2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin ümumi yekunları barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası protokolunun təsdiq edilməsi və seçkilərin yekunlarının təsdiq olunması üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edilməsi haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

 

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar seçki dairələri üzrə səsvermənin yekunlarına dair dairə seçki komissiyalarının protokolları qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada tərtib edilərək, onlara əlavə olunmalı sənədlərlə birgə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) təqdim edilmişdir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 171.2-ci maddəsinin tələblərinə əsasən sözügedən sənədlər müəyyən edilmiş müddətdə yoxlanılmış, seçkilərin ümumi yekunlarının müəyyənləşdirilməsi üçün dairə seçki komissiyaları protokollarının onlara əlavə olunmuş digər seçki sənədləri ilə birlikdə yoxlanılması işi başa çatdırılmış və Seçki Məcəlləsinin 108.2-ci maddəsinə uyğun olaraq seçkilərin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolu tərtib edilmişdir.

Seçki Məcəlləsinin 171.2-ci maddəsinə əsasən Mərkəzi Seçki Komissiyası səsvermə günündən ən geci 20 gün keçənədək dairə seçki komissiyalarının protokollarını zəruri sənədlərlə birlikdə yoxlayır və 24 saat müddətində Konstitusiya Məhkəməsinə təqdim edir.

Hazırda seçkilərin yekunlarının yoxlanılması və təsdiq olunması məqsədi ilə müvafiq seçki sənədlərinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilməsi üçün qanuni əsaslar yaranmışdır.

Mərkəzi Seçki Komissiyası yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikası Konstitusiyasının 86-cı və Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 108.2-ci, 108.3-cü və 171-ci maddələrinə uyğun olaraq qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin ümumi yekunlarına dair tərtib olunmuş Mərkəzi Seçki Komissiyasının Protokolu təsdiq edilərək, müvafiq sənədlərlə birlikdə seçkilərin yekunlarının təsdiq olunması üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edilsin.

2. Protokol dərc olunsun (Protokol əlavə edilir).

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

Azərbaycan.-2020.- 26 fevral.- S.15.