Xocalı faciəsini danmağa çalışan erməni baş nazirin Münxen məglubiyyəti

 

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə Ermənistanın baş naziri sələfləri kimi Xocalı qətliamının məsuliyyətindən boyun qaçırdı. Bu baxımdan Xocalı faciəsinin 28-ci ildönümünü qeyd etdiyimiz günlərdə Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Paşinyanın məlum debatı xüsusi aktuallıq kəsb edir.

Paşinyan debatda Azərbaycanı bu faciənin təşkilində ittiham etmiş, sonra isə həm müzakirələr boyu, həm də Yerevana qayıtdıqdan sonra dəfələrlə yalan danışmışdır. Bu, bütün dünyada, o cümlədən Yerevanda böyük əks-səda doğurmuşdur. Özünü qalib, xalqını isə hamıdan üstün tərzdə təqdim etməklə baş nazir bununla növbəti dəfə Ermənistanın sülh konsepsiyasının olmadığını ortaya qoymuşdur. Onun təklif etdiyi mikroinqilablar isə hətta ermənilərdə gülüş doğurmuşdur.

Paşinyan siyasətin şahmat taxtasında dama oyununun gedişləri ilə iməkləsə də, özünü qrossmeystr kimi təqdim edir. Onun Münxendə Xocalı soyqırımının məsuliyyətinin Azərbaycan tərəfinin, Yerevanda isə rusların üzərinə atması məhz bu boş iddiaların təzahürüdür. "Xocalıda azərbaycanlıların qırğınının Azərbaycandakı ermənilərlə ortaq heç nəyi yoxdur, bunu Rusiyanın 366-cı alayı edib. Bu faciədə bizim günahımız yoxdur”. Bununla Rusiyanı qeyzləndirdiyini anlayan Paşinyan sözlərini bir neçə dəqiqədən sonra "Twitter” səhifəsindən silmişdir.

Amma artıq işdən keçmişdi və rusiyalı ekspertlər kükrəməyə başlamışdılar. Rusiyanın tanınmış politoloqu, hərbi-siyasi analitik Oleq Kuznetsov Xocalı soyqırımının əsas günahkarlarının üç etnik ermənidən - ABŞ vətəndaşları MonteMarkar Melkonyanlardan, eləcə də Jirair Səfilyanın Livan, Suriya, İordaniya əsilli ermənilərdən yaratdığı "Arabo batalyonu” adlı qanunsuz silahlı qruplaşmaya daxil olan beynəlxalq terrorçulardan ibarət olduğunu diqqətə çatdırdı.

Kuznetsov adıçəkilən Jirair Səfilyanın 2016-cı ildə Ermənistanda çevriliş etməyə cəhd göstərən "Sasna Tsrar” qruplaşmasına rəhbərlik etdiyinibildirir. Politoloq Xocalı qətliamının əsas günahkarının çox sayda etnik ermənini özündə cəmləyən, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın komandanlığı altında tapşırıqları yerinə yetirən 366-cı motoatıcı alayın 2-ci batalyonu olduğunu yazır: "Nikol Paşinyanın 366-cı motoatıcı alayın ruslara aid olduğunu dilə gətirməsi böyük siyasi səhvdir. 25 fevral 1992-ci ildən etibarən bu alay MDB Birgə Silahlı Qüvvələrinin bir hissəsi idi. Baxmayaraq ki, Rusiya Baş Qərargahının Komandanlığına təhvil verilərək Orenburq vilayətinə dislokasiya olunmalı idi”. Politoloq izah edir ki, 25 fevral 1992-ci il çərşənbə axşamı idi. Alayın yeni növbətçi stansiyaya təhvil verilməsi martın 2-si bazar ertəsi günü başlamalı idi. Seyran Ohanyan bu barədə alay komandirindən bir gün əvvəl, fevralın 24-də - bazar ertəsi günü müşavirə zamanı xəbər tutmuşöz tabeçiliyindəki 366-cı motoatıcı alayın 2-ci bölüyünü təcili Xocalıya tərəf aparmış və ondan əsas məhvedici qüvvə kimi istifadə etmişdir. Ohanyanonun bu bölükdən olan bir neçə erməniəsilli zabiti də Melkonyan-Səfilyan silahlı birləşməsinə qatılmışdır. Moskvalı politoloq belə yazır: "Paşinyan növbəti dəfə özünü biabır etdi. Bu statusu yazmamışdan əvvəl gərək o, heç olmasa "Vikipediya”nı oxuyardı. Ən azından təqaüddə olan Seyran Ohanyana da zəng edib soruşa bilərdi”.

