Azərbaycan hər nəfərə düşən
büdcə xərclərinə görə regionda liderdir
Vüsal Qasımlı:"Fiskal islahatlar
respublikamızı bölgənin ən rəqabətqabiliyyətli
və sosial rifah dövlətinə çevirib”
Nəticə əsaslı büdcə və ortamüddətli xərclər çərçivəsinin tətbiqi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə 2020-ci il pilot dövr kimi, büdcə xərclərinin funksional təsnifatının "Təhsil”, "Kənd təsərrüfatı” və "Ətraf mühitin mühafizəsi” bölmələri isə pilot sektorlar kimi müəyyən edilib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı fiskal sahədə aparılan islahatlar mövzusunda sualları cavablandırıb.
- Ortamüddətli xərclər çərçivəsi
nədir və bunun əhəmiyyətini necə izah edərdiniz?
- Prezident İlham Əliyev tərəfindən təsdiqlənən "Milli iqtisadiyyat perspektivi strateji yol xəritəsi”ndə göstərilirdi ki, ortamüddətli xərclər çərçivəsi güclü büdcə idarəçiliyi və onun nəticə əsaslı büdcə təşkilinə uyğunlaşdırılması, dövlət xərclərinin səmərəliliyinin təmin edilməsi və neft gəlirlərinin dəyişkənliyinin təsirinin azaldılması üçün əhəmiyyətlidir. Nəticə əsaslı büdcə aşağıdakı şərtlər daxilində reallaşdırılacaq: dövlətin maliyyə resurslarının proqramlar və strateji hədəflər üzrə icrasının təmin edilməsi, büdcə vəsaitlərindən istifadə üzərində nəzarət mexanizminin qurulması, büdcə layihəsinin büdcə təşkilatlarının fəaliyyətinin səmərəliliyini, nəticələrini və qənaətliliyini qiymətləndirməyə imkan verən göstəricilər sistemi əsasında tərtib edilməsi.
Beləliklə, nəticə əsaslı büdcə dövlət xərcləmələrinin daha ünvanlı, optimal və səmərəli istifadəsini təmin edəcək.
2021-ci il dövlət və icmal büdcə layihələri və sonrakı üç il üçün icmal büdcə göstəricilərinin hazırlanması ortamüddətli xərclər çərçivəsinə uyğun təmin ediləcək. Bunun üçün 39 bənddən ibarət "Tədbirlər Planı” təsdiq olunub.
Azərbaycanda ümumi amil məhsuldarlığının səviyyəsi göstərir ki, biz daha çox institutsional islahatların və insan kapitalının inkişafı hesabına iqtisadi artımı sürətləndirə bilərik. Eyni zamanda fiskal institutların inkişafı, o cümlədən, büdcə qaydaları, ortamüddətli xərclər çərçivəsi və nəticə əsaslı büdcənin tətbiqi iqtisadi artımı sürətləndirməyə hesablanıb. Bu baxımdan cənab Prezidentin rəhbərliyi ilə fiskal institutların inkişaf etdirilməsinin mühüm əhəmiyyəti var. Bundan başqa, dövlət müəssisələrində korporativ standartların tətbiqinin daha da genişləndirilməsi həm fiskal dayanıqlılığın, həm də iqtisadi səmərəliliyin artırılmasına və rəqabət mühitinin yaxşılaşdırılmasına töhfə verəcək. Ortamüddətli xərclər çərçivəsi həm də ortamüddətli resurs zərfinin və milli xərc prioritetlərinin uyğunlaşdırılmasını təmin edəcək.
- Nəticə əsaslı büdcənin mexanizmi necə
qurulur?
- Nəticə əsaslı büdcə hər hansı bir proqram üçün ayrılan büdcə vəsaitlərinin səviyyəsi ilə həmin proqramdan gözlənilən nəticələr arasında əlaqə yaradan büdcə hazırlanması prosesidir. Belə bir büdcə hazırlanması prosesi büdcə vəsaitlərinin xərclər baxımından daha səmərəli və effektiv xərclənməsini təmin edir. Proqram əsaslı büdcə hazırlanması adlanan bu yeni metodologiyaya əsasən, büdcə prosesi və büdcə sənədlərində strateji məqsədlər, tədbirlər, instrumentlər və onların xərcləri barədə izahlı məlumat təqdim olunur. Bu tipli büdcələrdə əsas fəaliyyət indikatorları bunlardır: müəyyən məqsədləri əldə etmək üçün dövlət qurumu tərəfindən görüləcək işlərin və göstərilən xidmətlərin sayı, keyfiyyəti və xərcləri, bu tədbirlərin və xidmətlərin icrasından gözlənilən nəticə indikatorları.
