Beynəlxalq təşkilatların sorğuları reallığı əks etdirdi

 

Parlament seçkilərində "exit-poll” keçirən qurumlarla MSK-nın nəticələri seçkilərin obyektiv keçirildiyini təsdiqlədi

 

Azərbaycan Respublikasının VI çağırış Milli Məclisinə seçkilər uğurla başa çatdı. Ölkə üzrə ümumi seçici fəallığı hava şəraitinin pis olmasına baxmayaraq, 47,81 faiz oldu. 59 beynəlxalq təşkilatı və 58 ölkəni təmsil edən 883 beynəlxalq müşahidəçi seçkilərlə əlaqədar akkreditasiyadan keçmişdi. Göründüyü kimi, beynəlxalq müşahidəçilər həm say, həm də coğrafi baxımdan kifayət qədər əhatəli idi. Parlament seçkilərinin gedişini 47 ölkəni təmsil edən 132 beynəlxalq KİV-in 199 təmsilçisi işıqlandırdı.

Ümumiyyətlə, hər seçki Azərbaycanın seçki praktikasında tətbiq edilən və prosesin demokratikliyinə xidmət edən yeniliklərlə əlamətdar olur. Bu cür yeniliklərin tətbiqi zamanı xüsusən qeyri-hökumət təşkilatlarına yer verilməsi, onların öz layihələrini həyata keçirə bilmələri üçün lazımi şəraitin yaradılması Azərbaycan hakimiyyətinin seçkilərin demokratik keçirilməsinə olan marağının bariz təcəssümüdür. Məsələn, ilk dəfə olaraq 2005-ci ilin parlament seçkilərində bir sıra xarici təşkilatlar tərəfindən seçicilərin seçki məntəqəsində səs verib çıxdıqdan sonra kimə səs vermələrini öyrənmək məqsədilə sorğu - "exit-pollkeçirildi. Bundan sonra ölkədə keçirilən bütün seçkilərdə bu sosialoji tədqiqatı həyata keçirmək üçün Mərkəzi Seçki Komissiyasına müraciət edən beynəlxalq və yerli təşkilatlara müsbət cavab verildi. Elə budəfəki parlament seçkilərində də "exit-pollun keçirilməsi üçün hər cür şərait yaradılmışdı.

Parlament seçkilərində Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası "AJF&Associates İnc.” təşkilatı (ABŞ) ilə birgə, "Rəy” Monitorinq Mərkəzi, "İnsan Hüquqları XXI Əsr - Azərbaycan” Fondu və Fransanın "Opinion WaySosioloji Tədqiqatlar İnstitutu (birgə) "exit poll” keçirəcək qurum kimi qeydə alınmışdı. Yəni 3 təşkilat seçkilərdə "exit-pollkeçirdi.

Qeyd edək ki, "exit-poll” Mərkəzi Seçki Komissiyasının nəticələri rəsmən elan etməsindən əvvəl ilkin nəticələri əldə etmək imkanını yaradır, səsvermənin nəticələrinə ictimai nəzarəti həyata keçirir. Fevralın 9-da seçkilər başa çatdıqdan 2 saat sonra "exit-poll” keçirən təşkilatlar apardıqları sorğuların cavablarını elan etdilər. ABŞ-ın "Artur J.Finkelstein and Associates” təşkilatı və Fransanın "Opinion WaySosioloji Araşdırmalar İnstitutunun "İnsan Hüquqları XXI əsr-Azərbaycan” Fondu ilə birgə keçirdikləri "exit-pollun nəticələri, demək olar ki, üst-üstə düşdü.

ABŞ-ın "Artur J.Finkelstein and Associates” təşkilatı 47 dairə üzrə 2106 nəfər seçicinin fikrini öyrənib. Toplanan məlumatlar gün ərzində 3 dəfə ABŞ-a, yəni baş ofisə göndərilib.

"Opinion WaySosioloji Araşdırmalar İnstitutu ölkə üzrə 236 seçki məntəqəsində "exit pollkeçirib. Ümumilikdə 10 119 səs verən şəxs sorğuya cəlb edilib. Seçici fəallığı 55,06 faiz olub.

Mərkəzi Seçki Komissiyası da seçkilərin ilkin nəticəsini elan edərkən seçici fəallığının 47,81 faiz olduğunu bəyan etdi. 3 təşkilatın həyata keçirdiyi "exit-pollun nəticəsi ilə, demək olar ki, MSK-nın rəsmi nəticəsi arasında cüzi fərq var idi.

Beləliklə, bu seçkilərdə də Yeni Azərbaycan Partiyası qalib gəldi. YAP 123 namizədlə qatıldığı seçkidə böyük üstünlük əldə etdi.

Bununla bağlı YAP-ın yaydığı məlumatda qeyd edilirdi ki, "daha güclü Azərbaycan naminə” çağırışı ilə seçkilərə qatılan YAP 123 dairədə qeydiyyatdan keçmiş namizədi ilə geniş və əhatəli seçki kampaniyası aparmağa müvəffəq olub. Partiyanın sədri, Prezident İlham Əliyevin xalq arasında yüksək şəxsi nüfuzu, həyata keçirdiyi siyasətin möhtəşəm nəticələri, ölkə iqtisadiyyatının sürətli inkişafı, əhalinin rifahının yüksəlməsi, Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin daha da möhkəmlənməsi, uğurla davam edən genişmiqyaslı islahatlar YAP-ın sözügedən seçkilərdə istinad etdiyi əsas məqamlar olub.

Qeyd etmək yerinə düşər ki, seçkilərə şəxsi keyfiyyətləri sayəsində insanlar arasında böyük nüfuz qazanmış layiqli namizədləri ilə qatılan Yeni Azərbaycan Partiyasının seçki kampaniyasının uğurla həyata keçirilməsinə partiyanın çoxsaylı üzvləri və könüllüləri də böyük töhfə veriblər.

Seçkilərin gedişatını izləyən bir sıra mötəbər beynəlxalq sorğu mərkəzlərinin verdikləri açıqlamalar da YAP-ın Milli Məclisə seçkilərdə əhəmiyyətli uğurlar qazandığını söyləməyə əsas verir. YAP hesab edir ki, Milli Məclisin yeni tərkibi ölkəmizdə həyata keçirilən islahatlara öz dəyərli töhfəsini verəcək.

Beləliklə, VI çağırış Milli Məclisə keçirilən seçkilər Azərbaycanın demokratik inkişafa nə qədər sadiq olduğunu bir daha göstərdi. Ölkəmizə gələn bütün beynəlxalq müşahidəçilər seçkilərin yüksək səviyyədə keçirildiyini qeyd etdilər. Beynəlxalq müşahidəçilər seçkilərin Azərbaycan xalqının iradəsini ifadə etdiyini də söylədilər. Bu, bir daha onu göstərir ki, xalq ölkədə aparılan siyasəti bəyənir, dəstəkləyir və seçkilər vasitəsilə öz fikrini ifadə edir.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2020.- 11 fevral.- S.3.