Romada Leyla Əliyevanın ideya müəllifi olduğu “Xocalı. 20 il, 10 hekayə. Bunlar həqiqət ola bilərdi...” kitabındakı hekayələr əsasında ədəbi-musiqili tamaşa nümayiş etdirilib

 

Azərbaycanın İtaliyadakı səfirliyinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə Romanın "Sala Umberto” teatrında Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya ədalət!” beynəlxalq kampaniyasının təşəbbüskarı Leyla Əliyevanın ideya müəllifi olduğu "Xocalı. 20 il, 10 hekayə. Bunlar həqiqət ola bilərdi...” kitabındakı hekayələr əsasında "10 hekayə. Bunlar həqiqət ola bilərdi...” adlı ədəbi-musiqili tamaşa təqdim olunub.

Yerli ictimaiyyətin böyük marağına səbəb olmuş tədbirdə İtaliyanın dövlət qurumlarının nümayəndələri, parlament üzvləri, İtaliyada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, ölkənin mədəniyyət, elm, akademik dairələrinin tanınmış şəxsləri, jurnalistlər də daxil olmaqla 250-dən çox tamaşaçı qatılıb.

Qeyd edək ki, tamaşa Romada ilk dəfə 2017-ci ildə İtaliyada Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar təşkil olunmuş tədbirlər çərçivəsində nümayiş etdirilib. Həmin vaxt tamaşaçıların marağı nəzərə alınaraq tamaşa bu ilİtaliyada təşkil olunan aidiyyəti tədbirlər siyahısına daxil edilib.

Tamaşa "Bayatı Şiraz” muğamının sədaları altında Azərbaycanın dilbər diyarı olan Qarabağın müxtəlif guşələrinin, əslən Qarabağdan olan Azərbaycanın məşhur simalarının, eləcə də Qarabağın işğaldan sonrakı vəziyyətini nümayiş etdirən fotolarının nümayişindən ibarət kompozisiya ilə başlayıb.

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə bu musiqinin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 30 ildən çoxdur ki, öz doğma yurd-yuvalarından didərgin düşmüşdoğma torpaqlarına qayıtmaqdan, hətta öz yaxınlarının məzarlarını belə ziyarət etməkdən məhrum olmuş 1 milyondan çox azərbaycanlı qaçqın və məcbur köçkünün, təcavüz nəticəsində həyatını itirmiş 10 minlərlə azərbaycanlının, Xocalı soyqırımının qurbanlarının haray səsi olduğunu deyib. Xocalı soyqırımını Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün və Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliyin kulminasiyası adlandıran diplomat Xocalıda baş verənlər barədə danışıb, bu hadisələri insanlıq əleyhinə cinayət adlandırıb, Xocalıda baş verənlərin bir daha təkrarlanmaması üçün beynəlxalq səviyyədə daha geniş məlumatlandırma işinin aparılmasının önəmini vurğulayıb, bu xüsusda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kompaniyasının əhəmiyyətindən danışıb.

Sonra "10 hekayə, bunlar həqiqət ola bilərdi...” adlı ədəbi-musiqili tamaşa göstərilib. Beynəlxalq səviyyədə tanınmış violonçelist Pierluici Ruccieronun bədii tərtibatçılığı əsasında hazırlanmış tamaşa "Xocalı. 20 il, 10 hekayə. Bunlar həqiqət ola bilərdi...” kitabındakı hekayələr və İtaliyanın müxtəlif orkestrlərinin direktoru olmuş, pianoçu Culiano Di Cüzeppenin məhz bu tamaşa üçün hazırladığı musiqi parçaları əsasında qurulub. Hekayələri aktyorlar Edoardo OlivaValeria Ferri səsləndirib, musiqi parçalarını isə Pierluici Rucciero, Culiano Di Cüzeppe, skripkaçı Zoltan Banfalvi, gitaraçı Luka Trabukki ifa edib. Tamaşanın səhnə tərtibatı üçün aidiyyəti kitabdakı rəsmlər, "Xocalı uşaqların gözü ilə" mövzusunda yeniyetmə rəssamların çəkdiyi şəkillər, dünyada Xocalı soyqırımı abidələri, soyqırımının beynəlxalq səviyyədə tanınmasını əks etdirən kadrlar, habelə Xocalı soyqırımı ilə bağlı ölkəmizdə və İtaliyada təşkil olunan tədbirlərin fotolarından istifadə edilib.

Tədbir İtaliya KİV-lərinin, o cümlədən müxtəlif televiziya kanallarının diqqət mərkəzində olub.

 

Azərbaycan.-2020.- 27 fevral.- S.4.