İnsanlar kütləvi şəkildə “Ana harayı” abidəsinə doğru axışırdılar

 

28 ildir ki, xalqımızın qan yaddaşına yazılan bir faciənin ağrı-acısını yaşamaqdayıq. Yalnız vətənində, doğma yurdunda yaşayan soydaşlarımızın deyil, dünya azərbaycanlılarının dilinin əzbərinə, nənələrin ağı-bayatısına çevrilib tar-mar olunan, bir gecənin içərisində məhv edilən, yer üzündən silinən, "tonqallara atılan Xocalımız.

Dünən Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək, ermənilər tərəfindən törədilmiş bu vəhşi qətliamı bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq məqsədi daşıyan izdihamlı mərasim bir daha göstərdi ki, xalqımız bu faciəni heç zaman yaddan çıxarmayacaq.

Anım mərasimində şəhid Xocalının şahid xocalılıları da az deyildi. "Ana harayı” abidəsinin ətrafında göz yaşı axıda-axıda doğmalarının daşa həkk edilən adlarını axtaranlardan biriRoza Quliyeva idi. Abidənin üzərində adları yazılmış bütün Quliyevlər onun doğmalarıdır. Atası da o gecə əsir düşüb: "Xocalı faciəsindən danışmaq çox ağırdır. Ermənilər qorxaq, xain və hiyləgərdirlər. Onlara kömək edən sovet ordusunun 366-cı alayı oldu. Atam əsirlikdən qayıtdıqdan sonra deyirdi ki, bizi orada döyən, zülm verənlərin birini də tanımırdıq. Deməli, xaricdən və Ermənistandan gələn muzdlu daşnaklar idilər”.

Sabir Aslanov Ağdamın Şelli kəndindəndir. Bildirdi ki, atası Xəqani Aslanov da Xocalının o dəhşətli günlərində xocalılılarla birlikdə olub. Həmsöhbətimiz deyir ki, 3 qardaş (atası və iki əmisi) Qarabağın müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olublar. Xocalının işğal edildiyi gecə xocalılıların köməyinə ikinci dəfə gedən atası orada şəhid olub. Şəhid oğlunu yandıran həm də atasının meyitinin çıxarıla bilməməsidir.

Xalidə Hüseynovanın siyahıda 3 doğmasının - atasının, anasının və qardaşının adları var. O dəhşətli hadisədən bir həftə sonra doğmalarının meyitlərini meşədən tapıblar: "Onları Bərdənin Yeni Həyat kəndində torpağa tapşırdıq. Mərhum Milli Qəhrəman Çingiz Mustafayevin ağlaya-ağlaya çəkib göstərdiyi cəsədlərin arasında idilər. Budur, baxın, Hüseyn, Həsən, Ziynət, Yunis, Rəşid, Sədaqət...”

Elmira Əzizova o gecə ağır yaralanıb. Əsgərlərimiz onu yaxınlıqdakı hospitallardan birinə çatdırıblar. Həyat yoldaşı döyüşlərdə iştirak edib, mühasirədə qalıb. O da doğmalarını itirib. 7 şəhid verib.

Günel İbrahimli Elmira Əzizovanın qızıdır. O müdhiş gecənin şahidi olmasa da, eşitdikləri onu dəhşətə gətirir. Düşünür ki, Xocalı faciəsini unutmaq olmaz. Ata-anası da bu mənada o qanlı gecəni uşaqlarının yaddaşına yazıblar ki, onlar da gələcək nəsillərə çatdırsınlar. Günel o gecənin şəhidlərinin hər birinin müqəddəs məzarını ziyarət edə bilmədiklərinin çox ağır olduğunu dilə gətirdi.

O gecə iki qardaşından əli üzülən Pərvanə Məmmədovanın isə itkiləri yalnız bunlar olmayıb: "Qayınatamla birlikdə nəslimizdən o gecə 15 nəfər itirmişik. Bu abidəni nə yaxşı ki, ucaldıblar. Dövlət başçısına, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarıq ki, şəhidlərimizin adını həmişə uca tutublar. Bu abidə də bizə bir təsəllidir, yoxsa hara ziyarətə gedə bilərdik? Xalqımız xocalılıların dərdinə illərdir ki, şərik çıxır. İnanırıq ki, torpaqlarımız işğaldan azad ediləcək. Xocalıda doğulmayan uşaqlar o yerlərdə yenidən qurub-yaradacaqlar. Xocalının başı əzəldən bəlalı olub: dolub-boşalıb”.

Solmaz İsmayılova 63 saylı tam orta məktəbin müəllimidir. Xocalıda dünyaya göz açmış bu ana da 613 nəfərlik şəhid siyahısındakı adların arasından doğmalarını axtarıb tapır: Həmid və Tariyel Səmədov qardaşları. Solmaz xanım Həmid Səmədovun ömür-gün yoldaşıdır. Deyir ki, qaynı Tariyelin meyitini hadisə yerindən çıxara bilməyiblər. Həyat yoldaşını isə Ağcabədinin Təzəkənd kəndində dəfn ediblər...

