Tovuz döyüşləri Azərbaycanın hərbi üstünlüyünün növbəti təsdiqidir

 

 

 

Ermənistanın bütün cəbhələrdə məğlubiyyəti qaçılmazdır

 

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi ilə bağlı situasiya sürətlə Azərbaycanın xeyrinə dəyişməkdədir. Prezident İlham Əliyevin Ermənistanın işğalçı siyasətinin, bu ölkənin faşizm idologiyasının daşıyıcısı olmasının ifşası istiqamətində həyata keçirdiyi fəaliyyət erməni yalanlarına bütün dünyada zərbə vurmaqdadır. Bunun nəticəsidir ki, dünya erməniliyinin saxta təbliğatı artıq ayaq üstə dayana bilmir.

 

Erməni yalanlarına növbəti tutarlı zərbə

 

Azərbaycanın öz həqiqətlərini dünyaya inamla çatdırmasının, Ermənistanın əvvəlkitək dünya ictimaiyyətini öz yalanlarına inandıra bilməməsinin başqa bir göstəricisi cəbhə xəttində son dövrdə baş verənlərə beynəlxalq səviyyədə olan reaksiyalardır. Xatrılayırıq ki, hələ dörd il əvvəl Aprel döyüşləri zamanı bir dövlət, bir təşkilat belə Ermənistanın lehinə fikir səsləndirməmişdi. Çünki onların böyük əksəriyyəti ikili standartlardan çıxış etsə belə, kimin işğalçı olduğunu, kimin isə işğala məruz qaldığını yaxşı bilirlər və belə bir vəziyyətdə Ermənistana dəstəyin ifadə edilməsi ən böyük siyasi riyakarlıq olardı. Yerevanın ən yaxın müttəfiqləri belə açıq şəkildə onu müdafiə etməmişdilər.

Lakin o dövrdə Azərbaycanın haqlı mövqeyinə dəstək verən xeyli bəyanatlar səsləndirildi. Son günlər Tovuz istiqamətində baş verən yeni hərbi toqquşmalar zamanı da Azərbaycanın müttəfiqləri, tərəfdaşları, ayrı-ayrı dövlətlər, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı ölkəmizin müdafiəsinə qalxdılar. Yerevanda Ukrayna səfirliyinə qarşı həyata keçirilən iyrənc hadisə isə Ermənistanın siyasi-hərbi rəhbərliyinin son hərbi təxribatdan sonra diplomatik müstəvidə uğursuzluğa məruz qalmasına görə keçirdiyi əsəbin göstəricisi idi. Beləliklə, son hadisələrin ən mühüm nəticələrindən biri Azərbaycanın ədalətli mövqeyinin bir daha dünyaya çatdırılması oldu ki, bu da erməni yalanlarına növbəti dəfə güclü zərbə vurdu.

 

 

KTMT Yerevanı pərt etdi

 

 

Beləliklə, sərhədin Tovuz istiqamətindəki hərbi əməliyyatlar fonunda Ermənistanın heç bir dövlət, təşkilat və siyasətçi tərəfindən dəstəklənməməsi işğalçı erməni siyasətinin ifşası, erməni yalanlarının iflasa uğraması istiqamətində mühüm əhəmiyyət kəsb etdi. Heç Ermənistanın təmsil olunduğu Kollektiv Təhlükəsizlik Müdafiə Təşkilatı da onu müdafiə edən hansısa bəyanat vermədi. Məlum olduğu kimi, bu hadisədən sonra təşkilat dərhal toplanmalı və baş vermiş hadisəni dəyərləndirməli idi. İyulun 12-də Ermənistan hadisə ilə bağlı KTMT-yə müraciət etmiş və təşkilatın iclasının çağırılmasını tələb etmişdi. Bu barədə qurumun saytında elan da yerləşdirilmişdi. Lakin qısa müddət sonra elan saytdan silindiKTMT-nin heç bir iclası keçirilmədi.

Bu hadisə pərt vəziyyətə düşən Ermənistanın diplomatik müstəvidə növbəti uğursuzluğu oldu. Bir daha sübut edildi ki, vassal Ermənistan üzvü olduğu təşkilatlarda belə ciddi qəbul olunmur. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd etdiyi kimi, KTMT-nin Ermənistandan başqa bütün üzvləri Azərbaycanın dostlarıdır. KTMT-nin üzvü olan Belarus, Tacikistan, o cümlədən türkdilli dövlətlər olan Qazaxıstan və Qırğız Respublikası ilə Azərbaycanın əlaqələrini şərh etməyə ehtiyac belə yoxdur. Rusiya Federasiyası ilə Azərbaycan arasında olan əlaqələr isə son illərdə daha da inkişaf edib, dərinləşib və strateji xarakter alıb. Buna görə Ermənistanın KTMT-dən dəstək umması gülüncabsurddur.

