Xəyanətin qurbanı

 

Repressiya

 

2018-ci ildə azərbaycanlıların soyqırımının 100 illiyinə dair respublikamızda, eləcə də bir çox xarici ölkədə maraqlı tədbirlər keçirildi. Tarixin qanlı səhifələri vərəqləndi, yeni sənədlər, arxiv materialları üzə çıxdı, kitablar nəşr edildi, sərgilər təşkil olundu, filmlər çəkildi, vətənpərvər insanlar anıldı. Xatırlananlardan biri də XX əsrin əvvəllərində Gədəbəyin Şınıx nahiyəsində erməni silahlı quldurlarının hücumlarının qarşısını almaq məqsədilə yaradılmış özünümüdafiə dəstəsinə başçılıq edən Qaçaq Cəfərquludur.

Cəfərqulu Həsən oğlu Orucov 1897-ci ildə Gədəbəyin Mormor kəndində dünyaya göz açmışdı. Atası Həsən kişi, anası Nənəxanım sadə kənd adamı idilər. Cəfərqulu nə məktəbdə oxuyub, nə gimnaziya bitirmişdi. Nə bəy olub, nə qolçomaq. Amma ucaboy, irigövdəli, çevikqorxmaz bir igid idi. Ağlı kəsəndən kəndlərinə hücum edən, el-oba adamlarının mal-qarasını oğurlayan, azərbaycanlı ailələrinin qanına susayan terrorçu ermənilərlə mübarizə aparıb.

Cəfərqulu günün çox hissəsini dağda-dərədə keçirirdi, "ova” gələn erməninin axırına çıxırdı. Dəfələrlə dağda, örüş yerində rastlaşdığı erməni İranda, Türkiyədə ölmüşlərinin canına and içərək Cəfərqulunu inandırmağa çalışırdı ki, o, bu yerlərə təsadüfən gəlib, ya deyirdi, inəyim itib, onu axtarıram, yaxud da filan kənddə qohumum var, ora gedirəm. Amma bir neçə gündən sonra məlum olurdu ki, Qaraqayada çobanları öldürüb mal-qaranı aparan elə həmin erməni imiş. Ona görə də Cəfərqulu çiynində tüfəng dağlardan-dərələrdən yığılmırdı.

Yeri gəlmişkən, ötən əsrin əvvəllərində erməni qətliamlarına və basqınlarına qarşı çıxdığı üçün Cəfərqulunun böyük qardaşı Abuzəri Yelizavetpol (Gəncə) quberniya xəfiyyələri həbs edib Sibirə sürgünə göndərmişdilər. 1914-cü ildə Abuzərin Sibirdən gələn ölüm xəbərindən sonra Cəfərqulunun erməni quldurlarına və onların havadarlarına nifrəti daha da artmışdı.

Erməni qəsbkarları tək Mormora yox, Gədəbəyin digər kəndlərinə də basqın edirdilər. Hətta yay aylarında bu dağlara dincəlməyə gələn, mal-qarasını yaylaq yerinə gətirən Şəmkir və Tovuz sakinlərinə də silahlı hücumlar edirdilər. Şəmkirin Qaracəmirli və Qazpanlı kəndlərindən yaylağa gedən qoyun-quzu, mal-qara sürülərinin çobanlarına göz verib işıq vermirdilər. Dağya meşə yolunda çobanlara qəflətən hücum edib soyurdular, qoyun-quzunu oğurlayırdılar. Hətta arabalarındakı qəndi, çayı, unu belə əllərindən alırdılar. Dəfələrlə baş verən insidentdə atışma zamanı hər iki tərəfdən ölənlər və yaralananlar olmuşdu. Tovuzun Əlimərdanlı kəndindən Kərbəlayi Kərimin və Məşədi Bəşirin ailələri Alatalada yaylaqda olarkən övladları Qədiri, Nadiri və Paşanı valideynləri ilə birlikdə amansızcasına qətlə yetirib nələri varsa, götürüb aparırlar. Məşədi Bəşirin azyaşlı oğlu Adil qətlə yetirilənlərin cəsədi altında qaldığından ermənilərin diqqətindən yayınmış və sağ qalmışdı. Quldurlar gedəndən sonra Adil Tovuza gəlib hadisəni xəbər verir. Aradan illər keçəndən sonra bolşeviklər onu qolçomaq adı ilə tutub Sibirə sürgün edirlər.