Bu tələb edir ki, büdcənin planlaşdırılması və ümumilikdə büdcə icrası prosesinə inteqrasiyalı yanaşma tətbiq olunsun ki, bu da prioritetlərin düzgün müəyyənləşdirilməsini və büdcə prosesindən daha səmərəli istifadəni təmin edir. Sağlam nəticə əsaslı büdcə sisteminin hazırlanması və tətbiqi üzrə texniki prinsiplər var ki, bu Nəticələr Nəzəriyyəsində əks olunub. Bu yeni çərçivəyə görə, nəticə əsaslı büdcədə missiya, hədəflər, məqsədlər və vəsaitin nə uçun xərclənməsinin izahı təqdim edilir. Burada əsas məqam "nəticə”dir. Bu metodun tətbiqi ilə bütünlükdə planlaşdırma və büdcə çərçivəsi nəticəyönümlü olur ki, bunun da əsasında qiymətləndirmə dayanır. Bu proses 3 elementdən ibarətdir: nəticə, strategiya (yekun nəticəni əldə etmək üçün müxtəlif vasitələr) və fəaliyyət - son məhsul (yekun nəticəni əldə etmək üçün görülməli işlər və tədbirlər).
Sonuncu element üçün Əsas Nəticə İndikatorları (KPİ) müəyyən edilməlidir. Bir sözlə, nəticə əsaslı büdcə "strategiya və planlaşdırmanın icra və ölçmə ilə kəsişməsidir”.
- Nəticə əsaslı büdcəyə nail
olunması istiqamətində xarici təcrübə necədir
və Azərbaycanda qabaqcıl təcrübənin tətbiqi
imkanları barədə nə demək olar?
- Məsələn, əvvəllər ABŞ-da ali təhsildə nəticə əsaslı büdcənin tətbiqi şagirdlərin ali təhsil ocaqlarına qəbul olunmasını təşviq etməyə hədəflənmişdi. Belə ki, hansı ali təhsil müəssisəsinin 1-ci semestrinin əyani şöbəsinə daha çox şagird qəbul olunursa, həmin quruma büdcədən daha çox maliyyə vəsaiti ayrılırdı. Sonradan isə, vaxt keçdikcə maliyyələşdirmə formulası dəyişdi ki, bu, ABŞ-ın hazırda 30 ştatında tətbiq olunur və buraya təkcə şagird qəbulu deyil, həm də ali təhsili tam bitirmə, dərəcə alma, əldə edilən dərəcələrin sayı, aztəminatlı ailədən olan məzunların sayı kimi meyarlar (KPİ-nəticə indikatorları) əlavə olundu. təhsil nəticə əsaslı büdcənin tətbiq edilməsinin üstün cəhətləri bunlardır: tələbə qəbulu və ali təhsiln əlçatanlığının artırılmasına stimul verir; təhsil prosesində nəticələrə və nailiyyətlərə diqqət yönəldilir; nəticə indikatorları meyarlarına cavab verən qurumlara resursların ədalətli bölüşdürülməsini təşviq edir. Zəif cəhəti isə nəticə indikatorlarının müəyyən edilməsinin çətin olması və eləcə də nəticələrin əldə edilməsi uzun müddət tələb etdiyi üçün bu nəticələrin ölçülməsinin bəzən qeyri-mümkün olmasıdır.
Nəticə əsaslı büdcə müəyyən nəticələrə nail olmağa yönəlmiş proqram icrasını və idarəetmənin səmərəliliyini, effektivliyi və hesabatlılığı yaxşılaşdırmaq məqsədini daşıyan iştirakçı və komanda əsaslı büdcə idarəetmə yanaşmasıdır.
