İnsanlığa qarşı amansız cinayət

 

Xocalı faciəsindən 28 il keçir

 

Tarixinin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci ilin qarlı qışında Xocalıda üzləşdi. Sovetlər imperiyasının süqutu ilə yaranan mürəkkəb tarixi və ictimai-siyasi şəraitdə dövlət müstəqilliyini yenicə qazanan Azərbaycanın üzləşdiyi ərazi itkisi ilə yanaşı, əsrin ən dəhşətli faciələrindən birini yaşaması ölkənin yeni tarixinə qara hərflərlə yazıldı.

 

 

Faciəyə gedən yolun başlanğıcı

 

 

Xocalı qətliamının, eləcə də ondan əvvəl xalqımıza qarşı dəfələrlə törədilən soyqırımlarının vaxtında hüquqi-siyasi qiymətini almaması illər boyu Azərbaycanın üzləşdiyi ən böyük ədalətsizliklərdən biri olub. Bu ədalətsizliyin aradan qaldırılması üçün uzun müddət heç bir addım atılmayıb. Yaşanan faciələr, o cümlədən Xocalı soyqırımı haqda ətraflı təfsilatlı araşdırmalar yalnız Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra aparılıb. Eyni zamanda bu hadisələrə hüquqi-siyasi qiymətin verilməsi prosesi başlanıb. Dünyaya xalqımızın üzləşdiyi fəlakətlər barədə ətraflı, fakt və sübutlarla zəngin olan məlumatlar çatdırılıb. XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı faciəsinin də həm bir soyqırımı olaraq təsbit edilməsi, həm də bu barədə əsl həqiqətlərin dünyaya çatdırılması məhz Ulu Öndər Heydər Əliyevin sayəsində mümkün olub.

Tarixin ironiyası isə ondan ibarətdir ki, ötən əsrin sonlarında Dağlıq Qarabağ münaqişəsinin başlanması ilə Azərbaycan xalqının üzləşdiyi yeni faciələr, yaşadığı soyqırımları elə Heydər Əliyevin hakimiyyətdən uzaqlaşdırılmasından sonra baş verdi.

Həmin vaxta qədər keçmiş SSRİ rəhbərliyinin hərtərəfli dəstəyini alan ermənilərin Azərbaycana qarşı məkrli planlarının reallaşmasının qarşısını məhz Ulu Öndər Heydər Əliyev kəsirdi. Ermənilər və onların himayədarları yaxşı başa düşürdülər ki, Heydər Əliyev hakimiyyətdə olduğu müddətdə Azərbaycana qarşı heç bir iddialarını reallaşdıra bilməyəcəklər.

Artıq sübut olunmuşdur ki, ölkəmizin ermənilər tərəfindən ərazi bütövlüyünə qəsd planı əvvəlcədən hazırlanmışdı. SSRİ-yə rəhbərlik edən M.Qorbaçovun yanında və Kremldə mərkəzi rəhbərlikdə yer alan ermənilər tərəfindən müdafiə olunan planın reallaşması üçün ciddi işlər görülürdü. Lakin planın praktik mərhələyə keçməsi Azərbaycan xalqının böyük oğlunun SSRİ-də mühüm rəhbər postlardan birində yer aldığı müddət ərzində mümkünsüz idi və bu həqiqətlə ermənilər, onların himayədarları birmənalı şəkildə barışırdılar. Bu səbəbdən ermənilərin təhriki və diktəsi ilə hərəkət edən M.Qorbaçov ilk növbədə Heydər Əliyevi tutduğu vəzifədən uzaqlaşdırmağa çalışırdı və təəssüf ki, buna da nail oldu. Heydər Əliyevin hakimiyyətdən uzaqlaşdırılmasının əsas səbəblərindən biri SSRİ siyasi rəhbərliyini ələ almış erməni lobbisinin təsir və təzyiqləri idisə, digər səbəb Qorbaçovun subyektiv hisslərin əsiri olması, özündən daha yaxşı idarəçilik qabiliyyətinə, səriştəyə malik bir şəxsin Kremldə işləməsini həzm edə bilməməsi idi.

