Azərbaycan xalçalarının sehri

 

Azərbaycan dünyada xalçaçı peşəsini bayram kimi qeyd edən yeganə ölkədir. Bir çox ölkədə bu qədim sənət növü geniş yayılsa da, etiraf edək ki, Azərbaycanda xalçaçılığa daha böyük qayğı ilə yanaşılır, xüsusi rəğbət bəslənilir, onun dirçəlməsi, inkişafı və dünya bazarına çıxışı üçün ciddi addımlar atılır.

Məlum olduğu kimi, Prezident İlham Əliyevin 5 may 2016-cı il tarixli sərəncamı ilə "Azərxalça” Açıq Səhmdar Cəmiyyəti yaradılmış və bütün ölkədə onlarca xalça sexinin açılmasına başlanılmışdır. 2016-2018-ci illərdə Bakı və Naxçıvan şəhərlərində, Füzuli (Horadiz), Ağdam (Quzanlı), Tovuz, Ağstafa, Qazax, Şəmkir, Quba, İsmayıllı, Xaçmaz, Qəbələ, Abşeron, Lənkəran, Biləsuvar, Kürdəmir, Qobustan, Şabran, Goranboy və Tərtər rayonlarındakı xalça istehsalı emalatxanalarında həm də yüzlərlə yeri açılmışdır.

Bu istiqamətdə həmçinin tədris-hazırlıq kursları təşkil edilərək 2 mindən artıq xalçaçı yetişdirilmişdir. Bu illər ərzində xalça istehsalı üçün zəruri xammal bazasının yaradılması məqsədilə Sumqayıt Kimya Sənaye Parkında "Azərxalça” ASC-nin Yun-Əyirici Boyaq Fabrikinin tikintisibaşa çatdırılmışdır.

Azərbaycan xalçasının getdikcə artan şöhrətindən söz düşəndə öncə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ciddi səyləri nəticəsində bizim xalçaların dünya mədəniyyətinin nailiyyətlərindən biri kimi UNESKO-nun bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsini qeyd etmək lazımdır.

Bu gün dünyanın 30-dək muzeyində Azərbaycan xalçaçılıq sənətinin ən qədim nümunələri ziyarətçilərin ixtiyarına verilmişdir. O üzdən Azərbaycan xalça məktəbi dünyanın ən güclü tədqiqatçıları tərəfindən dərindən araşdırılır, tədqiq edilir. Çünki Azərbaycan xalçası mahiyyət etibarilə dərin fəlsəfi məzmuna malik olub, mədəniyyətimizin, tariximizin, adət və ənənələrimizin, inanclarımızın və həyat tərzimizin ayrılmaz bir hissəsidir. Eyni zamanda xalçalarımız dastan və nağıllarımızdan canlı bir surət kimi keçir, bizə dünyanın əksər xalqlarından fərqlənməyə imkan verir. Bəzi xalqların nağıllarında özü açılıb-yığılan süfrə, möcüzəli soba, uçan süpürgə yer alırsa, bizim nağıllar uçan xalçaların naxışlarından, qaranlıqdan aydınlıqlara can atan simurq quşunun qanadlarından pərvazlanır.

Fevralın 12-də "Azərxalça” ASC-nin Kürdəmir filialının açılışında Prezident İlham Əliyevin iştirak etməsi də ölkədə xalçaçılığın qədim sənət növü kimi inkişafına göstərilən xüsusi qayğıdan xəbər verir. Yeni filialın emalatxanasında müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunarkən bu ərazilərə məxsus qədim və orijinal xalça naxışlarına üstünlük veriləcəyi şübhəsizdir.

Dövlət başçısı xalçaçılarla görüşündə ölkədə 32 fabrikin açılmasının nəzərdə tutulduğunu bildirdi, Kürdəmirdə açılan filialın 11-ci olduğunu diqqətə çatdırdı: "Bu, çox müsbət haldır. Bir tərəfdən, vətəndaşları yerləri ilə təmin edirik, xüsusilə qadınları. Digər tərəfdən, bizim qədim sənətimiz, xalçaçılıq sənəti inkişaf edir. Sizbu sənəti yaşadırsınız və öz təcrübənizi, biliklərinizi gənc nəsil ilə bölüşürsünüz. Beləliklə, həm özünüz üçün yeni imkanlar əldə edirsiniz, eyni zamanda, ölkəmizin gələcək uğurlu inkişafı istiqamətində də mühüm töhfə verirsiniz”.

Prezident İlham Əliyev onu da xatırlatdı ki, Azərbaycan xalçalarına dünyada tələbat getdikcə artır, xarici qonaqlar xalçalarımızla daha çox maraqlanırlar: "Nəzərə alsaq ki, keçən il ölkəmizə 3 milyon 170 min xarici qonaq gəlib və bu il daha da artacaq, ona görə bizim xalçalarımıza tələbat çoxalacaq. Sizin işiniz daha da çox olacaq”.

Həqiqətən, xalçalarımıza tələbatın artması danılmaz gerçəklikdir. Xalça qədim sənət növü, keçmişin atributu sayılsa da, müasir dizayninteryer tərtibatı ilə məşğul olan mütəxəssislərin bizim xalçalara müraciət etməsi müasir dəbə çevrilmişdir. Bu gün həm Şərqdə, həm də Qərb ölkələrində ən məşhur dizaynerlər yaradıcılıqlarında əldə toxunan xalılara xüsusi diqqət ayırırlar. Prada, Quççi, Fendi kimi dəb evləri xalça istehsalı ilə məşğul olmaqla dünya bazarında yeni rəqabət mühiti yaradır, xalçalardan ağla batmayan məqsədlər üçün istifadə edirlər. İndi böyük konsertlərdə akustika, səhnədə rəqs edən və oxuyan müğənnilərin təhlükəsizliyini təmin etmək üçün xalçalardan istifadə olunur. Hətta bu gün elə musiqiçilər var ki, dünya turnelərinə mütləq sevimli xalıları ilə çıxırlar.

Bizdə qədimdə olduğu kimi, xalçaların divara vurulması da dizaynerlərin ciddi müzakirə etdiyi mövzulardandır. Qərbdə dizaynerlər sifarişçilərinə divarlarındakı rəsm əsərlərini xalça ilə əvəz etməyi, kiçik xalçaları mətbəxə döşəməyi təklif edirlər. Bir sözlə, bir tendensiya kimi aydın sezilən odur ki, dünyanın xalça bazarını ələ keçirmək üçün rəqabət qızışır və burada qələbə çalmaq, irəli sıçramaq getdikcə çətinləşir.

Amma məsələ burasındadır ki, bizim xalçalarda naxışların gözəlliyi, ilmələrin sıxlığı, rənglərin və rəsmlərin ecazkarlığı qarşısında avropalı rəqiblər acizdir. Bir cümlə ilə desək, bu, onların xörəyi deyil. Çünki onlar bizim kimi ilmələrin, naxışların sehrini anlaya bilməzlər. Çünki avropalı üçün xalça sadəcə gözəllik rəmzi, dizayn elementidirsə, bizim üçün xalça müqəddəsdir, keçmişimizin və gələcəyimizin rəmzidir. Yaponlar fotovideo, ispanlar geyim, almanlar texnika və maşın, ingilislər bağ avadanlığı, amerikalılar şouları ilə öyünə bilərlər və haqları da var. Xalçalara gəldikdə, bizimlə rəqabətə girə bilməzlər. Odur ki, bu sahədə Azərbaycanın dünyada liderə çevrilmək şansının olduğu danılmazdır.

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan.- 2020.-29 fevral.- S.1; 8.