İki dövlət arasında sıx dostluq əlaqələri mətbuat qurumlarının da əməkdaşlığı genişləndirməsinə təkan verir

 

Pakistanın Azərbaycana səfər edən bir sıra media qurumunun nümayəndələri AZƏRTAC-da olublar.

Agentliyin İdarə Heyətinin sədri Aslan Aslanov ilə görüşdə Azərbaycan və Pakistan arasında sıx dostluq və tərəfdaşlıq münasibətlərindən danışılıb, iki ölkə xalqlarının daha da yaxınlaşmasında mətbuatın rolu xüsusi vurğulanıb. Qeyd olunub ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu əlaqələr Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən inkişaf etdirilirdaha da zənginləşdirilir.

Qonaqlara məlumat verilib ki, AZƏRTAC Pakistanın APP, PPİ, DND kimi informasiya agentlikləri ilə mütəmadi informasiya mübadiləsi aparır, beynəlxalq media qurumlarında bir-birilərini dəstəkləyir. "AsiyaSakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatında (OANA) vitse-prezident olan AZƏRTAC-ın təşəbbüsü ilə PPİ agentliyi qurumun texniki komitəsinə üzv qəbul edilib. Bizim ümumilikdə Pakistan mediası ilə sıx əlaqələrimiz var. Gələcəkdə Pakistanda da müxbir məntəqəsi açmağı planlaşdırırıq. Düşünürəm ki, bu, informasiya sahəsində əlaqələrimizin daha da möhkəmlənməsinə müsbət təsir edər”, - deyə Aslan Aslanov bildirib.

İki dövlət arasında sıx dostluq əlaqələri mətbuat qurumlarının da əməkdaşlığı genişləndirməsinə təkan verir. Bu barədə danışan "Pakistan in the World” jurnalının baş redaktoru Tazin Axtar AZƏRTAC-ın fəaliyyəti ilə yaxından tanış olduqlarını qeyd edib. "Biz, pakistanlı jurnalistlər, AZƏRTAC-ın xəbərlərindən daim geniş istifadə edirik. Çünki indiki güclü informasiya axınının olduğu hazırkı dövrdə agentlik daha etibarlı və səhih məlumatlar yayır”, - deyə o bildirib.

Pakistanlı jurnalistlərə 100 yaşını qeyd etməyə hazırlaşan AZƏRTAC-ın keçdiyi yol, 2016-2019-cu illərdə Dünya Xəbər Agentlikləri Konqresinə və OANA-ya sədrlik etməsi barədə məlumat verilib, sosial media və ənənəvi mətbuatın qarşılıqlı əlaqəsi, feyk xəbərlərlə mübarizənin əhəmiyyəti, yeni texnologiyalardan istifadənin və media qurumları arasında təcrübə mübadiləsinin üstünlükləri barədə fikir mübadiləsi aparılıb.

Görüşdə "İslamabad Post”, "National Herald Tribune”, "Daily Azkaar”, "Pakistan Observer”, "Morning Mail” qəzetlərinin, "24 News”, "HUM News” telekanallarının, "BOL News Network”, "Express” media qurumlarının, "Pakistan in the World”, "Centrelinejurnallarının, həmçinin İordaniyanın Petra xəbər agentliyinin nümayəndələri iştirak ediblər.

 

Azərbaycan.- 2020.- 7 fevral.- S.6.