Azərbaycanın böyük oğlunun Siyasi Bürodan uzaqlaşdırılmasından cəmi 15 gün sonra M.Qorbaçovun xeyir-duası ilə ermənilər Azərbaycana qarşı qəsd planlarının icrasına başladılar. 1987-ci ilin noyabrında M.Qorbaçovun məsləhətçisi olan qatı şovinist A.Aqanbekyanın Parisdə "Humanite” qəzetindəki bəyanatında bildirilirdi ki, Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana verilməsinə dair artıq Moskvanın razılığı var. Bütün bunları xatırlayan Heydər Əliyev deyirdi: "Siyasi Bürodan istefa verdikdən 15 gün sonra Qarabağ məsələsi ortaya çıxdı. Qorbaçovun ən yaxın adamı, iqtisadi məsələlər üzrə müşaviri, milliyyətcə erməni olan professor Aqanbekyan Parisdə keçirdiyi bir mətbuat konfransında "Dağlıq Qarabağ Ermənistana verilməlidir” demiş, bu məsələ ilə əlaqədar Qorbaçovu da qızışdırmışdır. Moskvanın Qarabağ əməliyyatı mənim Siyasi Bürodan getməyimdən 15 gün sonra həyata keçirilməyə başlandı. Deməli, bu plan hələ əvvəlcədən hazırlanmış, lakin tətbiq olunmasına mən ciddi maneə imişəm”.

SSRİ rəhbərliyinin Dağlıq Qarabağın Ermənistana verilməsinə dair razılığının olduğu 1988-ci ilin əvvəllərində M.Qorbaçovun Silva Kaputikyan başda olmaqla, bir qrup şovinist erməni ilə görüşü zamanı da üzə çıxdı. Bunun ardınca Xankəndidə, Yerevanda anti-Azərbaycan və antitürk ruhlu mitinqlər genişləndi. Bundan sonra erməni "Qarabağ Komitəsi”, onun Dağlıq Qarabağ Muxtar Vilayətindəki separatçı-terrorçu təşkilatı "Krunk” gizli fəaliyyətlərinə son qoyaraq açıq şəkildə niyyətlərini bəyan etməyə, Azərbaycana qarşı ərazi iddiaları səsləndirməyə başladılar. Bunun nəticəsi olaraq ermənilər tərəfindən "Miatsum” adlanan hərəkat da formalaşdırıldı.

O dövrdə Azərbaycana rəhbərlik edən şəxslər artıq özünü qabarıq formada və aydın şəkildə büruzə verən Dağlıq Qarabağ münaqişəsinin çözümü istiqamətində hansısa praktik addımların atılmasında acizlik nümayiş etdirirdi. Yalnız Kremlin göstərişləri əsasında atılan addımlar Azərbaycan ərazilərinin qəsb olunması prosesini sürətləndirirdi. Qarabağ məsələsinin ortaya çıxması isə elə ilk dövrlərdə Moskvada olan Heydər Əliyevi ciddi narahat edirdi. Bu səbəbdən Qorbaçovla, onunla mümkün olmadıqda Siyasi Büronun digər üzvləri Liqaçovla, Çebrikovla, Kryuçkovla görüşüb problemin həllinə çalışırdı. Qarabağın əzəli Azərbaycan torpağı olmasına dair əlindəki sənəd və sübutları da Kreml rəhbərliyinə təqdim etmək istəyən Heydər Əliyevə rəsmi Kremlin cavabı belə oldu: "Biz Qarabağda erməni-azərbaycanlı münaqişəsi ilə bağlı problemi özümüz həll edəcəyik”.

Belə vəziyyət - Azərbaycan rəhbərliyinin fəaliyyətsizliyi, təslimçilik mövqeyi ölkəmizin əzəli və tarixi ərazisi olan Dağlıq Qarabağda Ermənistanın mövqeyinin daha da güclənməsinə gətirib çıxarırdı. Erməni separatçılarının bu yerlərdə mövqelərinin güclənməsi və ona qarşı rəhbərlik səviyyəsində ciddi tədbirlərin görülməməsi isə ölkə ərazilərinin itirilməsinin, faciələrin, o cümlədən Xocalı soyqırımına gedən yolun başlanğıcını qoyurdu.

