Azərbaycan
və Macarıstan hökumətləri arasında iqtisadi əməkdaşlıq
üzrə birgə Komissiyanın 7-ci iclası keçirilib
İclasın
yekununda gələcək iqtisadi əməkdaşlıq
istiqamətlərini əhatə edən protokol imzalanıb
Macarıstan Respublikasının
paytaxtı Budapeşt şəhərində "Azərbaycan
Respublikası Hökuməti və Macarıstan Respublikası
Hökuməti arasında iqtisadi əməkdaşlıq
üzrə birgə Komissiya”nın 7-ci iclası keçirilib.
AZƏRTAC xəbər verir ki,
iclasda komissiyanın Azərbaycan tərəfindən həmsədri,
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil
Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti
iştirak edib.
İclasdan əvvəl S.Babayevlə
komissiyanın Macarıstan tərəfindən həmsədri,
Macarıstanın Xarici İşlər və Ticarət naziri
Peter Siyyarto arasında ikitərəfli görüş olub,
ikitərəfli əməkdaşlıq məsələlərinə
dair fikir mübadiləsi aparılıb.
Komissiyanın 7-ci iclasında Azərbaycan-Macarıstan
əlaqələrinin ildən-ilə inkişaf etdiyini
vurğulayan S.Babayev iki ölkənin dövlət
başçıları tərəfindən qəbul
edilmiş "Azərbaycan Respublikası ilə Macarıstan
arasında strateji tərəfdaşlıq haqqında Birgə
Bəyannamə”nin ölkələrimiz arasında əməkdaşlığın
dərinləşməsində mühüm addım
olduğunu qeyd edib. Bildirib ki, xüsusilə də bəyannamədə
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı ölkəmizin ədalətli mövqeyini əks
etdirən müddəaların yer alması Azərbaycan və
Macarıstan arasında yüksəksəviyyəli siyasi
dialoqun və strateji tərəfdaşlığın daha bir
göstəricisidir.
Prezident İlham Əliyevin
sosial-iqtisadi siyasətinin ölkəmizdə bütün sahələrdə
dinamik inkişafı təmin etdiyini vurğulayan S.Babayev, eyni
zamanda, Azərbaycanın dünyada etibarlı tərəfdaş
kimi qəbul olunduğunu, xarici ölkələrlə
qarşılıqlı maraqlar əsasında uğurlu əməkdaşlıq
əlaqələrini daim genişləndirdiyini diqqətə
çatdırıb.
Nazir ötən dövrdə
Macarıstanla imzalanan əməkdaşlıq sənədlərinin
əlaqələrin hüquqi bazasını
formalaşdıraraq genişlənməsinə zəmin
yaratdığını deyib. O, xüsusilə enerji sahəsində
Macarıstanla fəal əməkdaşlıq əlaqələrinin
mövcud olduğunu və bu əməkdaşlığın
davam etdirilməsinin, eləcə də bərpaolunan enerji sahəsində
əməkdaşlıq potensialının
araşdırılmasının əhəmiyyətini qeyd
edib.
İqtisadi əməkdaşlıqda
ticarət əlaqələrinin önəmindən bəhs edən
S.Babayev 2019-cu ildə Azərbaycanın Macarıstan ilə
ticarət dövriyyəsinin həcminin 35,70 milyon ABŞ
dolları təşkil etdiyini bildirib. Ticarət əlaqələrinin
inkişafı məqsədilə aparılan işləri, həmçinin
ölkəmizin ixrac missiyasının Macarıstana səfərinin,
Macarıstan da daxil olmaqla, Mərkəzi Avropa üzrə Azərbaycanın
ticarət nümayəndəsinin təyin edilməsinin və
s. mühüm rolunu diqqətə çatdırıb. O, ticarət,
nəqliyyat, kənd təsərrüfatı, xidmət sahələri
üzrə Macarıstan şirkətlərinin ölkəmizdə
uğurlu fəaliyyətini, investisiya sahəsində əməkdaşlığın
genişləndirilməsinin əhəmiyyətini
vurğulayıb. S.Babayev iki ölkə arasında əməkdaşlıq
üçün mövcud olan potensialın əlaqələrin
daha geniş miqyasda və daim yüksələn xətt
üzrə inkişafına imkan yaratdığını
bildirib.
P.Siyyarto ölkəsinin Azərbaycanla
əlaqələrinin dost münasibətlər əsasında
inkişaf etdirilməsində maraqlı olduğunu deyib. O,
iqtisadi sahədə əməkdaşlıq istiqamətləri
üzrə əldə olunan təcrübəni qeyd edib, birgə
səylər nəticəsində bu əlaqələrin ildən-ilə
genişlənəcəyinə, əməkdaşlıqda yeni
müsbət nəticələrin olacağına əminliyini
ifadə edib.
İclasda enerji sahəsində əməkdaşlığın
davam etdirilməsi, bərpaolunan enerji sahəsində əməkdaşlıq
potensialının araşdırılması, ticarət və
investisiya, qeyri-neft mallarının ixracı məsələləri
müzakirə olunub. Macarıstan şirkətlərinin Azərbaycanın
sənaye parklarında, eləcə də aqroparklarında,
startapların Macarıstan və Azərbaycanda keçirilən
sərgi, konfrans və forumlarda iştirak imkanları,
Macarıstan-Azərbaycan İşgüzar Şurasının
yaradılması, iki ölkənin biznes birlikləri arasında
əlaqələrin və qarşılıqlı investisiya
qoyuluşlarının həcminin genişləndirilməsi və
s. məsələlərlə bağlı fikir mübadilələri
aparılıb.
Təhsil və elm sahəsində əlaqələrin
genişləndirilməsi, eləcə də ikili diplom
proqramlarının hazırlanması və tətbiqi, müəllim
və tələbə mübadiləsinin, ali təhsil müəssisələri
arasında ortaq araşdırmaların təşviqi və s.
məsələlər nəzərdən keçirilib. Kənd
təsərrüfatı və ərzaq təhlükəsizliyi
sahəsində əməkdaşlıq, bu sahələrdə
idxal və ixracın mövcud potensiala uyğun
artırılması, səhiyyə, mədəniyyət, nəqliyyat
sahələri üzrə əməkdaşlıq məsələləri
ətraflı müzakirə olunub. Azərbaycanın turizm
imkanları haqqında Macarıstanda məlumatlılığın
artırılmasının, məlumat turlarının təşkilinin,
turizm sahəsində təcrübə mübadiləsinin hər
iki ölkə üçün önəmi qeyd edilib. Həmçinin
əmək bazarının tənzimlənməsi, məşğulluğa
dəstək proqramlarının hazırlanması, sosial xidmətlərin
göstərilməsi, tibbi-sosial reabilitasiya, gənclər və
idman sahələrində gələcək əməkdaşlıq
məsələləri ətrafında da müzakirələr
aparılıb.
Hər iki ölkənin müvafiq
qurumlarının nümayəndələrinin iştirakı
ilə aparılan müzakirələrin yekununda həmsədrlər
tərəfindən Komissiyanın 7-ci iclasının Protokolu
imzalanıb. Sənəddə iki ölkənin qeyd edilən
sahələrdə gələcək əməkdaşlıq
istiqamətləri ifadə olunur.
Azərbaycan.-
2020.- 15 fevral.- S.4.