Müdhiş gecənin ağrı-acıları

 

Keçən əsrin dəhşətli cinayət hadisələrindən olan Xocalı soyqırımı təkcə Azərbaycan xalqının deyil, ümumilikdə bütün bəşəriyyətin qəlbində sağalmayan yaraya çevrilib. 28 il əvvəl fevralın 25-dən 26-na keçən gecə ermənilər keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalı sakinlərinə amansız divan tutdular.

"Böyük Ermənistan” xülyasını gerçəkləşdirməyin yeganə yolunu Azərbaycan ərazilərini zəbt etməkdə görən ermənilər havadarlarının köməyi ilə bir milyondan çox soydaşımızı yurd-yuvalarından didərgin salmışlar. Məcburi köçkün və qaçqın düşmüş soydaşlarımız respublikamızın müxtəlif bölgələrində məskunlaşaraq öz ata-baba yurdlarına qayıtmaq arzusu ilə yaşayırlar. Dövlət başçısının diqqət və qayğısı ilə həmin insanların çox hissəsi yeni salınmış qəsəbələrə köçürülmüşdür. Belə qəsəbələrdən biri Goranboy rayonunda salınmışdır. Əsasən xocalılıların məskunlaşdıqları qəsəbədə bütün infrastruktur layihələri həyata keçirilmiş, insanlar rahat və hər cür şəraiti olan mənzillərlə təmin edilmişdir. Qəsəbədə kimi dindirirsənsə, qəlbləri didib-parçalayan əzablı xatirə ilə yaşayır.

O qanlı-qadalı gecənin şahidi olan 75 yaşlı Qaryağdı Quliyevbaş verənləri unuda bilmir. 5 uşaq atası olan Qaryağdı kişi söhbət zamanı dedi ki, yaşadığı Dərələyək kəndində yaxşı ev-eşik tikdirməyə başlamışdı. Ancaq mənfur ermənilər Dağlıq Qarabağ iddiasına düşəndən evin tikintisi yarımçıq qalmışdı.

O, fevralın 25-dən 26-na keçən gecə baş verənləri dəhşət adlandırdı. Dedi ki, yaxşı ki, bir oğlumubir qızımı Ağdama qohumlarımın yanına göndərmişdim. Evdə həyat yoldaşım və 3 uşaq qalmışdı. Ermənilər hücuma keçəndə 3 övladımı və həyat yoldaşımı götürüb kənddən çıxdım. Güllə yağış kimi yağırdı. Qaladərəsi kəndinə üz tutduq. Kəndə daxil olanda gördük ki, ermənilər oranı da gülləbaran edirlər. Məcbur olub geri döndük. Bütün kənd camaatı poçtun qarşısına toplaşmışdı. Çünki Bakı ilə əlaqə qurmaq ancaq oradan mümkün idi. İnsanlar ancaq poçtda işləyən qızın səsini eşidirdilər. O, vəziyyəti başa salıb, kömək istəyirdi. Lakin çox çəkmədi ki, həmin qız ağlayıb heç bir kömək olmayacağını söylədi. Biz məcbur olub Qarqar çayını keçərək, meşəyə tərəf yollandıq. Hündür bir yerdən qayıdıb sonuncu dəfə kəndimizə baxdıq. Kənd od tutub yanırdı. Nəhayət, meşədən keçib Kəsik dağına qalxdıq. Bir nəfər soydaşımız bələdçilik edərək bizi Ağdama tərəf apardı. Möhkəm qar yağırdı. Həddindən artıq soyuq idi. Bir az getmişdik ki, ermənilərin atəşi ilə qarşılaşdıq. Məcbur olub yenidən geri qayıtdıq. Bizimlə birlikdə olan qardaşım Tahir Quliyev yeriyə bilmirdi. Həm yaralı idi, həm də ayaqlarını don vurmuşdu. Gedə bilməyəcəyini görüb - "siz gedin, artıq mənim getməyə gücüm qalmayıb” - dedi. Buna baxmayaraq onu çiynimə alıb Ağdama tərəf yollandım. Bir tərəfdə kiçik bir ocaq qaladım ki, azyaşlı uşaqlar isinsinlər. Lakin ailə üzvlərim gözə dəymədi. Ətrafı nə qədər axtardımsa, onları tapa bilmədim. Nəhayət, Ağdama çatdıq. Qardaşımı xəstəxanada yerləşdirsək də o, çox yaşamadı. Sonralar öyrəndim ki, ailə üzvlərim-həyat yoldaşım və 3 uşağım ermənilərin mühasirəsinə düşərək həlak olublar.

