Qarabağda qələbəmizin möhtəşəm
başlanğıcı
Münxen
Təhlükəsizlik Konfransında Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevlə
Ermənistanın baş naziri Nikol Paşinyan arasında
baş tutmuş debat (bəzi mətbuat orqanları buna
"Duel” də deyirlər) bir çox məqamları ilə əlamətdar
oldu. Əvvəla, iki
sərhəd qonşusu - eyni
zamanda separatçı ermənilər
sayəsində düşmən olmuş
ölkələrin liderlərinin dövlət və hökumət
başçısı kimi səviyyələri
ortaya qoyuldu.
Münxendə məntiqlə məntiqsizlik, savadla
savadsızlıq, ziyalılıqla meydan
boşboğazlığı üz-üzə durdu.
Açığı,
özündən asılı olmayaraq nizamsız fikirləri
(fikirsizliyi) ilə miskin vəziyyətə
düşmüş Paşinyan çox məzlum
görünürdü. Dili topuq çalırdı. Prezident İlham Əliyev
Dağlıq Qarabağın ərazi kimi
hansı respublikaya mənsub olduğu barədə konkret,
tarixi faktlarla məlumat
verdi. Təbii ki,
debatın qaydalarına əsasən, qarşı tərəf
kontur sübutlar,
arqumentlər gətirməklə rəqibinə cavab verməli idi. Təkzibolunmaz
faktlar qarşısında
çaşqın vəziyyətdə qalmış Paşinyan mətləbə dəxli olmayan bir əfsanə ilə
tədbir iştirakçılarının da
təəccübünə səbəb oldu.
Bu təəccübün içində ona qarşı bir ironiya, gülüş də
var idi. Dedi ki, eramızdan əvvəl
Böyük Tiqran
adlı kral olub. Onda Qafqazlarda ancaq ermənilər... Bu məqamda
İlham Əliyev onun
sözünün davamı olaraq rişxəndlə "və yenə ermənilər
yaşayıb” dedi. Bu
replikadan sonra zalda əyləşənlərin çoxu artıq gülüşünü
içərilərində boğub saxlaya bilmədilər.
Paşinyan
tarixi dəlil əvəzinə, necə deyərlər, "Məlikməmməd
nağılı” danışdı. 45 dəqiqədən
çox çəkən debat
Paşinyan üçün
əsl cəhənnəm əzabı oldu.
O, başa düşdü
ki, Münxen Təhlükəsizlik
Konfransı kürsüsü Yerevanın
kütlələrin toplaşdığı mitinq
meydanı deyil. Burada pafos, erməni xalqının beyninə hopdurulmuş yalanlar keçmir.
O,
İlham Əliyevlə üzbəüz oturub. O liderlə
ki, xalqının, torpağının,
dövlətçiliyinin tarixini,
uğurlarını, faciələrini çox
yaxşı bilir. Dünyanın nəhəng
dövlətlərinin liderləri ilə bərabər səviyyədə
diplomatik, siyasi əlaqələr
qurmaqda mahir olan İlham Əliyevlə!
Yeri
gəlmişkən, hamıya indi aydın oldu ki, Ermənistanın
keçmiş prezidentləri Koçaryan və Sarkisyan niyə
Azərbaycan lideri ilə görüşləri müxtəlif
bəhanələr gətirməklə yarımçıq tərk
ediblər, əslində qaçıblar. Çünki İlham Əliyevlə təkbətək
söhbət etməyə səviyyə, savad,
bilik, məntiqlə danışmaq
bacarığı və nəhayət, cəsarət
lazımdır.
Münxen debatında erməni siyasətçilərinin uzun onillərdən bəri davam edən saxta, uydurma "faktlar”, hadisələr üzərində qurulmuş təbliğat maşını da beynəlxalq səviyyədə ciddi zədə aldı. Ona görə ki, Paşinyan nə dedisə, hamısı yalan çıxdı. Gah dedi Qarabağ Stalin hakimiyyəti tərəfindən Atatürkə xatir Azərbaycana verilib. Gah dedi Dağlıq Qarabağda Şaumyan yaşayış məntəqəsi olub. Gah da dedi Xocalı soyqırımını azərbaycanlılar törədib.