Azərbaycanda siyasət əsaslı (policy based budgetting) büdcənin tətbiqi sahəsində önəmli təkmilləşdirmədən biri kimi Prezidentin 2010-cu il mart tarixli 239 saylı fərmanını qeyd etmək olar ki, bu fərmanda Dövlət İnvestisiya Proqramının (DİP) hazırlanması, icrası və monitorinq-qiymətləndirilməsi tələb olunur. DİP büdcə prosesinə inteqrasiya edilib və bu sahədə əldə edilən irəliləyişlər büdcə hazırlanması və icrası prosesinin nizam-intizamının artırılması ilə nəticələnib.
Nəticə əsaslı büdcə mexanizminin tətbiqi həm dövlət sektoruna, həm də mediaya büdcə xərclərini izləməyə imkan yaradacaq. Məsələn, nəticə əsaslı büdcənin tətbiq edildiyi Norveçdə Parlamentin Maliyyə və İqtisadi İşlər Komitəsi intensiv surətdə büdcə layihələrinin müzakirəsini aparır. 1999-cu ildə komitədə xüsusi tədqiqat departamenti yaradılıb ki, bu istiqamətdə təhlillər həyata keçirilsin.
- Ortamüddətli xərclər çərçivəsinin
tərkib hissəsi olan milli xərc prioritetləri necə
müəyyənləşəcək?
- Milli xərc prioritetləri strateji yol xəritələri, sektor strateji planları, həmçinin büdcə təşkilatlarından daxil olmuş yeni siyasət təşəbbüsləri ilə əlaqələndirilməklə, məhdud sayda tərtib olunur. Burada maksimum 5-dək milli xərc prioriteti müəyyənləşdirmək olar. Xüsusi hallarda isə milli xərc prioritetləri 7-dək ola bilər.
Azərbaycan iqtisadiyyatının sektor skanı da göstərir ki, altı sektoru prioritet edib, ona fokuslanmaq daha düzgündür. Çili, Çexiya, Koreya və başqa uğur hekayələrində də 6-7 sektor üzrə ixtisaslaşmanın daha çox fayda gətirdiyini görürük. Məqsəd ən böyük potensialın hansı sahələrdə olmasını müəyyənləşdirmək və daha sonra həmin sahələrə investisiyaların proaktiv şəkildə təşviq edilməsi ilə bu sahələrin inkişafına nail olmaqdır. Şaxələndirmədən ixtisaslaşmaya keçidə fiskal siyasət də dəstək verir.
Yeri gəlmişkən, milli xərc prioritetləri ən yüksək prioritet səviyyəsindən ən aşağı prioritet səviyyəsinə doğru qiymətləndirilir. Resurs zərfi məhduddursa, ən yüksək prioritetə malik təşəbbüslərin, ilk növbədə, digərlərinin isə ortamüddətli dövrdə maliyyələşdirilməsi təsdiq edilir.
- Yeni siyasət təşəbbüslərinin büdcədə
"ağırlıq” yaratmaması və inflyasiyaya səbəb
olmaması üçün nə kimi tədbirlər
görüləcək?
- Yeni siyasət təşəbbüslərini büdcə təşkilatları təqdim edir. Yeni siyasət təşəbbüsləri iqtisadi cəhətdən əsaslandırılmalı və milli xərc prioritetlərinə, o cümlədən sektor strateji planlara uyğun olmalıdır. Təklif olunan bütün yeni siyasət təşəbbüslərinin ümumi illik həcmi növbəti büdcə ili üçün ayırmaların 10 faizindən çox ola bilməz. Büdcə təşkilatlarının baza proqnozları və yeni siyasət təşəbbüsləri əsasında ortamüddətli resurs zərfi tərtib edilir. Digər tərəfdən büdcə siyasətini müəyyənləşdirərkən ortamüddətli monetar siyasət göstəriciləri, pul proqramı və tədiyyə balansı proqnozları nəzərə alınır. Beləliklə, fiskal və monetar siyasət uzlaşdırılır.
Büdcə qaydalarına əsasən, icmal büdcə xərclərinin yuxarı həddi müəyyənləşir. Yuxarı hədd icmal büdcənin xərclənə bilən neft gəlirləri, icmal büdcənin qeyri-neft gəlirləri və icmal büdcəyə digər daxilolmaların cəmi əsasında hesablanır. Xərclənə bilən neft gəlirləri isə xalis maliyyə aktivlərinin 30 faizindən çox olmamaqla müəyyənləşdirilir. Beləliklə, büdcənin "qızıl qayda”ları fiskal dayanıqlılığı təmin edir.
