Milli-mənəvi dəyərlərimizlə qürur duymalıyıq

 

Yaddaş xəzinəmiz

 

Qədim tarixə və zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı milli-mənəvi dəyərlər sistemi ilə də dünya sivilizasiyasına qiymətli bir xəzinə bəxş etmişdir. Tarixi, dili, mədəniyyəti, ədəbiyyatı, musiqisi, folkloru, ailə dəyərləri, adət-ənənələri ilə ölkəmiz daim seçilmişdir. Təbii ki, belə bir xalqın əsrlər boyu yaşadığı, həyatın sınaqlarından çıxan milli-mənəvi dəyərləri ilə fəxr etməyə, qürur duymağa haqqı var.

Hər dövrdə olduğu kimi, müstəqillik dönəmində də bu zəngin sərvətin, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması önəmli əhəmiyyət kəsb edir. Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə bu istiqamətdə gördüyü işlər əvəzsizdir. Ulu Öndər milli-mənəvi dəyərlərimizi həm milli, həm də siyasi varlığımızın, dövlətçiliyimizin əsas atributu kimi qiymətləndirirdi. Heydər Əliyev Azərbaycançılıq ideologiyasının, milli-mənəvi dəyərlərin dünya azərbaycanlılarının birləşdirilməsində, ümumbəşəri dəyərlərə inteqrasiyasında mühüm rol oynadığını qeyd edirdi. Ulu Öndər xarici ölkələrə səfərləri zamanı görüşlərdə soydaşlarımıza harada yaşamalarından asılı olmayaraq, Azərbaycançılıq ideologiyasına sadiq qalmağı, adətlərimizi yaşatmağı və təbliğ etməyi tövsiyə edirdi.

Gənclər tərəfindən milli-mənəvi dəyərlərimizin mənimsənilməsi onlarda azərbaycanlılara məxsus etnik-psixoloji keyfiyyətlərin və milli hisslərin formalaşmasına səbəb olur. Buna görə də həmin dəyərlər milli ideologiyanın, Azərbaycançılığın komponentləri kimi təkcə gənclərin deyil, bütöv xalqın mənəvi birliyini və həmrəyliyini təmin edir.

Milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz, bayramlarımız özünəməxsusluğu ilə bizi başqa xalqlardan fərqləndirir, Azərbaycan ailəsində üstün keyfiyyətlər bu baxımdan xüsusilə diqqəti cəlb edir. Böyüyə hörmət, ata-anaya ehtiram, kiçiklərə qayğı ailəmizin əsas göstəricisi sayılır. Əsl Azərbaycan ailəsi gələcək nəsillərə örnək olan əxlaq, tərbiyə simvolu, məhəbbət etalonudur.

Mədəni irsimizin mənimsənilməsi, qorunması milli-mənəvi dəyərlərimizin ən vacib tərkib hissələrindəndir. Mədəni irsin rol və əhəmiyyəti onları təkcə olduqları formada mühafizə etmək deyil, eyni zamanda onlardan müasir dövrdə gənc nəslin tərbiyəsində istifadə etməyi bacarmaqdan ibarətdir. Bu sahədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu çoxsaylı uğurlara imza atıb.

Bu gün Azərbaycan cəmiyyəti dinamik inkişaf edir, gündən-günə müasirləşir. Etiraf edək ki, dünya ölkələrinə iqtisadi, mədəni, elmi inteqrasiya şəraitində müxtəlif təsirlər səbəbindən milli-mənəvi dəyərləri qorumaq getdikcə çətinləşir. Ona görə də gənclərin mənəviyyatına xarici təsirlərin qarşısının alınması bu gün həmişəkindən daha aktualdır. İndi əsas vəzifə gənc nəslin milli-mənəvi dəyərlərimizə sahib çıxmasına, onlarda vətənpərvərlik hisslərinin daha da gücləndirilməsinə nail olmaqdır. Bu gün zəngin dövlətçilik ənənələrinin layiqli davamçısı olduğunu əməli fəaliyyəti ilə sübuta yetirən ölkə Prezidenti İlham Əliyevi milli-mənəvi dəyərlərimizin qüdrətli mühafizəçisi kimi görürük. Ölkə Prezidentinin konsepsiyasında göstərildiyi kimi, milli ruhu qorumağın, inkişaf etdirməyin və yeni nəsillərə çatdırılmasının ən mühüm şərti milli dövlətçilikdən ibarətdir. Yalnız milli dövlət maddi sərvətləri ilə bərabər milli-mənəvi dəyərlərimizin qorunmasının qarantıdır.

Sözsüz ki, bütün dövrlərdə mütərəqqi adət-ənənələrin yaradıcısı, eyni zamanda onu qoruyub zənginləşdirən və gələcək nəsillərə çatdıran xalqdır. Bayram adət-ənənələri, toyyas mərasimləri, İslam dininin dünyəvi xarakteri mənəvi dəyərlər sistemimizdə özünəməxsus yer tutur.

Azərbaycanda qeyd olunan millidini bayramlarda kimsəsizlərə, ehtiyacı olanlara, ahıl insanlara, şəhid ailələrinə baş çəkmək, onlara bayram sovqatı vermək savab hesab edilir. Bizim adət-ənənələrimiz ilə milli dövlət quruculuğu arasında sıx bağlılıq var. Bu vəhdət barədə Ümummilli Lider Heydər Əliyev demişdir: "Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin ən əsası bizim "Qurani-Şərif”də öz əksini tapmışdır. Ancaq bunlarla yanaşı, Azərbaycanın mütəfəkkir insanları, Azərbaycanın hörmətli siyasi və dövlət xadimləri, böyük elm, mədəniyyət xadimləri Azərbaycan xalqının milli-mənəvi dəyərlərini yaradıblar”.

Azərbaycan xalqının qədimdən gələn qəhrəmanlıq ənənələri də var. Bu gün həmin ənənələrin gənc nəslə çatdırılmasında, ölkəmizdə fəaliyyət göstərən döyüş şöhrəti, tarix-diyarşünaslıq və bayraq muzeyləri xüsusi rol oynayır.

Əminliklə qeyd etmək olar ki, respublikamızda yaradılan şərait nəticəsində vətənpərvər gənclər nəsli formalaşmaqdadır. Məhz bu gənclər Ermənistanın silahlı təcavüzü nəticəsində işğal altında olan ərazilərimizin qaytarılmasında, şübhəsiz ki, həlledici rol oynayacaqlar.

 

Əlizadə NƏCƏFOV,

tarix üzrə fəlsəfə doktoru

 

Azərbaycan.- 2020.- 12 fevral.- S.6.