Məsələ burasındadır ki, erməni politoloqlar da baş nazirdən yanıqlıdırlar. Politoloq A.Manasyan Paşınyanın bu görüşə İrəvandakı mitinqə çıxdığı kimi hazırlıqsız gəldiyini qeyd edir. Siyasi şərhçi A.Tevanyan isə diskussiyada Paşinyanın tələblərinin yenə də eşidilmədiyini qeyd edir: "Baş nazir bir daha sübut etdi ki, dövlət başçısının libası onun əyninə düz gəlmədi və həddən-ziyadə böyük oldu”.

Baş nazirin sözügedən debatda uydurduğu yalanlara Baron Münhauzenin özü də həsəd apara bilərdi. Çünki bunun üçün xüsusi "istedad” tələb olunur. Paşinyan belə "fitri istedadsahibi olmasını dəfələrlə nümayiş etdirmişdir. Fikir verin: Münxendəki debatda çoxsaylı jurnalistlərin gözü qarşısında Azərbaycan Prezidenti Paşinyandan soruşur ki, siz təmas xəttində erməni snayperinin Azərbaycan əsgərini öldürməsinə necə baxırsınız? Paşinyan isə cavabında yalan uydurmağa qərar verir və belə deyir: "Prezident Əliyev dedi ki, bu gün Azərbaycan əsgəri öldürülüb, mən isə deyirəm ki, bu gün Ermənistan-Azərbaycan sərhədində erməni əsgəri Azərbaycan snayperləri tərəfindən yaralanmışdır”. Halbuki bu barədə yazan Rusiyanın "Vestnik Kavkaza” saytı erməni mətbuatında araşdırma aparmış və həmin gün erməni əsgərinin vurulması barədə heç bir məlumat tapa bilməmişdir. Sayt belə qənaətə gəlmişdir ki, Ermənistanın baş naziri birinci, bu yalandan ya əks-arqument kimi istifadə etmiş, ya da Ermənistanın müdafiə naziri baş nazirə yalan məlumat verməklə Qazax rayonu istiqamətində əsgər ölümlərini gizlətməyə cəhd göstərmişdir. Əslində, Ermənistan ordusunda baş verən ölümlərin sayı həqiqətən də elə kəskin surətdə artmışdır ki, ermənilərin onların bir qismini Azərbaycan snayperlərinin ayağına yazmaqdan savayı əlacları qalmır.

"Vestnik Kavkaza” yazır ki, erməni baş nazirinin yalanlarının bir qisminiMünxen debatında Azərbaycan Prezidenti ifşa etdi. Sayt qeyd edir ki, Azərbaycan Prezidenti özünə əmin idi, ingilis dilində fikirlərini səlis ifadə edirdi, Paşinyana isə həm həqiqəti demək, həm də ingilis dilində danışmaq çətin idi. Bütün ekspertlər bir nəfər kimi təsdiq edirlər ki, Əliyev arqumentlərini ardıcıl düzürdü, hüquqi sənədlərə, Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanırdı və yerindəcə Paşinyanın yalanlarını ifşa edirdi.

Göründüyü kimi, Azərbaycan Prezidenti İlham Əliyevə Münxen debatında uduzan Paşinyan indi də məğlubiyyətini pərdələmək üçün ümidsiz cəhdlərlə xal yığmağa çalışır. Amma o, nə qədər əlləşsə də, irəli getmək əvəzinə geri düşür və sürətlə nüfuzunu itirir.

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan.- 2020.- 28 fevral.- S.1; 3.