- Azərbaycanda büdcə həcminin dəyişməsinin
iqtisadi artıma təsirini ifadə edən fiskal multiplikator
neçədir?
- İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində maliyyə proqramlaşdırılması çərçivəsində apardığımız ekonometrik hesablamalar onu göstərir ki, fiskal multiplikator son üç ildə qeyri-neft sektoru üzrə 0,5 və idxal üzrə isə 1,2 olmuşdur. 2004-2008-ci illərdə fiskal multiplikatorlar qeyri-neft sektoru üzrə 0,7 və idxal üzrə 1,2 olduğu halda, 2009-2013-cü illərdə bu göstəricilər müvafiq olaraq 1,5 və 2,3 həddinə yüksəlmişdir. Başqa sözlə, fiskal multiplikator 2004-cü ildən - yəni əsas neft gəlirlərinin daxil olmasına uyğun büdcənin sürətlə böyüməsinə müvafiq şəkildə artmışdır. 2013-cü ildə fiskal multiplikator maksimal həddə çatdıqdan sonra azalmağa başlamışdır. Bu o deməkdir ki, təkcə fiskal alətlə iqtisadi artımı təmin etmək imkanları məhdudlaşır. Buna görə də sürətlənən biznes və institutsional islahatlar özəl sərmayənin cəlbini təmin etməklə iqtisadi artımı sürətləndirməlidir.
- Azərbaycanda
fiskal multiplikatora təsir edən amillər hansılardı?
- Kölgə iqtisadiyyatının həcminin
son illərdə kiçilməsi fiskal multiplikatora müsbət
təsir göstərir. İlzetzkinin fikrincə,
iqtisadiyyat nə qədər kiçik olursa, fiskal multiplikator
da o qədər artır. Bu baxımdan Azərbaycan
nisbətən kiçik iqtisadi miqyasları ilə daha
yaxşı vəziyyətdədir. Amma
iqtisadiyyatın açıq olması fiskal multiplikatora
azaldıcı təsir göstərir, çünki fiskal stimullar
müəyyən həddə idxalı maliyyələşdirməyə
gedir.
Azərbaycanda fiskal
institutların təkmilləşdirilməsi, o cümlədən
vergi və gömrük inzibatçılığı sahəsində
aparılan islahatlar fiskal multiplikatora müsbət təsir
göstərir. Xüsusən də vergi
yükünün sahibkarlar üçün
optimallaşdırılması fiskal stimul kimi qiymətləndirilməlidir.
Maliyyə Nazirliyində "Vergi və gömrük sahəsində
verilmiş güzəştlərə dair "Mərkəzləşdirilmiş
Elektron Reyestr Sistemi” yaradılır. Yeni sistem vasitəsilə
ötürüləcək bəyannamə məlumatları
güzəşt tətbiq olunan vergi və gömrük
rüsumlarının hər bir növü üzrə
mülkiyyət, iqtisadi fəaliyyət, neft və qeyri-neft
sektoru parametrləri baxımından dövlət büdcəsinə
güzəştlərin tətbiqi nəticəsində mədaxil
olunmayan vəsaitlərin hesablanmasına, nəticə etibarı
ilə faktiki büdcə itkilərinin müəyyən edilməsinə
imkan yaradacaq. Buradan əldə olunmuş məlumat
əsasında büdcə gəlirləri üzrə fiskal
multiplikatoru daha dəqiq hesablamaq mümkün olacaq.
Dövlətin borcunun
aşağı olması iqtisadi agentlərdə büdcə
siyasətinə inamı artırır, beləliklə,
"dar gün” üçün yığıma meyil
azalır və bu hal fiskal multiplikatora artırıcı təsir
göstərir. Korsettinin fikrincə, ölkədəki məzənnə
rejimi nə qədər az çevikdirsə,
pul siyasətinin büdcə siyasətinə uyğunluğu
da bir o qədər yüksəkdir. Beləliklə,
fiskal stimulun məzənnə kanalı vasitəsilə
"sızması” ehtimalı da azalır. Azərbaycanda tənzimlənən məzənnə
rejiminin olması fiskal stimulların məzənnə
kanalı ilə axmasına imkan vermir. Əksinə,
son aylarda Azərbaycanın valyuta bazarında izafi likvidlik
manatın bahalaşmasına təzyiq göstərir.
