Vaqif Dərgahlı: Ermənistan silahlı qüvvələri bölmələrinin mövqelərimizi ələ keçirmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb

 

İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq mövqelərimizi ələ keçirmək məqsədilə hücuma keçməyə cəhd göstərib. Düşmən əvvəlcə yüngül atıcı silahlar, sonra isə 60, 82, 120 millimetrlik minaatanlardaha iriçaplı digər ağır artilleriya qurğularından istifadə etməklə mövqelərimizi və sərhədboyu bir sıra yaşayış məntəqələrimizi – Tovuz rayonunun Ağdam, Əlibəyli, Dondar Quşçu, Vahidli kəndlərini atəşə tutublar.

AZƏRTAC xəbər verir ki, bunu iyulun 21-də keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

V.Dərgahlı bildirib ki, düşmənə qarşı cavab tədbirlərinin görülməsi ilə bağlı komandanlıq tərəfindən bu istiqamətdə yerləşən bölmələrə dərhal əmr verildi. Görülən tədbirlər nəticəsində düşmən hücumunun qarşısı alındı, onun müdafiəsinin ön xəttindəki atəş nöqtələri, müdafiəsinin dərinliyində yerləşən ehtiyatlar, dayaq məntəqələri, artilleriya qurğuları, müxtəlif təyinatlı hərbi obyektlər, döyüş texnikası və yüzədək canlı qüvvəsi məhv edilib. Ermənistan mətbuatı, sosial şəbəkələri və digər açıq mənbələrin monitorinqi, xüsusilə əməliyyat tədbirləri nəticəsində əldə olunan məlumatlar bunu təsdiq edir: Qeyd edək ki, 2016-cı ilin Aprel döyüşlərində olduğu kimi, bu dəfə də Ermənistanın hərbi-siyasi rəhbərliyi hərbi məlumatların yayılmasına tətbiq edilən qadağanı əsas gətirərək döyüş itkilərini ictimaiyyətdən gizlədib. Bununla belə, erməni tərəfi itkilərinin bir qismini etiraf etməli olub. Yəqin ki, bir müddət sonra həqiqət üzə çıxacaq və onlar itkilərini müxtəlif şəraitdə baş vermiş hadisə kimi göstərərək etiraf etmək məcburiyyətində qalacaqlar”.

V.Dərgahlı vurğulayıb ki, əldə olunan məlumata görə, düşmənin itkiləri arasında Suriya və Yaxın Şərqin müxtəlif ölkələrindən olan erməni əsilli döyüşçülərin də olduğu istisna edilmir. Bu kateqoriyadan olan şəxslər Ermənistanda rəsmi qeydiyyata alınmadığı üçün erməni hərbi rəhbərliyinə bu itkiləri gizlətmək daha asandır.

İyulun 12-dən başlayan aktiv döyüş əməliyyatları iyulun 17-i axşam saatlarınadək davam edib. Bu müddətdə Ermənistan silahlı qüvvələri bölmələrinin mövqelərimizi ələ keçirmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb və hər hansı ərazi itkisinə yol verilməyib. Düşmən dövlət sərhədində vəziyyəti daha da gərginləşdirmək üçün iyulun 14-dən 15-nə keçən gecə iriçaplı silahlardan istifadə etməklə Naxçıvan istiqamətində də təxribata əl atıb. Lakin bu istiqamətdə yerləşən Əlahiddə Ümumqoşun Ordunun bölmələri düşmən təxribatına uymayaraq onun döyüş aktivliyinin qarşısını qətiyyətlə alıblar.

“Azərbaycan Ordusu bölmələrinin cavab tədbirlərinin Aprel döyüşlərində olduğu kimi, genişmiqyaslı olmaması ilə bağlı yarana biləcək suala cavab olaraq bildirirəm ki, bu əməliyyat istiqaməti, eyni zamanda, həm də iki ölkə arasında dövlət sərhədi olduğundan bölmələrimiz tərəfindən görülən cavab tədbirləri sadəcə düşmənin tətbiq etdiyi silah növlərinə uyğun, onun atəş nöqtələrinin susdurulması və onun bu istiqamətdə irəliləməsinin qarşısının alınmasına yönəlmişdir. Təbii ki, bu döyüşlərdə bölmələrimizin qarşısında düşmən mövqelərini ələ keçirmək və ya hansısa istiqamətdə irəliləmək kimi məqsəd yox idi. Ali Baş Komandanın qeyd etdiyi kimi, “bizim Ermənistanla Azərbaycanın dövlət sərhədində hər hansı bir hərbi məqsədimiz yoxdur”.

 

Təəssüf ki, düşmən hücumunun qarşısını alarkən döyüşlərdə Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərimizin ailələrinə bir daha başsağlığı verir və səbir diləyir.

Qürurverici haldır ki, Ermənistan ordusundakı vəziyyətdən fərqli olaraq, ordumuzun şəhid general və zabitləri tabeliklərində əsgərlərlə bir sırada, ön xətdə düşmənlə döyüşdə olarkən həlak olublar. Döyüşlər zamanı yaralılar da oldu. Hazırda onların müalicəsi hərbi tibb müəssisəsində davam edir. Onların həyatları üçün ciddi təhlükə yoxdur. KİV nümayəndələri yaralılarla görüşmək, müsahibə götürmək məqsədilə müraciət edirlər. Bildiririk ki, karantin rejimi ilə əlaqədar yaralıların ziyarətinə qadağa qoyulub. Bunu nəzərə alaraq, tətbiq olunan məhdudiyyəti düzgün qəbul etməyiniz xahiş olunur”, - deyə polkovnik bildirib.