SSRİ rəhbərliyi Dağlıq Qarabağın tədricən Azərbaycandan ayrılması üçün müvafiq addımlar atmağa başladı. 1988-ci ilin fevralında Dağlıq Qarabağ Muxtar Vilayətinin yalnız erməni deputatlarının iştirakı ilə keçirilən növbədənkənar sessiyası vilayətin Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistanın inzibati-ərazi bölgüsünə daxil edilməsi barədə qərar qəbul etdi. Azərbaycan SSR Ali Soveti Konstitusiyaya zidd olan qərarı rədd etdikdən sonra Ermənistanın millətçi rəhbərləri "Daşnaksütyun” partiyasının "Türksüz Ermənistan” proqramını həyata keçirməyə başladılar. Bu isə tarixi Azərbaycan torpaqlarında yaranan, indiki Ermənistan ərazisində olan on minlərlə azərbaycanlıya qarşı böyük qəddarlıqlarla müşayiət olunan etnik təmizləməyə rəvac verilməsi demək idi.

 

 

Köməksiz qalan dinc azərbaycanlı əhali

 

 

 

Elə həmin dövrdə ermənilərin Dağlıq Qarabağda da separatçı fəaliyyəti genişlənirdi. Ölkə rəhbərliyindən heç bir kömək görməyən azərbaycanlılar isə yaşadıqları ərazilərin müdafiəsi məqsədilə özləri fəaliyyətə başladılar. Ermənilərin qəsbkarlıq niyyəti bir çox yaşayış məntəqələri kimi, Xocalını da özünümüdafiəsini gücləndirməyə vadar etdi. 1988-ci il fevralın 12-də Xocalı rəhbərliyi Əsgəranda keçirilən yığıncağa dəvət olundu. Yığıncaqda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi V.Konovalovun, şöbə müdiri M.Əsədovun iştirakına baxmayaraq, ermənilər Ermənistana birləşmək istədiklərini açıq şəkildə bəyan etdilər. Xocalının sabiq icra başçısı Elman Məmmədov deyir ki, həmin yığıncaqdan çıxıb Xocalıya gəldikdən sonra ağsaqqallar və ziyalılarla təcili görüş keçirərək vəziyyəti müzakirə etdik. Elə həmin gündən Xocalının və ətraf kəndlərin müdafiəsi üçün müdafiə komitəsi yaradıldı. Bu məqsədlə postlar yaradıldı. Bu postlara çıxan dəstələrin isə silahları yalnız ov tüfənglərindən ibarət idi. Ermənilərin Xocalı və bütövlükdə Dağlıq Qarabağ üçün yaratdığı təhlükə ilə bağlı Bakıya, Moskvaya saysız-hesabsız teleqramlar vurulsa da, nəticə görünmürdü.

Belə bir vaxtda Ermənistanda yaşayan azərbaycanlıların vəziyyəti getdikcə ağırlaşırdı. Ermənistanda repressiyaya məruz qalan və tarixi ata-baba yurdlarından qovulan soydaşlarımız Azərbaycana pənah gətirərək ölkənin müxtəlif yerlərində, o cümlədən Xocalıda məskunlaşdılar. Onlara Xocalı rəhbərliyi tərəfindən torpaq sahəsinin ayrılmasını isə nə Əsgəran, nə də Xankəndi qəbul edirdi və bu qərarı özbaşınalıq kimi qiymətləndirirdilər.

Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən etibarən Xocalı bu problemin ağırlığını öz üzərində hiss edirdi. Ermənistandan qovulmuş soydaşlarımızın və Fərqanədən olan Ahıska türklərinin böyük bir dəstəsi məhz Xocalıya pənah gətirmişdi. 1500 Ermənistan qaçqını və 495 Ahıska türkü Xocalıda məskunlaşmış, onlara torpaq sahəsi ayrılmış, evlər tikilmişdi. O dövrdə, ümumiyyətlə, Xocalıda tikinti-quruculuq işləri geniş vüsət alırdı. Belə ki, 1988-ci ilin oktyabrında Azərbaycan hökuməti tərəfindən Xocalının sosial inkişafına dair xüsusi qərar qəbul edilmişdi. Bu qərarla əlaqədar ölkənin müxtəlif rayonları Xocalıya və bütövlükdə Qarabağa kömək göstərirdi. Azərbaycanın rayonlarından Xocalıya tikinti materialı daşınır, işçi qüvvəsi gəlirdi. Xocalı sürətlə tikilir, genişlənir və gözəl bir şəhərə çevrilirdi.