Öyrəndik ki, Qaryağdı Quliyevin sağ qalan oğlu Şakir üç, özü isə birotaqlı mənzillə təmin olunub. Ahıl yaşında Xocalı fəryadı qulaqlarından getmir. Öz ata-baba yurdu üçün darıxır və inanır ki, gec-tez bu arzusuna çatacaq.

Mübariz Həmidovun Xocalı faciəsi törədiləndə 12 yaşı vardı. Digər həmyaşıdları kimi, o da baş verənləri dərk etmək, səbəbini öyrənmək istəyirdi. Lakin verdiyi suallar həmişə cavabsız qalırdı. Söhbət zamanı Mübariz dedi ki, o, kiçik yaşında olanda ermənilər atasını öldürmüşdülər. Anası Kifayət 3 övladını birtəhər dolandırırdı. Lakin müharibə başlayandan onun da günü qara gəlmişdi. Balalarını qorumaq üçün canından keçməyə belə hazır idi. Ermənilərin şiddətli hücumları zamanı əmisi Elxan Səfiyev tez-tez onlara baş çəkir, qayğılarına qalırdı. Fevralın 25-dən 26-na keçən gecə ermənilərin hücumuna məruz qalan kənd sakinləri, eləcə də Mübarizin ailə üzvləri çıxılmaz vəziyyətdə qalmışdılar. Mubarizin əmisi Elxan onları kənddən çıxarararq Qala Dərəsi kəndinə, oradan da Ağdama tərəf yola saldı. Özü isə yenidən döyüş meydanına atıldı. Sonralar xəbər yayıldı ki, Elxan Səfiyev də qeyri-bərabər döyüşdə həlak olub.

Həmin gecə balaca Mübarizin də ayaqlarını don vurmuşdu. Anası Kifayət 3 övladını sağ-salamat Ağdama çatdırmaq üçün çox çalışdı. Lakin işıq saçan güllələr digər kənd sakinləri kimi, onları da vahiməyə salmışdı. Güllələrin qulaqbatıran səsi ailə üzvlərini pərən-pərən salmışdı. Mübariz yaralı olduğundan yeriyə bilmirdi. Bir müddət sürünə-sürünə getdikdən sonra huşunu itirdixeyli vaxt keçdikdən sonra özünə gəldi. Lakin nə anası Kifayəti, nə də qardaş-bacısını yanında görmədi. Nəhayət, gəlib Ağdamın Şelli kəndinə çatdı. Üç ay Bakının xəstəxanalarından birində müalicə alsa da, ayaqlarını saxlamaq mümkün olmadı. Xəstəxanada olarkən bacı və qardaşı ondan xəbər tutdular ki, Mübariz sağdır. Onlar tezliklə bir-birilərinə qovuşdular. Lakin sonralar eşitdilər ki, ermənilər anası Kifayəti əsir götürüb, minbir əziyyət verərək öldürüblər.

Nazilə Məlikova hadisələr baş verməmişdən əvvəl Xocalı məktəbində rus dili müəllimi işləyirdi. Ailəli idi və Qönçə adlı 2 yaşlı qızı vardı. Döyüşlər başlayanda həyat yoldaşı Zakir və qardaşı Şahin əlisilahlı kəndin keşiyini çəkirdilər. Xocalı soyqırımında onun da ailəsi bir neçə şəhid verdi. Qardaşı Şahinonun həyat yoldaşı İradə düşmən gülləsinə tuş gəldilər. Hazırda Nazilə 4 övlad anasıdır. Övladlarının hamısı ali təhsillidir. O, qəsəbədə 4 otaqlı mənzillə təmin olunub. Qəsəbədəki orta məktəbdə dərs deyir. Söhbət zamanı dövlət başçısına minnətdarlıq etdi. Dedi ki, ölkə rəhbəri bizə daim diqqət və qayğı göstərir.

 

Sabir ƏLİYEV

Azərbaycan.-2020.- 26 fevral.- S.7.