Bu günlərdə Ermənistanın baş naziri Paşinyanın təcili Moskvaya yola düşməsi də bir çox mətləblərdən xəbər verdi. Məlum olduğu kimi, sərhədin Tovuz istiqamətində baş verənlər Paşinyanın iqtidarı dövründə Ermənistanın ilk təxribatı idi. Elə ilk dəfədən də Paşinyan ölkəsinin Azərbaycan qarşısındakı hərbi zəifliyinin şahidi oldu. Və aydın oldu ki, Ermənistan nicat yolunu kənarda axtarır.

 

 

 

Ordumuz təcavüzkarı hər an məğlubiyyətə düçar etməyə hazırdır

 

 

Son hərbi əməliyyatların ən mühüm reallığı isə növbəti dəfə Azərbaycanın hərbi üstünlüyünün təsdiqi oldu. Təxribatın qarşısının alınması, tərəflərin həyata keçirdiyi əməliyyatların nəticəsi və keyfiyyəti Azərbaycanın müasir döyüş imkanları baxımından Ermənistandan dəfələrlə güclü olduğunu göstərdi. Müdafiə Nazirliyinin bununla bağlı yaydığı videolardan da ordumuzun düşmənin hərbi təyinatlı bütün məntəqələrini, atəş nöqtələrini, qərargah və dayaq məntəqələrini, hərbi texnikalarını son dərəcə sərrast və dəqiq zərbələrlə darmadağın etdiyi aydın görünür.

Nazirlər Kabinetinin sonuncu iclasında Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyat barədə danışan Prezident İlham Əliyev deyib: "Son iki gün ərzində düşmənə növbəti dəfə sarsıdıcı zərbələr endirildi. Bizdə olan məlumata görə, onlarca erməni hərbçi məhv edildi, onların sərhədboyu yerləşən dayaq məntəqələrinin böyük hissəsi darmadağın edildi. O cümlədən onların bəhanə kimi gətirdiyi məlum postun da bütün infrastrukturu darmadağın edildi, bu post artıq mövcud deyil. Düşmənin texnikası, silah-sursat anbarları, dayaq məntəqələri, avtomaşınlar, sisternlər, canlı qüvvənin yerləşdiyi yerlər Azərbaycan Ordusu tərəfindən dəqiq və sərrast atəşlə məhv edilmişdir”.

Düşmən saxta informasiyaları dövriyyəyə buraxdığı kimi, ölən hərbçilərinin sayını da cidd-cəhdlə gizlədir. Aprel döyüşlərində də belə idi və tədricən erməni ordusunun saysız-hesabsız itki verdiyi üzə çıxdı. Tovuz istiqamətində Azərbaycan Ordusunun zərbələri göstərir ki, onlarca erməni əsgəri məhv edilib. Qarşıdakı günlərdə ermənilər itkilərini tədricən etiraf edəcəklər.

Onu da qeyd edək ki, Azərbaycanın dəqiq, yüksək və qarşısıalınmaz zərbə gücünə malik müasir silahlara sahib olması və döyüşlərdə bundan istifadə edərək düşmənə ağır zərbələr vurması Ermənistan tərəfində daim dərin təlaş və narahatlıq yaradıb. Təsadüfi deyil ki, Ermənistan tərəfinin bununla bağlı açıqlamalarında hətta strateji tərəfdaş olduqları Rusiyadan dəfələrlə inciklik ifadə olunur.

Azərbaycanın tezliklə ərazi bütövlüyünü də bərpa edəcəyi, üzləşdiyi təcavüzkarlığa birdəfəlik son qoyacağı şübhəsizdir. Diplomatik cəbhədə düşmən üzərində üstünlük qazanan Azərbaycan cəbhədəki son hadisələrdən sonra bir daha hərbi müstəvidə üstün olduğunu göstərdi. Hər kəs gördü ki, təcavüzkarı hər an acı məğlubiyyətə düçar etməyə hazır olan qüdrətli Azərbaycan Ordusu var.

Bütövlükdə, Tovuz döyüşləri Azərbaycanın hərbi üstünlüyünün növbəti təsdiqi oldu. Bu hadisə həm də Ermənistanın bütün cəbhələrdə məğlubiyyətinin qaçılmaz olduğunu nümayiş etdirdi.

 

Rəşad CƏFƏRLİ

Azərbaycan.-2020.- 19 iyul.- S.1;3.