Ancaq təəssüf ki, Kremlin xeyir-duası ilə Ermənistandan olduğu kimi, Dağlıq Qarabağdan da azərbaycanlıların sıxışdırılıb çıxarılması prosesinə start verildi. Təkcə Xankəndidən 18 min azərbaycanlı qovuldu. Xankəndini tərk etməyə məcbur qalan azərbaycanlıların bir qismi yenə də pənah yeri kimi Xocalıya üz tutdu. Azərbaycanın ovaxtkı rəhbərliyi hadisələrə fəal müdaxilə etmək əvəzinə Kremldən gələn əmrlər əsasında hərəkət edir, xalqın taleyinə biganə yanaşırdı.

 

 

Şəhərə ilk böyük hücum

 

 

Belə bir vaxtda Dağlıq Qarabağda yaşanan qarşıdurmanın xarakterik xüsusiyyətlərindən biri yollarda "daş müharibəsi”nin getməsi idi. Bu, əsas etibarı ilə Xankəndi-Xocalı-Əsgəran arasında özünü göstərirdi. Həmin istiqamətdə keçən yoldan azərbaycanlılara məxsus avtomobilləri ermənilər daşa tutur, onları əzir, sahiblərinə müxtəlif xəsarətlər yetirirdilər. Bunun əvəzi isə Əsgərandan Xankəndiyə, habelə əks istiqamətdə hərəkət edən və beləliklə, Xocalıdan keçmək məcburiyyətində qalan ermənilərə məxsus avtomobillərdən çıxılırdı. Ermənilər Xocalı maneəsinin mümkün qədər tez neytrallaşdırılmasına çalışır və kiçik bir həmlə ilə Xocalını məhv edəcəklərinə inanırdılar. Elə bu məqsədlə də 1988-ci il sentyabrın 18-də Xankəndidə keçirilən nümayiş meydanından 12 minə qədər erməni 10 kilometrlik məsafəni piyada qət edərək Xocalıya tərəf üz tutdu. Ermənilərdən irəlidə isə "KrAZ” və "KaMAZ” markalı 4 yük avtomobili gəlirdi. O da məlum oldu ki, ermənilərin arasında xüsusi təlim keçmiş döyüşçülər var. Bundan başqa, ermənilər benzin doldurulmuş butulkalarla, ucu itilənmiş dəmirlərlə silahlanmışdılar. Lakin bunlar Xocalı sakinlərini qorxutmadı. Əksinə, Xocalıya iki kilometr qalmış ermənilərə qarşı az bir qüvvə ilə həmləyə keçən xocalılılar onları geri oturtdular. Sonradan isə məlum oldu ki, həmin vaxt ermənilər arasında yaşanan qarmaqarışıqlıq nəticəsində onlardan yaralanan da olmuşdur. Hadisənin səhərisi günü Zori Balayan "YAK-140” təyyarəsi ilə 12 nəfər həkimlə birlikdə Ermənistandan Xankəndiyə gəldi. Yalnız sentyabrın 21-də Bakıdan Azərbaycan KP Mərkəzi Komitəsi Xocalıya nümayəndə heyəti göndərdi. Lakin bu nümayəndələr daha çox ermənilərə müqavimətə görə öz iradlarını bildirirdilər. Hadisədən az sonra mərkəzdən gələn istintaq qrupu isə baş verənlərə görə bir neçə Xocalı sakininin həbsinə dair qərar çıxardı. Elə bundan sonra yollarda və digər məntəqələrdə keşik çəkən sovet ordu qüvvələri erməniləri daha çox müdafiə etdi.

 

Strateji əhəmiyyətli yaşayış məntəqəsi

 

 

Bu dövrdə artıq "daş müharibəsi” intensivləşir və odlu silahlardan daha çox istifadə olunurdu. Yerevandan Xocalı aeroportuna edilən gündəlik reyslərin sayı 30-a çatdırılmışdı. Həmin təyyarələrlə ermənilər Xankəndiyə hərbi sursat daşıyırdılar. Ancaq sonradan Xocalı polisinin fədakar əməyi sayəsində Ermənistandan gələn reyslərin sayı 4-ə qədər azaldı. Hətta Moskvanın bu məsələyə qəti etirazını bildirməsinə baxmayaraq, Xocalı polisi inadından dönmədi və sərnişin reyslərindən başqa heç bir yük təyyarəsinin Xocalı aeroportuna enməsinə yol vermədi.