Alatala faciəsinin ağrı-acısı unudulmamış daşnaklar axşamçağı ot biçinindən qayıdan dörd mormorlunu yolda vəhşicəsinə qətlə yetirirlər, cəsədlərini gizlədirlər. Cəfərqulu quldurlara xəbər göndərir ki, meyitləri qaytarın. Cəfərqulunun adını eşidən ermənilər həmin gün meyitləri gətirib deyilən yerə qoyurlar.

Erməni vəhşiliklərinin qarşısını almaq üçün Cəfərqulunun böyük qardaşı Abbasəli, əmisi oğlanları Paşa, Ağbaş Məhəmməd, Dadaş, Qulu, İsrəfil, bibisi uşaqları Əsəd və Zülfüqar da ona qoşulmuşdular.

Növbəti dəfə ermənilər Quzğun qayasının yaxınlığından mormorluların mal-qarasını, qoyun-quzusunu sürüb aparırlar. Hamı Cəfərquludan kömək umur. Cəfərqulu mal-qara aparan ermənilərə xəbər göndərir ki, bu işin axırının pis qurtarmasını istəmirsinizsə, mal-qaranı geri qaytarın. Bir neçə gün gözləyir, səs çıxmayanda təkrar yenə adam göndərir, nəticəsi olmur. Cəfərqulu dəstə üzvlərini götürüb yollanır həmin ermənilərin qoyun-quzuları otarılan örüşə tərəf, orada ermənilərin nə qədər mal-qarası varsa, yığıb gətirir kəndə. Kimin nə qədər qoyun-quzusunu aparmışdılarsa, sayıb əvəzini verir, yerdə qalanını isə kasıblara paylayır.

Basqınların təşkilatçısı və baş icraçısı, "Daşnaksütyunterror dəstəsinin üzvü Boqrat bilirdi ki, Cəfərqulu onları axtarır, girəvə düşən kimi istədiyini edəcək. Odur ki, Cəfərquluya yaşadığı əraziyə yaxın yaylaq yerində qəfildən hücum edib öldürməyi qərara alırlar. Bu məqsədlə yaylağa "Daşnaksütyunun sıralarında təlim görmüş bir erməni göndərirlər. O, yaylaqda alaçıq qurur, qonşularla və ətrafda qoyun-quzu otaranlarla münasibət yaradır. Lakin günlər keçsə də, erməni ona tapşırılan işin öhdəsindən gələ bilmir. Məcbur olub əraziyə basqın etməyi, bu qarmaqarışıqlıqda nəyin bahasına olursa-olsun Cəfərqulunu öldürməyi planlaşdırırlar. Həmin erməniyə də tapşırırlar ki, "camaata desin ki, daşnaklar sizi qırmağa gələcəklər, qaçıb getsinlər, camaat azalsa, istəyimizə daha tez nail ola bilərik”. Erməni hamı tərəfindən tanındığı üçün, həm də ondan şübhələnməsinlər deyə, "bu gün daşnaklar sizi qıracaqlar, tez olun qaçın” deyib, özüüz tutur naməlum istiqamətə.

Amma yerli camaat hay-küyə getmir, Cəfərqulu bəndi-bərəni bərkidib, kənd igidləri ilə Araba yolunun yaxınlığında mövqe tutur. Demə, daşnaklar onlardan əvvəl gəlib pusqu qurublarmış.

Cəfərqulunun dəstə üzvləri gecənin bir aləmində silahı bir tərəfə qoyub təzəcə mürgüləmişdilər ki, ermənilər onları atəşə tuturlar. Yaxşı silahlansalar da, düzgün mövqe tuta bilməyən ermənilər itkilərinin sayının anbaan çoxaldığından silah-sursatlarını tullayıb qaçırlar...

