Vyanada Nüvə Təhlükəsizliyi üzrə Beynəlxalq Konfrans keçirilir

 

Fevralın 10-da Vyanada Nüvə Təhlükəsizliyi üzrə Beynəlxalq Konfrans işə başlayıb. Konfransın işində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə (AEBA) üzv olan 139 dövlətin nümayəndələri, 40-dan çox nazir, hökumət və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, ekspertlər və jurnalistlər olmaqla, iki mindən artıq nümayəndə iştirak edir.

AZƏRTAC xəbər verir ki, “Uğurların davamlılığı və gücləndirilməsi” mövzusunda keçirilən Nüvə Təhlükəsizliyi üzrə 3-cü Beynəlxalq Konfransda milli nüvə təhlükəsizliyi rejiminin gücləndirilməsi və bu sahədə beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi, aktual nüvə təhlükəsizliyi vəziyyətinin dəyərləndirilməsi, müasir trendlərin və yanaşmaların müzakirəsi, nüvə təhlükəsizliyi sahəsində AEBA-nın təcrübəsinin bölüşdürülməsi, həmçinin digər mövzular ətrafında fikir mübadiləsi aparılacaq. Konfrans çərçivəsində yüksəksəviyyəli iştirakçılar çıxış edəcək, Nazirlər Bəyannaməsi qəbul olunacaq.

Konfransda ölkəmizi Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir. Konfrans çərçivəsində Elmar Məmmədyarovun beynəlxalq təşkilatların rəhbərləri və tədbirdə iştirak edən dövlətlərin Xarici İşlər nazirləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Konfrans öz işini fevralın 14-dək davam etdirəcək.

 

Azərbaycan. - 2020.- 11 fevral.- S.6.