Beləliklə, Dağlıq Qarabağ münaqişəsi fonunda ermənilərin əsas hədəflərindən biri olaraq Xocalını seçməsi heç də təsadüfi deyildi. Ermənilərin Xocalı şəhərini hədəfə almaqda əsas məqsədi bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən, ümumiyyətlə, Xocalını yer üzündən birdəfəlik silmək idi. Öz miqyasına və dəhşətlərinə görə dünya tarixində analoqu olmayan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqları daha uzağa hesablanmış məqsəd güdürdülər. Onların əsas niyyəti Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Bununla da ermənilər Sovet ordusunun 366-cı alayının köməyi ilə tarixdə ən qanlı səhifələrdən birinin yazılmasına nail oldular. Beləliklə, ötən əsrdə Xocalı daha bir faciə yaşamış oldu. Həmin faciədən əvvəl də Xocalı öz tarixində bir neçə dəfə erməni təcavüzünə məruz qalmış, soyqırımlarına uğramışdı. Təkcə XX əsrin əvvəllərində - 1905-ci, 1906-cı, 1917-ci və 1918-ci illərdə də Xocalı dörd dəfə erməni təcavüzünə məruz qalmış, yandırılmış, talan edilmiş, dağıdılmış, lakin ayağa qalxaraq düşməndən qisasını almış, yenidən bərpa olunmuş və yaşamışdı. Amma sən demə tarix Xocalını daha bir qanlı faciə ilə sınağa çəkməyə hazırlaşırmış.

 

Ermənilərin niyyətini yaxşı bilən Xocalı sakinləri müəyyən müdafiə tədbirləri görürdülər. Düşmən isə yaxşı anlayırdı ki, Xocalının ələ keçirilməsi Qarabağ münaqişəsinin sonrakı taleyində həlledici rol oynayan əsas məqamlar sırasındadır. Ermənilərin diqqətini Xocalıya cəlb edən önəmli səbəblərdən biri onun geostrateji mövqeyi idi. 7000 əhalisi olan Xocalı Xankəndidən 10 kilometr cənub-şərqdə, dağ silsiləsində, Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşir. Qarabağdakı yeganə hava limanı da məhz Xocalıda idi. Ermənilərin əsas istəklərindən biri məhz buradakı hava limanı vasitəsilə Ermənistanla daha rahat əlaqə yaradılmasına nail olmaq idi. Dağlıq Qarabağda hələ A.Volskinin hakimiyyəti dövründən Xocalı aeroportuna gündə 20-30 təyyarə enib-qalxırdı. Onların əsas yükü silah və xarici ölkələrdən köməyə gələn könüllü və muzdlu əsgərlər idi. Dünyanın hər yerindən Dağlıq Qarabağ ermənilərinə kömək etmək üçün erməni könüllüləri daşınırdı. 1990-cı ilin noyabrında Əlif Hacıyev Xocalı təyyarə limanında Xətt Daxili İşlər Bölməsinin rəisi və Xocalı aeroportunun komendantı təyin olundu. Bu, ermənilərin silah daşımasının qarşısını müəyyən qədər aldı. Lakin yollarda qətl və təxribat hadisələri davam edirdi.

1991-ci ilin sonlarında SSRİ-nin dağılması ilə keçmiş sovet məkanında yeni geosiyasi şərait yarandı. Ermənistan faktiki olaraq Azərbaycana qarşı açıq və ədalətsiz müharibəyə başladı. Ermənistanın hərbi birləşmələri Azərbaycanın sərhədlərini pozub Qarabağa daxil oldu və Dağlıq Qarabağın erməni separatçı-terrorçuları ilə birləşərək Azərbaycan torpaqlarının işğalına başladı. Moskvadan və xaricdəki erməni diasporundan verilən dəstək, ovaxtkı Azərbaycan rəhbərliyinin yarıtmaz siyasəti nəticəsində ciddi müqavimətlə üzləşməyən ermənilər 1991-ci ilin oktyabrında Tuğ və Salakətin kəndlərini işğal etdilər. Bunun ardınca Xocavənd də işğalçıların nəzarəti altına keçdi.

