Ermənistan yeni siyasi böhrana yuvarlanır

 

 

Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından da istədiyini ala bilmədi

 

 

Ermənistanda sosial-iqtisadi, ictimai-siyasi müstəvidə vəziyyətin getdikcə pisləşməsi müşahidə olunmaqdadır. Belə görünür ki, həm əhalinin maddi rifah halının pisləşməsi, həm də daxilixarici siyasətdə qeydə alınan uğursuzluqlar qarşıdakı günlər ərzində hakimiyyət üçün yeni problemlərə gətirib çıxaracaq. İşğalçı ölkədə qeyd edilir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Avrasiya Hökumətlərarası Şurasında iştirakı üçün Minskə səfəri böyük gözləntilərə baxmayaraq, tamamilə əks vəziyyətdə müşahidə olundu.

Baş nazirin Avrasiya Hökumətlərarası Şurasında iştirak etmək üçün Minskə səfərini birmənalı hadisə adlandırmağın çətin olduğunu qeyd edən ekspertlər üç həftə bundan əvvəl Ermənistan rəhbərinin respublikada epidemioloji vəziyyətin mürəkkəb olmasına istinad edərək Moskvaya, Qələbə paradına getməkdən imtina etdiyini vurğulayırlar.

Rusiyanın "Lenta.ru” saytı ölkəsində koronavirusla bağlı vəziyyətin getdikcə pisləşməsinə və Azərbaycanla münaqişənin kəskinləşməsinə baxmayaraq, baş nazir Nikol Paşinyanın Minskə gəlmə səbəbini araşdırıb. Qeyd olunub ki, baş nazirin Minskə gəlişi çoxları üçün gözlənilməz olub.

Bu məntiqsiz addım Avrasiya İtttifaqı hökumətlərarası şurasının iclasından fürsət kimi istifadə edib Rusiyanın Azərbaycanla Ermənistan arasında kəskinləşən münasibətlərdə daha fəal mövqe tutmasına nail olmaq idi. Lakin Paşinyanın Minskdə sərgilədiyi mövqe onun üçün kifayət qədər vərdiş edilmiş formada olub: "Nikol Paşinyan Minskə səfəri zamanı ikili mövqe tutub. O, öz rəsmi bəyanatında bir tərəfdən neytral tonda Azərbaycan rəhbərliyi ilə sülh danışıqlarının zəruriliyini vurğulayıb, amma yeri gəlmişkən yalnız Avrasiya Hökumətlərarası Şurasının iclasının gündəliyinə daxil edilmiş məsələlərə toxunub. Digər tərəfdən, sammitin kuluarlarında Ermənistan rəhbəri cari vəziyyətin kəskinləşməsi haqqında "həqiqəti” söyləməyə çalışıb, hansısa üçüncü tərəfi münaqişəyə təhrikçilikdə təqsirləndirib”.

Saytda yazılıb ki, Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) kömək istəməsini Rusiya Federasiyasını cari münaqişəyə cəlb etmək cəhdi kimi qiymətləndirmək olar. Xüsusi halda Ermənistanın baş naziri bunu güman edir ki, KTMT Ermənistanın müdafiəsi üzrə öhdəlik götürüb, bu təşkilatın tərəfləri "ayırmaq”dan imtina etməsi isə onun fəaliyyət qabiliyyətli olmamasını göstərir: "Bu halda Paşinyan özü Yerevanın beynəlxalq birlik üzrə tərəfdaşları ilə qarşılıqlı münasibətlərini qismən korlayıb. Əvvələn, Paşinyan hələ Ermənistanda müxalifətdə olarkən ardıcıl olaraq respublikanın KTMT-dən çıxmasının tərəfdarı idi. İkincisi, 2018-ci ildə onun hakimiyyətə gəlişindən demək olar ki, dərhal sonra həmin vaxt təşkilatın baş katibi vəzifəsini tutan Yuri Xaçaturov həbs edildi. Daha sonra məhz Yerevan təşkilata yeni baş katib təyin edilməsinə uzun müddət mane oldu”.

Vurğulanır ki, Ermənistanın baş nazirinin Amerikaya rəğbətini gizlətmədiyini nəzərə alsaq, Paşinyanın KTMT və Rusiya tərəfindən dəstəklənməyə ümid etməsi ən azı sadəlövhlükdür. Məsələn, Ermənistan hökumətinin başçısı hakimiyyətə gələndən dərhal sonra bir sıra gəlişigözəl kadr dəyişiklikləri etdi. O cümlədən amerikapərəst qurumlarla, xüsusən Soros Fondu ilə əlaqələri barədə əsaslı şübhələr olan bəzi şəxsləri özü ilə gətirdi. Ermənistan parlamentində Rusiya ilə fəal yaxınlaşmanın tərəfdarı olan yeganə hərəkatın - "Çiçəklənən Ermənistan” partiyasına qarşı təqiblər başladı. Hazırda həmin partiyanın lideri Qagik Sarukyan üç cinayət işinin fiqurantıdır”.

Belə görünür ki, Ermənistan qarşıdakı dövr ərzində həm ölkə daxilində, həm də xaricində çox ciddi yeni problemlər yaşayacaq. Yerevanın bu gedişlə xaricdəki müəyyən dəstəklərindən də tam məhrum olması gözlənilir. Bir vaxtlar Rusiyada Ermənistana lobbiçilik edən qüvvələr indi tamam əks mövqe sərgiləyirlər. Əsas səbəb kimio göstərilir ki, Paşinyan antirusiya siyasəti yürüdür və Qərbdən gələn göstərişlər əsasında hərəkət edir. Eyni zamanda, Ermənistan özünə əsas dayaq hesab etdiyi KTMT-yə üzv dövlətlərlə, xüsusilə də Qazaxıstan və Belarusla münasibətləri kifayət qədər korlayıb. Belə olan halda bu ölkənin həm daxili, həm də xarici siyasəti çox ciddi problemlərlə rastlaşıb. Bu halda Paşinyanın qarşıda dayanan çox ağır vəzifələrin öhdəsindən gələ biləcəyi sual altına düşür.

Bunlarla yanaşı, Ermənistan hökuməti vətəndaşları sosial-iqtisadi problemlərin həll olunacağına inandırmağa çalışır. "Lragir” saytı yazır ki, verilən vədlər yalandır. Sosial-iqtisadi problemlərin yaxın gələcəkdə aradan qaldırılmasına dair vədlər ümidverici deyil: "Çünki ölkədə qanunlara uyğun tədbirlər görülmür. İnsanlar problemlərin həllini yalnız ölkəni tərk etməkdə görürlər. Ermənistan iqtisadiyyatının yaxşılaşması reallaşmayan arzudur. Paşinyan hökumətinin maaşların və pensiyaların artırılması ilə bağlı verdiyi vəd yalandır. Ölkəni idarə edənlər əhalinin gəlirlərini artırmaq istəmirlər. Ermənistan hökuməti erməni xalqını səfalətə məhkum edir. Ölkədə iqtisadiyyatın inkişafı real deyil. Bu da hakimiyyətdən narazılığı artırır, amma iqtidar bu narazılığı repressiya, güc yolu ilə yatırmağa çalışır və nəticədə vətəndaş qarşıdurması ehtimalı yüksəlir”.

Bütün bunlar qarşıdakı dövr ərzində Ermənistanı çox ciddi problemlərin və vətəndaş qarşıdurmasının gözlədiyini deməyə əsas verir. Bu durumda Nikol Paşinyanın baş nazir postunda qala bilməsi də sual doğurur.

 

Elçin CƏFƏROV

Azərbaycan.-2020.- 23 iyul.- S.1;7.