İctimai asayiş keşikçilərinə dəstək

 

 

Yeni növ koronavirus infeksiyasının ölkəmizdə yayılması ilə əlaqədar xüsusi karantin rejimi şəraitində yorulmadan fəaliyyət göstərən Azərbaycan könüllüləri Prezident İlham Əliyevin "Biz birlikdə güclüyük!” şüarını rəhbər tutaraq növbəti aksiya çərçivəsində Bakıda ictimai asayiş keşikçilərinə dəstək nümayiş etdiriblər.

Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzindən (AKƏM) bildiriblər ki, könüllülər xüsusi karantin rejiminin tələblərinə ciddi əməl edilməsinə nəzarət üzrə fasiləsiz xidmət göstərən hüquq mühafizə orqanları əməkdaşlarına dəstək və minnətdarlıqlarının təcəssümü olaraq, öz təşəbbüsləri ilə onlara kiçik su qabları hədiyyə edib və könüllülərin dəstək sözlərinin ifadə olunduğu açıqcalar çatdırıblar. Bununla koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasında fədakarlıq göstərən hüquq mühafizə orqanlarının əməkdaşları ilə həmrəyliklərini və vətəndaş məsuliyyətlərini nümayiş etdiriblər.

Təqdirəlayiq haldır ki, xüsusi karantin rejiminin qaydalarını nəzərə alaraq, könüllülər Bakı şəhərində SMS icazə sisteminin yaratdığı iki saatlıq açıq havada olma hüquqlarından məhz bu aksiyada iştirak məqsədilə istifadə ediblər.

 

Azərbaycan.-2020.- 5 iyul.- S.3.