 

 

Erməni işğalına qarşı sipər

 

O dövrdə Xocalı yenə də ermənilərin işğal siyasətinin daha sürətlə genişlənməsinə mane olmağa çalışırdı. Belə ki, ermənilər azərbaycanlılar yaşayan kəndlərə hücum edəndə Xankəndiyə və ermənilərin məskunlaşdıqları digər yerlərə Xocalıdan müqavimət göstərilir və düşmənin öz niyyətini həyata keçirməsinə maneələr yaradılırdı. Lakin Xocalıya və Qarabağın düşmən hücumuna məruz qalan digər bölgələrinə ovaxtkı Azərbaycan iqtidarı tərəfindən lazımi yardımlar edilməməsi və hakimiyyət uğrunda gedən savaşlar ermənilərin öz niyyətini daha asan reallaşdırmalarına imkan verirdi. Məhz bunun nəticəsində 1992-ci il yanvarın 10-da ermənilər Axullu kəndini zəbt edə bildilər. Elə həmin ilin fevralında Malıbəyli və Quşçular kəndləri hücuma məruz qaldı. Xankəndidə yerləşən 366-cı alayın bilavasitə iştirakı ilə bu kəndlər də ermənilər tərəfindən işğal olundu. Malıbəyli və Quşçular kəndlərinin işğalından bir neçə gün sonra Dağlıq Qarabağın ən iri yaşayış məskənlərindən olan Qaradağlı yenə də 366-cı motoatıcı alayın əsgər və zabit heyəti, eləcə də müxtəlif xarici ölkələrdən gətirilmiş muzdlu döyüşçülər hesabına ermənilərin əlinə keçdi.

Artıq 1992-ci il fevralın 18-də Xocalı istiqamətində olan yaşayış məntəqələri azərbaycanlılardan təmizlənmiş, yüksək mövqelər ermənilər tərəfindən tutulmuşdu. İndi ermənilər üçün əsas hədəf Xocalı idi. Xocalıda isə vəziyyət getdikcə ağırlaşırdı. Şəhər 1991-ci ilin oktyabrından blokadada idi. Oktyabrın 30-dan etibarən şəhərə gələn bütün avtomobil yolları bağlanmış, yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Belə vəziyyət şəhərə özünümüdafiə üçün silah, ərzaq və digər zəruri məhsulların çatdırılmasında ciddi problemlər yaradırdı. Ermənilərin hücumları isə ara vermirdi. 1991-ci il sentyabr ayının 24-də Ağdamdan Xocalıya fəhlə gətirən avtobus Əsgəranda daşqalaq edildi, sürücü və sərnişinlər ağır yaralandılar. Bundan iki gün sonra isə Xocalı polis şöbəsinin iki əməkdaşı maşında atəşə tutulub qətlə yetirildi. Ətraf erməni kəndlərindən hər gecə Xocalı "Alazan” və "Kristall” raket qurğularından atəşə tutulurdu. Noyabr ayından isə Xocalının Ağdama və Şuşaya çıxış yolları tamamilə bağlandı.

Həmin dövrdə Dağlıq Qarabağda erməni separatçıları daha da fəallaşdılar, 1991-ci ilin sentyabrında "Dağlıq Qarabağ respublikası” adlanan oyuncaq dövlət yaradıldığını bildirdilər. Noyabr ayının 26-da isə Azərbaycan Ali Soveti Dağlıq Qarabağın muxtar vilayət statusunun ləğv olunduğunu bəyan etdi.

Proseslərin gedişi gərginliyi daha da ağırlaşdırırdı. Təcrid vəziyyətinə düşmüş Xocalıya sonuncu vertolyot 1992-ci il yanvar ayının 28-də endi. Şuşa səmasında mülki vertolyotun vurulması və içərisindəki 40 nəfər azərbaycanlının həlak olmasıyla şəhərlə hava əlaqəsi də kəsildi. Yanvarın 2-dən Xocalıya elektrik enerjisi də verilmirdi. Xocalılılar ancaq öz hünərləri və şəhər müdafiəçilərinin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdular. Şəhərin müdafiəsi əsasən avtomat və ov tüfəngləri ilə silahlanmış yerli özünümüdafiə dəstəsindən, yerli milis qüvvələrindən və Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu.

Fevralın ikinci yarısından başlayaraq erməni silahlı dəstələri tərəfindən mühasirəyə alınmış Xocalı hər gün toplardan, ağır texnikadan atəşə tutulur, erməni dəstələrinin həmlələrinə məruz qalırdı. Şəhəri əhatə edən Daşbulaq, Mehdikənd, Ballıca, Həsənabad, Pirəməki, Noraguh və Mirzəcan kəndlərinə avtomat və pulemyotlarla silahlanmış yüzlərlə erməni yaraqlısı, "Alazan” raket qurğuları, PDM, ZTR və tanklar cəmlənmişdi. Qüvvələrin əsas hissəsi isə Xankəndidə və Əsgəranda hücum əmrinə hazır dayanmışdı. Həmin dövrdə şəhərdə hələ 3 min nəfər yerli əhali olsa da, Xocalıya vertolyot da göndərilmirdi. Ermənilər istər canlı qüvvə, istərsə də hərbi texnika və silah sarıdan xocalılılardan müqayisəedilməz dərəcədə üstün idilər. Buna baxmayaraq, ölkə rəhbərliyi şəhərin xilası istiqamətində heç bir tədbir görmürdü.