Azərbaycanda qiymətli
kağızlar bazarının az inkişaf etməsi, başqa
sözlə, qiymətli kağızlar bazarının ÜDM-ə
nisbətini ifadə edən Baffet əmsalının 17 faiz
olması, fiskal multiplikatora artırıcı təsir göstərir.
Azərbaycanda 2019-cu ildə
həyata keçirilən sosial paketin
ünvanlılığı, daha doğrusu, ailələrə
və əsasən da aztəminatlı insanlara yönəlməsi
onların istehlak xərclərini və deməli, həm də
fiskal multiplikatoru artırır.
Təhlil göstərir ki,
Prezidentin rəhbərliyi altında Azərbaycanda aparılan
fiskal islahatlar - fiskal intizamın
yaxşılaşdırılması, dövlət müəssisələrində
korporativ idarəetmənin gücləndirilməsi, büdcə
xərcləmələrində səmərəliliyin və
şəffaflığın artırılması və
institutsional inkişaf büdcə siyasətini daha nəticəverən
edir. Çünki indiki halda büdcə xərclərinin
miqyası deyil, səmərəliliyi əsas hədəf
olmalıdır.
- Azərbaycanda
dövlətin fiskal dəstəyini regional müqayisədə
necə qiymətləndirərdiniz?
- Hazırda alıcılıq qabiliyyəti
pariteti ilə hesabladıqda Azərbaycanda hər nəfərə
düşən icmal büdcə xərcləri 6,6 min beynəlxalq
dollar təşkil edir ki, bu da Azərbaycanın Cənubi
Qafqaz və Mərkəzi Asiyada bu göstərici üzrə
lider ölkə olduğunu göstərir.
Alıcılıq qabiliyyəti
pariteti ilə hesabladıqda Azərbaycanda hər nəfərə
düşən icmal büdcə xərcləri
Qazaxıstandan, Özbəkistandan və Ukraynadan 1,1,
Tacikistandan 1,4, Ermənistandan 1,5, Moldovadan 2, Gürcüstandan
2,4 və Qırğızstandan 3,8 dəfə çoxdur. Azərbaycan region ölkələri ilə
müqayisədə iqtisadiyyata kifayət qədər yüksək
fiskal dəstək verir.
- Fiskal siyasət
iqtisadi artımı sürətləndirməkdə nə dərəcədə
rol oynayacaq?
- Səmərəli və nəticə
əsaslı fiskal siyasət iqtisadi artımı dəstəkləyir.
Amma bu yetərli olmadığından islahatlar
kompleks aparılır. Frederick S. Pardee Mərkəzinin
"Dünyanın Gələcəyi Modeli” əsasında
hesablamaları göstərir ki, əgər bizim bölgədə
iqtisadi artım tempi 2,2 faizi aşmasa, onda
davamlı inkişaf məqsədlərinə çatmaqda
çətinlik çəkəcəyik. Bu kontekstdə demək
istəyirəm ki, Azərbaycanda iqtisadi artım tempinin son
beş ildə sürətlənərək bu il 3 və gələn
il 3,7 faizə çatması
proqnozlaşdırılır. Asiya İnkişaf
Bankının hesablamalarına görə bizim bölgədəki
ölkələr daha da gücləndirilmiş islahat gündəliyinə
keçməklə, daha doğrusu, institutsional islahatları və
insan kapitalının inkişafının sürətləndirməklə
indiki iqtisadi artım tempini 2-3 dəfə artıra bilərlər.
Təsadüfi deyildir ki, cənab Prezident
İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva
insan kapitalının inkişafına bu qədər yüksək
diqqət yetirirlər.
- Fiskal siyasət
katalizator rolunu oynayır və sərmayə cəlbinə
şərait yaradır. Azərbaycanda qeyri-neft
sektoruna sərmayə cəlbini necə qiymətləndirirsiniz?
