Tələbələrin “Qış məktəbi”

 

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Qəbələ rayonunda "Din, mədəniyyət və cəmiyyət-2” mövzusunda təşkil etdiyi "Qış məktəbi” öz işinə başlayıb. İnstitutun kollektivi əvvəlcə şəhərin mərkəzində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək, dahi rəhbərin xatirəsini ehtiramla yad edib.

"Qış məktəbi”nin açılış mərasimində çıxış edən Aİİ-nin rektoru vəzifəsini müvəqqəti icra edən Aqil Şirinov tələbələrə uğurlar arzulayıb. Təşkil edilən proqramın tələbələr üçün böyük şans olduğunu nəzərə çatdıran A.Şirinov onlara bu imkandan maksimum yararlanmağı tövsiyə edib. O, "Qış məktəbi”nin əhəmiyyətindən bəhs edərək, burada yaşayan udilərlə yaxından ünsiyyətin, eyni zamanda, bu tarixi məkanda mövcud olan qədim abidələrimizlə tanışlığın xüsusi səciyyə daşıdığını nəzərə çatdırıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov ölkəmizdə mövcud multikultural mühit barədə söhbət açıb. İnstitutun Qəbələdə təşkil etdiyi "Qış məktəbi”nin tələbələrin mövcud tolerantmultikultural mühitlə yaxından tanışlığı baxımından böyük əhəmiyyətə malik olduğunu qeyd edib. G.İsmayılov gənclərə bu imkanlardan maksimum yararlanmağı tövsiyə edib.

Alban-Udi Xristian İcmasının sədri Robert Mobili tələbələri Qəbələnin Nic kəndində görməkdən məmnunluğunu ifadə edib. O, qədim xalqlardan biri olan udinlər üçün multikultural ölkəmizdə yaradılan hərtərəfli şəraitdən bəhs edib. R.Mobili bildirib ki, Azərbaycan İlahiyyat İnstitutu istər islam dini, istərsə də digər dünya dinlərini dərindən bilən, dövlətçiliyimizin keşiyində duran yüksək ixtisaslı dinşünasislamşünas kadrlar hazırlayaraq təkcə ölkəmizdə deyil, bütün dünyada tanınan ali təhsil müəssisələrindən birinə çevriləcək.

DQİDK-nin Şəki bölgəsi üzrə şöbə müdiri vəzifəsini icra edən Taleh Abdullayev bildirib ki, təşkil edilən "Qış məktəbi” ekskursiya və seminarların tələbələrin biliklərinin artırılmasında, dünyagörüşlərinin zənginləşdirilməsində xüsusi əhəmiyyətə malikdir.

"Qış məktəbi”nin birinci günü seminar və ziyarətlərlə davam edib.

Seminarda "Dövlət, cəmiyyət və dinmövzusunda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, Azərbaycan xalqının əsrlər boyu mövcud olan tolerantlıq və multikulturalizm ənənəsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Sədr müavininin sözlərinə görə, Prezident İlham Əliyev hər zaman Azərbaycançılıq ideologiyasının inkişafını və milli-mənəvi dəyərlərin qorunmasını diqqət mərkəzində saxlayır.

Sədr müavini çıxışı zamanı millidini dəyərlərimizin mahiyyətindən bəhs edib, bu dəyərlərin qorunmasının vacibliyinə toxunub. O vurğulayıb ki, yad dini ideologiyaların yayılması cəhdlərinin qarşısının alınması gənclər arasında milli-mənəvi, xüsusilə dini dəyərlərin təbliğinin doğru aparılmasından asılıdır.

Daha sonra tələbələr Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuş vətəndaşların xatirəsini əbədiləşdirmək məqsədilə Qəbələ şəhərində əsaslı təmir işləri aparılmış və yenidən qurulmuş Şəhidlər xiyabanını ziyarət ediblər.

Qəbələ Rayon Heydər Əliyev Mərkəzini ziyarət zamanı tələbələrə geniş məlumat verilib.

Mərkəzdə Bacarıqlı əllər dərnəyi, kompüter kursları, musiqi dərnəyi, rəsm studiyası və elektron kitabxananın fəaliyyət göstərildiyi diqqətə çatdırılıb.

Qeyd edək ki, fevralın 7-nə qədər davam edəcək "Qış məktəbi”nin təşkilinin əsas məqsədi tələbələrin dünyagörüşünün zənginləşdirilməsi, onların ölkəmizdə mövcud multikultural, tolerant mühitin canlı şahidi olmalarıdır.

 

Xəyalə MURADLI

 

Azərbaycan.- 2020.- 5 fevral.- S.7.