Azərbaycanın və Səudiyyə Ərəbistanı Krallığının daxili işlər orqanları arasındakı əməkdaşlıq məsələləri müzakirə olunub

 

Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyr ilə görüşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir Səudiyyə Ərəbistanının beynəlxalq təşkilatlarda daim Azərbaycanı dəstəklədiyini məmnunluqla qeyd edərək, dövlətlərimizin rəhbərləri arasında olan şəxsi dostluq münasibətlərinin, qarşılıqlı səfərlərin, yüksək səviyyədə imzalanmış sənədlərin əməkdaşlığın daha da dərinləşməsinə təkan verdiyini, xüsusən son illər bu əlaqələrin dinamik inkişaf etdiyini diqqətə çatdırıb.

Daha sonra qonağa ölkəmizdə mövcud kriminogen durum, daxili işlər orqanlarında həyata keçirilən islahatlar, sabitlik və əmin-amanlığın qorunub saxlanılması üçün görülən işlər barədə məlumat verilib.

Azərbaycan Respublikasının və Səudiyyə Ərəbistanı Krallığının daxili işlər orqanları arasındakı əlaqələrə toxunan nazir Vilayət Eyvazov bu əməkdaşlığın 2018-ci il fevralın 19-da imzalanmış “Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığı arasında cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Protokol” və Beynəlxalq Kriminal Polis Təşkilatı (İNTERPOL) çərçivəsində həyata keçirildiyini diqqətə çatdırıb.

Haməd bin Abdullah bin Səud bin Xudeyr ətraflı məlumata görə təşəkkür edib, diplomatik fəaliyyəti dövründə paytaxt Bakı da daxil olmaqla ölkəmizin bütün bölgələrində hökm sürən sabitlik, əmin-amanlıq şəraitindən məmnunluğunu bildirib. Məhz təhlükəsizlik və sabitlik amillərinin, ən müasir tələblərə cavab verən yeni infrastrukturun və xidmət sahələrinin yaradılması hesabına Azərbaycanın əcnəbilər üçün cəlbedici məkana çevrildiyini, nəticədə Səudiyyə Ərəbistanından gələn turistlərin sayının ilbəil artdığını vurğulayan səfir bu işdə ölkə rəhbərliyinin və hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının danılmaz rolunu qeyd edib. Diplomat bundan sonrakı fəaliyyəti dövründə də əlaqələrimizin bütün sahələrdə inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə təhlükəsizlik sahəsində əlaqələrin mövcud vəziyyəti, prioritet istiqamətləri barədə faydalı fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

 

Azərbaycan.- 2020.- 6 fevral.- S.2.