tarixi nailiyyətlər, milli yüksəliş salnaməsinin nümunələridir. "Bu layihələrin aparıcı qüvvəsi, təşəbbüskarı, təşkilatçısı, əsas maliyyə yükünü öz üzərinə götürən ölkə bizik - Azərbaycandır bunu etmişik. Bu layihələrin hər biri tarixi əhəmiyyət daşıyır. Bu layihələrin, ümumiyyətlə, görülən işlərin hamısı Azərbaycan xalqı qarşısında böyük xidmətlərdir. Çıxışımın əvvəlində dediyim kimi, uğurlu inkişafımızı, sabitliyi şərtləndirən, cəmiyyətdə xoş əhvali-ruhiyyəni formalaşdıran bizim siyasətimiz addımlarımızdır. Nəyi demişiksə, onu da etmişik. Bir dənə icra edilməmiş vəd yoxdur. Heç kim bunu tapa bilməz. 2003-cü ildə ondan sonrakı illərdə nəyi demişəmsə, onu da etmişəm. Ona görə bizim sözümüzə , işimizə xalq tərəfindən böyük inam var. Mən həmişə demişəm ki, bizim sözümüzün qüvvəti imzamız qədər olmalıdır bu gün bu, belədir” - konfransda İlham Əliyev bu barədə danışarkən bildirib.

 

Növbəti hədəflərə çatmaq üçün etibarlı bünövrə

 

Azərbaycan üçün xarakterik olan beynəlxalq uğurlardan biri qlobal kataklizmlərin daha da dərinləşdiyi həssas dönəmlərdə belə öz yolu ilə inamla addımlamasıdır. Bunun da əsas səbəblərindən biri dövlət proqramlarının icrası nəticəsində yaradılmış iqtisadi potensialdır. Beynəlxalq iqtisadi geriləmənin yaşandığı sınaq dövrü olan illərdə Azərbaycan böhrandan layiqincə çıxıb həyata keçirilən iqtisadi islahatlarla öz inkişafının yeni mərhələsinə qədəm qoyub.

Bu siyasət 2019-cu ildə respublikamızda iqtisadiyyatın bütün sahələrində müsbət nəticələrin qazanılmasını təmin etdi. Ona görə dövlət proqramının ilk ili kifayət qədər mühüm göstəricilərlə zəngindir. Dövlət başçısının qeyd etdiyi kimi, proqram artıqlaması ilə icra edilib, nəzərdə tutulmuş məsələlər həll olunub. Belə ki, ötən il Azərbaycanda iqtisadiyyat 2,2 faiz, qeyri-neft sektoru 3,5 faiz, qeyri-neft sənayesi 14 faizdən çox artıb. Ötən il 98 min yeni yerinin yaradılması da qeyri-neft sənayesində baş verən artımın məntiqi nəticəsidir. Bu da onu göstərir ki, ölkədə həyata keçirilən yeni iqtisadi islahatlar öz bəhrəsini verir. Misal üçün, bir neçə il əvvəl yaradılan sənaye zonalarında artıq ötən il istehsalın ümumi həcmində 2,6 dəfə artım qeydə alınıb.

Ötən il inflyasiyanın cəmi 2,5 faiz təşkil etməsi iqtisadiyyatda gedən pozitiv proseslərin nəticəsidir. Əhalinin gəlirlərində isə 7,4 faizlik artım var ki, bu da inflyasiyanın 3 dəfəyə qədər üstələnməsi deməkdir. Təbii ki, sosial məsələlər baxımından son bir ilin ən böyük hadisəsi 2019-cu ilin əvvəllərindən başlanan islahatlardır. Bunun da nəticəsində 4,2 milyon insanın sosial maddi vəziyyəti yaxşılaşdırıldı. Minimum əməkhaqqı təxminən 2 dəfə, minimum pensiya 70 faizdən çox artdı. Sosial infrastruktur sahəsində vəziyyət ürəkaçandır. Belə ki, ötən il 84 məktəb, 60 tibb müəssisəsi tikilib təmir edilib.

Digər infrastruktur sahələrinə gəldikdə 2019-cu ildə ölkədə əlavə 800 meqavat elektrik enerjisi əldə olunub, 1300 kilometr avtomobil yolu salınıb, 80 min hektar torpağa su verilməsi təmin edilib, 300-dən çox subartezian quyusu qazılıb. Ötən ilin yaddaqalan mühüm iqtisadi hadisələrindən biri valyuta ehtiyatlarımızın 6,4 milyard dollar artmasıdır.

Bu gün dünyanın siyasi-iqtisadi reallıqları kifayət qədər təzadlı, neqativ hadisələrlə doludur. O cümlədən Azərbaycana yaxın coğrafiyalarda da hərbi-siyasi proseslər baş verməkdədir. Amma mürəkkəb qlobal proseslər fonunda Azərbaycan iqtisadiyyatında inkişaf makroiqtisadi sabitlik davam edib. Qeyri-neft sektorunun iqtisadi artımın əsas mənbələrindən birinə çevrilməsi istiqamətində keçirilən islahatlar yeni nəticələr verib, investisiya fəallığı yüksək səviyyədə qalıb. Bu baxımdan əvvəlki illərdə olduğu kimi, ötən il respublikamızda sosial-iqtisadi inkişafın davamlı olması, əhalinin rifah halının daha da yaxşılaşdırılması, ölkənin beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə yüksəldilməsi, milli dövlətçilik maraqlarının təmin olunması baxımından mühüm mərhələ oldu.

Əldə olunan hər bir müsbət nəticə isə dördüncü dövlət proqramında qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsindən xəbər verir. Qazanılan hər bir uğur isə növbəti hədəflərə çatmaq üçün etibarlı bünövrədir.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2020.- 5 fevral.- S.1-2.