Türk Şurasının nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasının sədri ilə görüşüb

 

Fevralın 4-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 2020-ci il fevralın 9-da keçiriləcək Azərbaycan Respublikasının Milli Məclisinə seçkiləri müşahidə etmək məqsədi ilə ölkəmizdə səfərdə olan Türk Şurasının nümayəndə heyəti ilə görüşüb.

Sədr Məzahir Pənahov nümayəndə heyətini salamlayaraq görüşdən məmnunluğunu bildirib və qeyd edib ki, rəhbərlik etdiyi qurum beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığa daim xüsusi əhəmiyyət verir. Məhz beynəlxalq qurumlarla sıx münasibətlərin nəticəsidir ki, Azərbaycanda seçki sistemiseçki praktikası ilbəil daha da təkmilləşərək hazırkı inkişaf səviyyəsinə çatıb.

Türk Şurası nümayəndə heyətinin üzvləri MSK-dakı səmimi qəbula görə minnətdarlıqlarını bildirib, ölkəmizin seçki sistemi və qarşıdan gələn Milli Məclisə seçkilərə hazırlıq istiqamətində görülən işlərlə maraqlanıblar. Nümayəndə heyətinin suallarını ətraflı cavablandıran MSK sədri, Milli Məclisə seçkilərin yüksək səviyyədə hazırlanıb azad və ədalətli keçirilməsi üçün reallaşdırılan irimiqyaslı layihələri və atılan addımları onların diqqətinə çatdırıb.

Görüş çərçivəsində qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.- 2020.- 5 fevral.- S.3.