Təbii
ki, hər üç iddiası cənab İlham Əliyevin
tarixi sənədlərdən gətirdiyi sitatlarla təkzib
edildi. Yuxarıdakı iki səhvini
bəlkə də savadsızlığının, necə deyərlər,
cığallığının ayağına yazmaq olardı. Amma
Xocalı haqqında iftiralarını riyakarlıqdan, insani hisslərdən xaliliyindən başqa heç nə ilə
yozmaq mümkün deyil.
Dünya Paşinyanın simasında erməni xalqının bu xislətini də gördü. Dünya artıq inanmağa başladı ki, bu xislətli erməni "tarixçilərinin” Osmanlı Türkiyəsinin ayağına yazdıqları "erməni soyqırımı” da şərdən, böhtandan, qarayaxmadan başqa bir şey ola bilməz. Beləliklə, cənab İlham Əliyev Münxen debatında dünya ictimaiyyətində saxta "erməni soyqırımı”na da əsaslı şübhələr yaratdı.
İlham Əliyevin çıxışlarını istər beynəlxalq, istərsə də respublika miqyasında izləyənlər təsdiq edə bilərlər ki, o, sözləri zərgər dəqiqliyi ilə cilalayır və nəzərdə tutduğu hədəfi sərrast zərbə ilə nokaut vəziyyətinə salır. Yəqin ki, ötən il oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında hörmətli Prezidentimizin söylədiyi nitq oxucuların yadındadır. Həmin nitqində o, ermənilərin milli qəhrəman səviyyəsinə qaldırdığı, hətta Həştərxanda büstünü qoyduqları faşist Qaragen Njdenin II Dünya müharibəsində sovet xalqlarına qarşı törətdiyi cinayətləri Rusiya ictimaiyyətinin diqqətinə çatdırdı. Bu çıxış Rusiyada böyük əks-səda yaratdı. Və tezliklə Həştərxanda erməni faşistinin büstü biabırçı şəkildə söküldü.
Münxendəki debat isə faşist ideologiyasının təəssübkeşi, müdafiəçisi və icraçısı Nikol Paşinyanın baş nazir kimi gələcəyini sual altında qoydu. Görünür, onu da Njdenin büstünün aqibəti gözləyir. Artıq bu aqibətin əlamətləri özünü büruzə verməkdədir. Hətta Ermənistanın qucağına sığındığı Amerika Birləşmiş Ştatlarından, Rusiyadan Nikolun acizliyi, Azərbaycanın isə Dağlıq Qarabağ münaqişəsində haqlı tərəf olduğu etiraf edilir.
ABŞ-ın "The USA Tribune” qəzetində siyasi icmalçı Robert Qorovitsin "Münxendə söz dueli və onun qalib "revolveri” məqaləsində Paşinyana heç bir anlayışı olmadığı beynəlxalq hüquq barəsində mülahizə yürütməyi irad tutdu. Müəllif məqalənin sonunda yazır: "Söz dueli Paşinyan üçün uğursuz başa çatdı, belə ki, o, Əliyevin bəyanatlarından ciddi "yaralar” və faktlara söykənən arqumentləri təqdim etmək bacarıqsızlığı ucbatından böyük zərbə aldı”.
"Hər hansı lider bir dəfə səhvə yol verə bilər, lakin bütün dünya arenası qarşısında, mühüm siyasi diskussiya zamanı, dünya təhlükəsizliyi üzrə əsas tədbirdə bunu etmək sadəcə bağışlanılmazdır. Bu onu göstərir ki, İlham Əliyevlə müqayisədə Paşinyan dünya siyasətçilərinin sadəcə başqa, ən aşağı kateqoriyasına daxildir”. Bu sözləri isə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin panel müzakirəsini şərh edən Rusiyanın Siyasi Tədqiqatlar İnstitutunun direktor müavini Darya Qrevtsova demişdir.
Ermənistanın Respublika partiyasının sədr müavini Armen Aşotyan isə öz ölkəsinin baş nazirini "patoloji yalançı və fərasətsiz qorxaq” adlandırmışdır.
Münxen debatı Azərbaycan diplomatiyasının, Azərbaycanın dövlət siyasətinin parlaq qələbələrindən biridir. Qarabağın həqiqi sakinlərinə qaytarılması uğrunda mübarizəmizin mühüm mərhələlərindəndir, qələbəmizin möhtəşəm başlanğıcıdır.
Səttar
MÖHBALIYEV,
Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq
Həmkarlar İttifaqları Konfederasiyasının
vitse-prezidenti
Azərbaycan.-2020.- 22 fevral.- S.1;7.