Halbuki düşmənin Xocalını yeni əsas hədəf kimi seçməsi və buraya hücuma hazırlaşması barədə ovaxtkı Azərbaycan rəhbərliyinə lazımi məlumatlar verilmişdi. Baş verənlərdən mərkəzi hakimiyyət tam xəbərdar idi. Təəssüf ki, heç bir tədbir görülmədi.

 

 

Tarixə qanla yazılan gün

 

 

Yaranan vəziyyətdən maksimum faydalanmağa çalışan ermənilər Xocalını daha tez ələ keçirməyə səy göstərirdilər. 1992-ci il fevralın 25-də saat 22 radələrində Ermənistandan Azərbaycan Respublikası ərazisinə keçirilmiş silahlı qüvvələr, habelə Dağlıq Qarabağın millətçi ermənilərindən təşkil olunmuş qanunsuz silahlı dəstələr keçmiş SSRİ Müdafiə Nazirliyinin 366-cı motoatıcı alayının komandir heyəti və hərbi texnikası ilə birgə Xocalı şəhərinə hücuma keçdilər. Hücumda 366-cı alayın komandiri Zarviqorov Yuri Yureviç və mayor Ohanyan Seyran Muşeqoviçin komandanlığı altında alayın 2-ci batalyonu, Nabokix Yevgeni Aleksandroviçin komandanlığı altında 3-cü batalyonu, həmçinin 1-ci batalyonun qərargah rəisi Çitçiyan Valeriy İsaakoviç, habelə alayda xidmət edən 50-dən çox erməni və digər millətlərdən olan zabit və gizirlər iştirak edirdilər. Eyni zamanda hücum zamanı 90-dan çox tank, piyadaların döyüş maşını, top və digər müasir hərbi texnikadan istifadə olundu.

Hücumdan əvvəl şəhər şiddətli top atəşinə tutuldu. Güclü artilleriya atəşi şəhərdə olan müdafiə postlarını və müdafiə nöqtələrini sıradan çıxardı. Bundan sonra gecə saat 1-dən başlayaraq 4-ə qədər piyadaların şəhərə daxil olması davam etdi. Şəhərdə axırıncı müqavimət nöqtəsi səhər saat 7-də susduruldu. Bu zaman yenə də 366-cı alayın texnikasından istifadə olundu.

Beləliklə, ermənilər çoxsaylı tanklar, PDM və zirehli transportyorların müşayiəti ilə Xocalını ələ keçirdilər. Onlar şəhərə daxil olduqdan sonra dinc əhalini xüsusi amansızlıqla qətlə yetirməyə başladılar. Azğınlaşmış düşmən mülki əhaliyə, o cümlədən qadınlara, uşaqlara, qocalara, bir sözlə, qarşılarına çıxan hər bir kəsə müxtəlif çaplı odlu silahlardan atəş açır, hərbi texnikanın altına salıb əzir, mühasirədən çıxıb qaçmağa müvəffəq olanları isə yollarda, keçidlərdə, meşələrdə təqib edərək vəhşicəsinə öldürürdülər. Əsir və girov götürdükləri azərbaycanlılara da aman vermir, işgəncə ilə qətlə yetirirdilər.

 

 

613 nəfər qəddarlıqla qətlə yetirildi

 

Qətlə yetirilən insanların başlarının dərisi soyulur, müxtəlif əzaları kəsilir, gözləri çıxarılırdı. Qadınların qarınları yarılır, adamlar diri-diri torpağa basdırılır və ya yandırılır, meyitlər eybəcər hala salınırdı. Xocalıda mülki əhalinin düşünülmüş şəkildə qətlə yetirilməsini sübut edən çoxsaylı faktlardan biri də budur ki, həmin gün qaçıb xilas olmaq istəyənlərin çoxu ərazinin çıxış yollarında əvvəlcədən xüsusi hazırlanmış pusqularda güllələnmişdir.