Gözüyaşlı analardan biri də Gülayə Orucovadır. 16 yaşlı balasını - Cavan Canan oğlunu o gecə itirib. Dörd gün meşədə gizlənsələr də sonradan onları əsir götürüblər. Gənc və yeniyetmə oğlanları onlardan ayırıb naməlum istiqamətə aparıblar ki, ölmüş ermənilərin məzarı üstündə başlarını kəssinlər. Həyat yoldaşı ilə birlikdə min bir məşəqqətlər yaşadığı əsirlikdən qurtarıb gəlsələr də, oğlundan hələ də bir soraq ala bilməməsi onu dağlayır...

Anım mərasimi iştirakçıları arasında respublikamızın tanınmış ziyalıları da var idi. İnternat Məzunlarının Sosial İnteqrasiya Gənclər İctimai Birliyinin sədri Araz Əhmədov deyir ki, Xocalı faciəsinin dünyada soyqırımı kimi tanınması üçün dünya azərbaycanlılarının da üzərinə çox böyük məsuliyyət düşür: "Tarixin ən qəddarcasına törədilmiş kütləvi terror aktına qarşı səsimizi bir daha ucaltmalıyıq!

Xocalının qisasının alınması faciənin mahiyyətinin dünya ictimaiyyətinə olduğu kimi çatdırılmasından keçir. Düzdür, Prezident İlham Əliyevin, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın "Xocalıya ədalət” devizi artıq nəticəsini göstərməkdədir.

Xocalı, ümumiyyətlə, Qarabağ dərdləri bizi daha çox birləşdirir. Həmin birliyin bu gün şahidiyik. Bu, işğalçı Ermənistana və haqqa göz yuman, ikili standartlardan xilas olmayan bir sıra beynəlxalq birliklərə mesajdır: Biz Xocalıya dönəcəyik! Biz Qarabağımızın işğal altında qalmasına dözməyəcəyik. Buna hərbi, iqtisadi gücümüz və sıx birliyimizsübutdur!”

Tahirə Hüseynovanı danışdırmaq heçasan deyildi. Dilində ancaq bayatı-ağı idi. Görünür ki, doğmalarının, əzizlərinin adları bu abidə üzərində yazılanlardan idi..

Almaz Məmmədova isə fikirlərini bir qədər fərqli ifadə etdi. Qarabağın, o cümlədən yağmalanan Xocalısının qisasının alınmasında hər an öndə getməyə hazırdır! Bu, onun düşmən üzərində qələbə çalınması, torpaqlarımızın işğaldan azad olunması naminə söylədiyi mübariz fikirlərindən də hiss olunurdu.

Xocalı faciəsi xalqımızın yaddaşından heç vaxt silinməyəcək. Ziyarətdə Bakı şəhəri Nərimanov rayonunun səhiyyə işçilərinin əksəriyyəti iştirak edirdi. Həkimlərdən Rafael Bayramov, Arzu Səfərova, Amil Eyvazov, Svetlana Nəcəfova, Firuz Nağıyev, Sevinc Həsənova, Elzamə Hacıyeva və digərləri anım mərasimində iştirakı özlərinə vətəndaşlıq borcu hesab edirdilər. Deyirdilər ki, qoy bütün bəşəriyyət səsimizi eşitsin, Azərbaycan torpaqları işğaldan azad olmalıdır, ədalət zəfər çalmalıdır!

Ziyarətçilər arasında qardaş Türkiyədən gələnlər də az deyildi. Türkiyənin Bursa şəhərindən gəlmiş Mehmet Sevgin bildirdi ki, Xocalı faciəsi xalqımızın, insanlığın qan yaddaşına yazılmış ən dəhşətli hadisədir: "Hər il Xocalı qətliamının qurbanlarının anım tədbirində iştirak edirik. Biz azərbaycanlı qardaşlarımızla birlikdə eyni acıları hiss edirik. Soyqırımı zamanı Ermənistan silahlı qüvvələrinin, sovet qoşun birləşməsi alayının iştirakı ilə milli mənsubiyyətinə görə yüzlərlə türkü vəhşicəsinə qətlə yetirdilər”.

Kayseridən olan Müzəffər Eroğlu və dostları Xocalı şəhidlərinin anım mərasimində iştirak etməyi özlərinə borc biliblər. Deyirlər ki, Xocalı faciəsi yalnız azərbaycanlıların deyil, bütünlüklə türk xalqlarının qan yaddaşına yazılmalıdır! Bu faciə heç vaxt unudulmamalıdır!

Dünən kimi dindirdiksə söylədi ki, belə haqsızlığı nə dünya birliyi, nə də tərəqqipərvər insanlar heç vaxt bağışlamamalıdır: "Bu, bəşəriyyətə, insanlığa qarşı vəhşilikdir. Bu tarix heç zaman unudulmayacaq. Biz inanırıq ki, Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində şəhid Xocalı və digər Qarabağ torpaqları işğaldan azad olunacaq!”

 

Məhəmməd NƏRİMANOĞLU

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2020.-27 fevral.- S.7.