Xalqımızı erməni qırğınından xilas etmək üçün 1918-ci ildə Azərbaycana gələn Nuru paşa yerli əhalinin hesabına canlı qüvvələri artırmaq üçün Azərbaycan hökuməti tərəfindən ona verilmiş səlahiyyətlərdən istifadə edərək 11 iyun 1918-ci ildə 1894-1899-cu illərdə anadan olmuş gənclərin orduya səfərbər edilməsi haqqında əmr verir. Hətta Əlağa Şıxlinski ilə Gəncəbasarın qərb yaşayış məntəqələrinə gedərək əhalini vətəni düşməndən müdafiə etməyə çağırırdı. Onların çağırışına əhali böyük coşqu ilə cavab verirdi. Bu zaman Qazaxa gedib könüllü döyüşçülər sırasına yazılan Cəfərqulunun yaxın qohumu CabbarMuxtar Nuru paşaya Cəfərqulunun yaxşı tüfəng atan, qorxmaz və döyüşkən olduğu haqqında danışır və onun da bu bölgüyə salınmasını təvəqqe edirlər. Onlar növbəti gün Cəfərqulunu Nuru paşa ilə görüşdürürlər.

Paşa 21 yaşlı Cəfərqulu ilə tanışlıqdan məmnun qalıb deyir ki, "gəl səni göndərək İstanbula, hərbi təhsil al, səndən yaxşı hərbçi olar...” Cəfərqulu təşəkkür edib deyir ki, el-obamdan ayrı düşsəm, erməni cəlladları o kəndi yerlə-yeksan edərlər. Nuru paşa Mormordan türk ordusu sıralarına qoşulmağa gələn Cabbarla Muxtara tapşırır ki, sizgedin bu igidə arxa olun.

Qanlı-qadalı illərdə Qafqaz İslam Ordusu Gəncədən Bakıya kimi erməni daşnakları ilə ölüm-dirim savaşına qatılanda Cəfərqulu da silahdaşları ilə Şınıx istiqamətində erməni silahlıları ilə mübarizə aparırdı. Gəncədə, Dəstəfurda (indi Daşkəsən), Gədəbəydə, Şəmkirdə ermənilər bolşeviklərlə əlbir olub Milli Hökuməti sarsıtmaq üçün azərbaycanlılara qarşı terror və qətliamlar törədirdilər. Gədəbəyin bir tərəfində əliyalın camaatın müdafiəsində Mustafa ağa, Qaçaq Məcid və Məşədi Mehralı dayanırdısa, digər tərəfində Qaçaq Cəfərqulu və onun dəstə üzvləri dururdular. Təəssüf ki, bu mübarizədə bolşevik-daşnak birləşmələrinin köməyinə gələn XI ordu 1920-ci ilin aprelində Milli Hökuməti devirdi. Bu məqamdan istifadə edən şaumyanlar, androniklər azərbaycanlı əhaliyə qarşı qətliamları daha da şiddətləndirdilər. 1920-ci ildə Qaçaq Cəfərqulu inqilabi hökumətin əsgərləri tərəfindən həbs edilib Bakıya Bayıl türməsinə göndərilir. Necə olursa, Cəfərqulu buradan qaçır və yenidən Gədəbəyə, doğma kəndinə qayıdır. Həmin dönəmdə çox adam dağlara, bir qismi Kürqırağı ormanlara çəkilib ölkəni başdan-başa bürüyən Milli Müqavimət Hərəkatına qoşularaq ölüm-dirim savaşına qatılmışdı. Gədəbəy nahiyəsində Qaçaq Cəfərqulunun mövqeyi bolşevik-erməni məmurlarına bəlli idi. O, bütün dəstə üzvləri ilə Mustafa ağanın yaratdığı və Qaçaq Məcidin başçılıq etdiyi Həqiqi Sinfi Mübarizə Təşkilatının sıralarında xalqımızın milli müstəqilliyini əlindən alan və azərbaycanlıların soyqırımını həyata keçirən imperiya qüvvələrinə qarşı son damla qanınadək mübarizə aparmağı qərara almışdı.