- Müstəqillik illərində Azərbaycanda
hər nəfərə 30 min ABŞ dollarına yaxın sərmayə
düşür ki, bunun da yarısını qeyri-neft sektoruna
investisiya qoyuluşu təşkil edir. Qeyri-neft sektorunda əsas
kapitala yönəldilmiş vəsaitlər ötən il 1,9 faiz artmışdır. Burada nəzərə
alınası bir vacib məqam da var. Sərmayə qoyuluşu
bir tərəfdən əsas fondların köhnəlməsini,
digər tərəfdən isə yeni əsas fond
ehtiyacını ödəməlidir. Vergi Məcəlləsinin
tələbinə görə, əsas fondların amortizasiya
normaları azalan qalıq prinsipinə əsasən belədir:
binalar, tikintilər və qurğular - 7 faizədək,
maşınlar və avadanlıq - 20 faizədək, yüksək
texnologiyalar məhsulu olan hesablama texnikası üzrə - 25
faizədək, nəqliyyat vasitələri - 25 faizədək
və s. Göründüyü kimi, əsas fonda sərmayə
qoyuluşu ən azı köhnəlmə dəyərini
qarşılamaqla bərabər həm də artıq
olmalıdır ki, iqtisadi yüksəlişi dəstəkləsin.
Bunun üçün Azərbaycanda əsas
fondlara sərmayə qoyuluşunun daha üstün templə
arıtımı təmin olunmalıdır.
Multiplikator-akselerator effektinin
işləməsi lazımdır. Yəni sərmayə
qoyuluşu iqtisadi artımı sürətləndirməlidir,
eyni zamanda artan iqtisadiyyat yeni sərmayə qoyuluşunu təmin
etməlidir. Sərmayə qoyuluşunda
dövlətin payı azaldılmalıdır, çünki
Azərbaycanda fiskal multiplikator getdikcə aşağı
düşür. Yəni ölkənin
iqtisadi inkişafının dövlət xərcləmələri
hesabına təmin edilməsi potensialı azalır, bu mənada
biz doyma nöqtəsinə yaxınlaşmışıq.
Buna görə də Azərbaycanda daha çox
qeyri-dövlət sərmayələrinin artması təşviq
edilir. Bunun üçün Azərbaycanda əlverişli
biznes mühiti, sabitlik, inkişaf etmiş infrastruktur və
ucuz enerji daşıyıcılarımız var. Sərmayələrin
cəlbini sürətləndirmək üçün
institusional inkişaf və ixtisaslı işçi qüvvəsi
məsələsinə indi daha çox diqqət yetirilir.
Təsəvvür edin ki, Azərbaycanda yüzlərlə
startaplar, onları maliyyələşdirməyə hazır
insanlar, uğurlu startapları almağa razı olan investorlar
olduğu halda, çatışmayan bu işi təşkil edəcək
investisiya fondları və vençur fondlarıdı. Bu halda İsrail təcrübəsində olduğu
kimi, vençur fondları bir institut olaraq startaplar, sahibkarlar və
investorlar arasında işi təşkil etməklə uğur
hekayəsi yarada bilərlər. Azərbaycanda
bazar infrastrukturunun inkişafı istiqamətində islahatlar
davam edəcək ki, bu da iqtisadiyyatın maliyyələşdirilməsini
daha da artıracaq.
Hər sahənin son məhsulunun
1 milyon manat artmasının ölkə üzrə multiplikativ
effektini UNEC-in İqtisadi Araşdırmalar Elmi-Tədqiqat Mərkəzi
hesablamışdır. Əgər mədənçıxarma sənayesinin məhsulunun
1 milyon manat artmasının ölkə üzrə multiplikativ
effekti 1,18 olmuşdursa, emal sənayesində
bu göstərici 2,07 təşkil edib. Deməli,
biz iqtisadiyyatın "emal dərinliyini” daha çox
artırmalıyıq ki, daha yüksək multiplikativ effekt əldə
edək.
Azərbaycan Prezidenti
İlham Əliyev tərəfindən aparılan sistemli və
davamlı islahatlar kursunun tərkib hissəsi olan fiskal
islahatlar Azərbaycanı regionun ən rəqabətqabiliyyətli
və sosial rifah dövlətinə çevirmişdir.
Müsahibəni apardı:
Rəşad CƏFƏRLİ
Azərbaycan.-
2020.- 18 fevral.- S.1; 3.