Bakıda Heydər Əliyev prospekti
ilə Zəki Məmmədov küçəsinin kəsişməsindəki
yeraltı piyada keçidinin
açılışı olub
Prezident İlham Əliyev açılışda iştirak edib
Fevralın 28-də Bakı şəhərində Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsindəki yeraltı piyada keçidinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.
Bildirildi ki, Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsi avtomobillərin və piyadaların daha sıx olduğu ərazilərdən biridir. Məhz bu baxımdan da keçidin inşası böyük önəm daşıyır. Yeraltı piyada keçidinin tikintisinə 2018-ci ilin noyabr ayında başlanılıb. Keçidin tikintisi qapalı qazma üsulu ilə aparılıb. Bu səbəbdən tikinti işləri Heydər Əliyev prospektində nəqliyyat vasitələrinin hərəkətinə heç bir maneə yaratmayıb. Qapalı qazma üsulu ilə yeraltı piyada keçidinin tikintisi Bakıda ilk dəfə burada tətbiq olunub. Piyada keçidinin ümumi uzunluğu 98, eni isə 5 metrdir. Burada müasir işıqlandırma və videomüşahidə sistemi qurulub. Keçid Heydər Əliyev prospektinin bu hissəsində nəqliyyatın hərəkətinin tənzimlənməsi, avtomobil tıxaclarının qarşısının alınması, qəza hallarının aradan qaldırılması və piyadaların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Keçiddən istifadə hərəkətin intensiv olduğu ərazidə yol hərəkəti qaydalarının pozulması hallarını aradan qaldıracaq.
Prezident İlham Əliyev yeraltı piyada keçidinin rəmzi açılışını bildirən lenti kəsdi.
Qeyd edək ki,
son illərdə paytaxtda
və regionlarda avtomobil
yollarında hərəkətin təhlükəsizliyini və
vətəndaşların avtomobil
yollarını rahat və təhlükəsiz
şəkildə keçməsini təmin etmək məqsədilə
Prezident İlham
Əliyevin tapşırıq və sərəncamları ilə
Azərbaycan Avtomobil Yolları
Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər, o
cümlədən yerüstü və yeraltı
piyada keçidlərinin tikintisi
işləri davam etdirilir.
Bu çərçivədə həyata
keçirilən məqsədyönlü tədbirlərin məntiqi
nəticəsi olaraq yol-nəqliyyat kompleksinin ayrı-ayrı qurğuları
yüksək keyfiyyətlə istismara
buraxılır. Yeni yol
qovşaqlarının, körpülərin, yeraltı və yerüstü keçidlərin inşası
Bakıda tıxac probleminin aradan qaldırmasına və əhalinin təhlükəsizliyinin
təmin edilməsinə yönəldilib. Bu, həm də onu deməyə əsas verir
ki, vətəndaşların
rahatlığının təmin edilməsi, insanların sosial həyat şəraitinin daha
da yaxşılaşdırılması,
ölkəmizdə yol-nəqliyyat infrastrukturunun
yüksək standartlara uyğun
şəkildə yenidən qurulması Prezident
İlham Əliyevin daim
diqqət mərkəzindədir. Bu
baxımdan, paytaxtda və ayrı-ayrı regionlarda genişmiqyaslı infrastruktur
layihələri həyata keçirilir,
şəhər və qəsəbələrdə abadlıq
və quruculuq tədbirləri davamlı
şəkildə icra olunur.
Bu çərçivədə
2018-2019-cu illərdə Bakı və şəhərətrafı
yollarda, həmçinin magistrallarda
7 yerüstü və yeraltı piyada keçdi inşa edilərək istifadəyə verilib. Hazırda 8 ərazidə yerüstü və yeraltı piyada
keçidinin inşası aparılır ki, bunlardan bir
neçəsində işlər bitmək üzrədir.
Qısa müddət ərzində daha 6
yerdə yeni keçidlərin
inşasına başlanılması nəzərdə tutulub.
Azərbaycan.-
2020.-29 fevral.- S.3.