Faciənin törədilməsinə rəvac verənlər sırasında Ermənistanın sabiq prezidentləri Levon Ter-Petrosyan, Robert Koçaryan və işğalçı ölkənin indiki dövlət başçısı Serj Sarkisyan da vardı. Hələ 1992-ci ildə Levon Ter-Petrosyan erməni ordusuna müraciətində deyirdi: "Siz, ermənilər düşməni öldürərkən ürəyiyumşaqlıq göstərməməlisiniz. Dağlıq Qarabağda azərbaycanlı deyilənləri qırıb qurtarana və orada öz sivilizasiyamızı bərqərar edənə qədər sizin düşmənə yazığınız gəlməməlidir”. Dağlıq Qarabağ separatçılarına rəhbərlik edən Robert Koçaryan da eyni mövqenin sahibi idi. Ermənistanın indiki prezidenti Serj Sarkisyan isə 1992-ci ildə Xocalı soyqırımını törədən qüvvələrin komandanlarından olub, həmin qüvvələri təşkilatlandıraraq yüzlərlə insanın ölüm əmrini verib və beləliklə, soyqırımında şəxsən iştirak edib. Bu mənada Sarkisyanın Tomas de Vaalın "Qara bağ” kitabında yer alan aşağıdakı fikirləri də çox şey deyir: "Xocalıya qədər azərbaycanlılar elə bilirdilər ki, bizimlə zarafat etmək olar, onlar elə fikirləşirdilər ki, ermənilər dinc əhaliyə əl qaldırmazlar. Biz o stereotipi sındırdıq”.

Faciə baş verən gün əsasən qadınlar, uşaqlar və qocalardan ibarət dəstə Qaraqaya tərəfə üz tutaraq Əsgəranın qarşısında, meşədə gizlənmişdi. Adamlar gecə şaxtalı havada səhərə qədər dayanıb gözlədikdən sonra dan yeri ağaran zaman meşədən çıxıb Ağdama tərəf hərəkət etmək istəyəndə pusquda dayanan ermənilərin güllələrinə tuş gəldilər. Təlaş və vahimə içərisində qaçan adamların bir qismi böyük çətinliklə Dəhraz kəndinə gəlib çıxsa da, orada yenə silahlı ermənilər tərəfindən kütləvi şəkildə qətlə yetirildilər, əsir götürüldülər. Kətik meşəsinə qaçanlardan da xeyli insan qətlə yetirildi. Silahsız insanlara qarşı kütləvi qətllər törədən, soyqırımı həyata keçirən ermənilər ən vəhşi üsullardan, işgəncə metodlarından istifadə edir, öldürülmüş insanların cəsədlərinin başına min bir oyun açırdılar.

28 il öncə - 1992-ci il fevral ayının 26-da Ermənistan silahlı birləşmələri imperiyapərəst qüvvələrin bilavasitə iştirakı və havadarlığı ilə Azərbaycan xalqına qarşı növbəti qanlı təcavüzə əl ataraq tarixdə misli görünməmiş Xocalı soyqırımını törətdilər. Xocalı şəhərinin minlərlə əliyalın mülki əhalisi güclü müasir hərbi texnika ilə silahlanmış düşmənin qəfil və amansız hücumuna məruz qaldı. Ermənilər 613 nəfəri, o cümlədən 106 qadın və 63 uşağı xüsusi qəddarlıqla qətlə yetirdilər. 1275 nəfər əsir aparıldı, 150 nəfər itkin düşdü. Qocalar, qadınlar, uşaqlar, hətta südəmər körpələr ən dəhşətli üsul və vasitələrlə qətlə yetirildilər, girov götürülərək insanlığa sığmayan həqarət və təhqirlərlə üzləşdilər. Yeddi minlik əhalisi olan bütöv bir şəhər yerlə-yeksan edildi.

Xocalı soyqırımı erməni faşizminin iç üzünü bir daha açıb göstərməklə təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş tarixi cinayətdir və beynəlxalq hüquqa uyğun olaraq sivilizasiyalı dünya tərəfindən mühakimə olunmalıdır. Bu qan yerdə qalmayacaq, Xocalı soyqırımında müqəssir olan hər kəs öz cinayətkar əməlinə və milli xəyanətinə görə xalq qarşısında mütləq cavab verəcək.

 

Rəşad CƏFƏRLİ

Azərbaycan.-2020.- 25 fevral.- S.1;7.