Mübariz İbrahimov hər bir gəncimizə örnəkdir

 

İsmayıllı Rayon Gənclər və İdman İdarəsi rayon təhsil şöbəsi ilə birgə Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü münasibətilə rayonun Mərkəzləşmiş Kitabxana Sisteminin Uşaq şöbəsinin akt zalında tədbir keçirib.

AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, tədbirdə Milli Qəhrəmanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, keçdiyi döyüş yolumisilsiz qəhrəmanlıq şücaətini özündə əks etdirən film nümayiş etdirilib.

İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov Mübariz İbrahimovun təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini birinci həmlədə gözlənilmədən məhv etməsi, sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək, onlarla 5 saat təkbətək döyüşməsi və düşməni ağır itkilərə məruz qoyması haqqında ətraflı danışıb. Tədbirdə, həmçinin RİH-nin əməkdaşı Namiq Kərimov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı şöbəsinin əməkdaşı, rayon təhsil şöbəsinin metodisti Rəna Mirzəliyeva çıxışlarında bildiriblər ki, şəhidlik zirvəsinə yüksələn Mübarizin Vətən, torpaq sevgisi, onda olan vətənpərvərlik ruhu bu gün hər bir gənc üçün örnəkdir, nümunədir. Eyni zamanda Milli Qəhrəmanımız bir daha düşmənə sübut etdi ki, Azərbaycan xalqı, Azərbaycan gəncləri Vətən uğrunda canlarından keçməyə hazırdırlar. Bu, böyük qəhrəmanlıq, hünər, vətənpərvərlik nümunəsidir.

Sonda qeyd edilib ki, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətlər göstərmiş şəhid Mübariz İbrahimovun əziz xatirəsi heç vaxt unudulmayacaqdır.

 

Azərbaycan.- 2020.- 9 fevral.- S.6.