İnqilabi hökumətin nümayəndələri çuğul komsomolçuların vasitəsilə Cəfərqulunun yerini biləndən sonra mühasirəyə salıb diri tutmaq, ya da öldürmək istəyirdilər. Lakin bu plan hər dəfə iflasa uğrayırdı, yerli şəraitə yaxşı bələd olan Cəfərqulu bolşevik əsgərləri onun üstünə gələndə dəstə üzvləri ilə gizli yollarla dağlara çəkilirdi. Gəncə qəzasında, habelə inqilabi hökumətin Gədəbəy, Şəmkir, Tovuz bölmələrinin qapalı yığıncaqlarında Milli Müqavimət Hərəkatının Gədəbəyin Şahtalası istiqamətində Məcid ağa, Mustafa ağa, Məşədi Mehralı ilə yanaşı, Şınıx nahiyəsində Qaçaq Cəfərqulunun da tezliklə tutulub məhv edilməsi iki gündən bir gündəmə gətirilirdi. 1926-cı il mart ayının əvvəllərində "Novruz çərşənbələrində ola bilməz ki, Cəfərqulu evə baş çəkməyə gəlməsin” deyə belə ehtimalla Cəfərqulunu məhv etməyi planlaşdırırlar. Buna görə NKVD-nin Tovuz rayon şöbəsində söhbətdən keçmiş, təlimatlandırılmış və silahlandırılmış 14 nəfərlik dəstə yaradılır.

Cəfərqulunun öldürülməsi konkret olaraq NKVD sıralarına qatılmış, onu yaxından tanıyan İbrahimə tapşırılır. İbrahim çar dönəmində Gürcüstanın azərbaycanlılarla həmsərhəd ərazilərində çapovulçuluqla məşğul olardı. Yeni hökumət qurulandan sonra bolşeviklərə qoşulub NKVD işçisi olmuşdu. Ona görə NKVD-nin Tovuz rayon şöbəsinin rəisi işi ona tapşırmışdı.

Atlılar Mormora girəndə kənd camaatı "Görəsən, kimi güllələməyə, ya həbs etməyə gəlirlər?!” deyə vahimələnir. Bu gəlişi Dumanlıdan Cəfərqulu, Paşa, Ağbaş Məhəmməd, Əsəd və digərləri də görürlər. Dəstə Cəfərqulunun həyətinə keçir, onu evdə tapmayanda atların ağzını birbaşa Dumanlıya tərəf salırlar.

Cəfərqulu gələnlərin arasında özünü ona dost kimi təqdim edən İbrahimi, Qoltaxsaz oğlu İsrəfili tanıyır. Xeyli aralıdan səslənir: "Niyə gəlmisiniz?!”

İbrahim, sonra da İsrəfil dillənir ki, qapına qonaq gəlmişik, ürəyinə heç nə gəlməsin, acmışıq, gəl, bir yerdə çörək yeyək.

Onların təklifini kişi sözü kimi qəbul edən Cəfərqulu silahdaşları ilə dağdan düşür, bir yerdə gəlirlər evə. Həyətdə ocaq qalanır, kabab çəkilir. Axıra yaxın Cəfərqulu "təzə, isti kabab gətirim” deyib qapıya tərəf dönəndə dəstəyə rəhbərlik edən hərbi geyimli polkovnik yanındakılara işarə edir ki, məqamdır. İsrəfil və yanındakı "qonaqarxadan Cəfərquluya hücum edib qollarını tuturlar. Əlbəyaxa dartışmada evin döşəməsi sınır, Cəfərqulunun bir ayağı döşəmənin arasında qalır. Fürsəti fövtə verməyən Qaltaxsız oğlu İsrəfil Cəfərqulunun belindəki xəncəri çıxarıb onun ürəyinə sancır.

Səs-küyə gələn Paşa Cəfərqulunun öldürüldüyünü görəndə beşaçılana əl atıb İbrahimi güllələyir. Dəstə başçısı Paşanı qolundan yaralayıb, yanındakılara əmr edir ki, tutun onu. Cəfərqulunun faciəli ölümünə dözməyən bacısı Əbilin ürəyi partlayır.

NKVD və QPU əməkdaşları Qaçaq Cəfərqulunun meyitini araba ilə Tovuz rayon mərkəzinə gətirib hökumət adamlarına təhvil verirlər.

 

***

 

Qanlı-qadalı illərdən xeyli vaxt keçsə də, faciələr yaddan çıxmır, xəyanətin qurbanı olmuş Qaçaq Cəfərqulunun igidliyi unudulmur.

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2020.-19 fevral.- S.7.