Mətbuat xidmətinin rəisi deyib ki, döyüşlər zamanı yaşayış məntəqələri və qeyri-hərbi obyektlərin intensiv atəşə tutulması nəticəsində mülki əhaliyə, dövlət əmlakı və fərdi mülklərə, eləcə də infrastruktur obyektlərinə ziyan dəyməyib.

Artilleriya atəşi nəticəsində iyulun 14-də Tovuz rayonunun Ağdam kənd sakini, 1944-cü il təvəllüdlü Əziz Əzizov həlak olub.

Döyüşlərin gedişi barədə həqiqətlərin geniş ictimaiyyətə, o cümlədən yerli və beynəlxalq təşkilatlara dəqiq və operativ çatdırılmasını təmin etmək məqsədilə məlumatların Müdafiə Nazirliyinin rəsmi internet, o cümlədən “Facebook” və “Twitter” səhifələrində davamlı olaraq dərc edildiyini vurğulayan mətbuat xidmətinin rəisi bildirib: “Yerli KİV nümayəndələrinin sualları mütəmadi cavablandırılıb. Təəssüf ki, bu müddətdə Ermənistan KİV-lərində döyüşlərlə bağlı mütəmadi olaraq dezinformasiya xarakterli məlumatlar yayılıb və bu gün də yayılmaqdadır. Belə ki, Azərbaycan OrdusununQrad” yaylım atəşli reaktiv sistemindən istifadə etməsi, PUA-larımızın, tankımızın vurulması, erməni kəndlərinin tərəfimizdən atəşə tutması, yaralılara kömək məqsədilə müxtəlif qan qruplarından qana ehtiyacın olması, guya yaşayış məntəqələrimizdə hərbi təyinatlı vasitələrin yerləşdirilməsi və bu kimi bir sıra digər dezinformasiyaları göstərmək olar. Bütün hallarda bu saxta məlumatları təsdiq edəcək dəlillər təqdim edilməyib”.

V.Dərgahlı bildirib: “Ermənistanla informasiya müharibəsində ön sıralarda siz media nümayəndələri və sosial şəbəkələrdə fəallıq göstərən vətəndaşlarımız, vətənpərvər gənclərimiz dayandı. Döyüşlər barədə geniş auditoriyanın şəffaf, dəqiq və operativ məlumatlarla təmin edilməsində böyük rol oynayan bütün media nümayəndələrinə bir daha dərin təşəkkürümü bildirirəm. Eyni zamanda, fürsətdən istifadə edib 22 iyul - milli mətbuatın yaradılmasının 145 illiyi münasibətilə sizi səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və peşə fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram”.

Hərbi əməliyyatlar gedən vaxtda ölkəmizin minlərlə vətənpərvər oğul və qızlarının, xaricdə yaşayan soydaşlarımızın, ehtiyatda olan hərbi qulluqçuların, müharibə əlillərinin və veteranlarının Müdafiə Nazirliyinə müraciət ünvanlayaraq Ordumuza dəstək məqsədilə hərbi xidmətə çağırılmalarını və döyüşlərə qatılmalarını xahiş etdiklərini vurğulayan V.Dərgahlı bildirib: “Bu günədək təkcə Müdafiə Nazirliyinin elektron poçt ünvanına 17 minədək müraciət daxil olub. Müdafiə Nazirliyi xalqımızı, o cümlədən müraciət edən hər bir vətəndaşı həmrəylik göstərərək Ordumuza dəstək olduqlarına görə alqışlayır və onlara minnətdarlıq edir. Eyni zamanda, vətəndaşlarımızın diqqətinə çatdırıram ki, hərbi xidmətə çağırışla bağlı müraciəti Müdafiə Nazirliyinə deyil aidiyyəti üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə edə bilərlər”.

Xidmət rəisi xüsusi qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Tovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan hərbi qulluqçuların ailələrinin hərtərəfli diqqətlə əhatə olunması və onlara yüksək qayğı göstərilməsi istiqamətində konkret addımlar atılır. Bu günlərdə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığı ilə nazirliyin bir qrup ali rütbəli zabiti şəhid general-mayor Polad Həşimovun və şəhid polkovnik İlqar Mirzəyevin ailələrini ziyarət ediblər. Hər iki ailəyə Ali Baş Komandan tərəfindən onlar üçün ayrılan mənzillərin sertifikatları təqdim edilib. Bununla yanaşı, son döyüşlərdə şəhid olan bütün hərbi qulluqçuların ailələrinin qayğıları öyrənilir və onların həlli istiqamətində də addımlar atılacaq. Eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Heydər Əliyev Fondu son döyüşlərdə şəhid olan hərbi qulluqçuların ailələrinin qayğılarını nəzarətə götürüb.

Vaqif Dərgahlı hərbi əməliyyatların nəticəsi olaraq bildirib ki, hazırda qoşunların təmas xəttində əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Görülmüş operativ tədbirlər nəticəsində Ermənistan ordusu layiqli cavabını aldı. Düşmənin infrastrukturu, canlı qüvvəsi və hərbi texnikasına vurulan zərbələrin videogörüntülərinin cüzi bir hissəsi tərəfimizdən yayımlandı. Xalqımız əmin olsun ki, Azərbaycanın əsgər və zabitlərinin qanı yerdə qalmadı. Düşmənə sarsıdıcı zərbələr endirildi.

 

Azərbaycan.-2020.- 22 iyul.- S.6.