ABŞ erməni işğalçısını öz adı ilə çağırdı

 

Amerikalı qanunvericilər erməni lobbisini məyus etdilər

 

Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş, həmin ərazidə etnik təmizləmə həyata keçirib bir milyon azərbaycanlını yurd-yuvasından didərgin salmış Ermənistanın nəinki beynəlxalq hüquq normalarına, hətta elementar insani davranışa sığmayan hərəkətləri, deyəsən, təcavüzkar dövlətin havadarlarını da artıq bezdirib. Heç kimə sirr deyil ki, rəsmi İrəvan imkanlı diaspora, güclü lobbiyə və xristian təəssübkeşliyinə arxalanaraq Qərb ölkələrində at oynadırdı. Vəziyyət elə bir həddə gəlib çatmışdı ki, erməni diasporu özünü ərköyün uşaq kimi aparır, istəklərini yazılmamış qanun hesab edir və əksər hallarda buna nail olurdu.

Amma ərköyünlüyün də həddi olmalı idi. Erməni diasporu anlamaq istəmirdi ki, hər hansı dövlətin milli maraqları başlayan yerdə icma maraqlarını irəli aparmağa çalışanlar əyləcə basmalıdırlar. Nəhayət, son günlərin hadisələri göstərir ki, erməni təcavüzkarlarına buya digər formada himayədarlıq edən, erməni həyasızlığına göz yuman Qərb dairələri rəsmi İrəvanı və diasporu yerində oturtmağa vadar olmuşdur. Bir neçə gün əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasının Qaydalar Komitəsində 2021-ci maliyyə ili üzrə "Milli Müdafiə Maliyyələşmə Qanununa ilk dəfə olaraq Ermənistan əleyhinə düzəlişlər qəbul edilməsi və ermənipərəst konqresmenlərin qanuna Azərbaycan əleyhinə düzəlişlər qəbul etdirə bilməməsi buna əyani sübutdur.

Söhbət, ilk növbədə, sözügedən qanuna Azərbaycanın xeyrinə edilmiş 99 və 296 saylı düzəlişlərin ikincisindən gedir. Həmin düzəlişdə qeyd olunur ki, ABŞ Dövlət Departamenti Müdafiə Nazirliyi ilə birgə Ukrayna, Gürcüstan, Moldova və Azərbaycanın xarici qüvvələr tərəfindən 1991-ci ildən bəri qeyri-qanuni işğal olunmuş ərazilərində həlak olmuş və məcburi köçkün vəziyyətinə düşmüş insanların sayı barədə Konqresin müvafiq komitəsinə hesabat verməlidir. Bu o deməkdir ki, Azərbaycan ərazisinin bir hissəsini zəbt etmiş Ermənistanı ABŞ rəsmən işğalçı dövlət hesab edir. Eyni zamanda 296 saylı düzəlişin qəbul edilməsi ilə Azərbaycanın işğal olunmuş ərazilərindən didərgin düşmüş məcburi köçkünlərin erməni işğalından əziyyət çəkməsi faktı tanınır və bundan sonra ABŞ-ın onlara yardım etməsi qanuniləşir. Başqa sözlə, ABŞ-ın Dağlıq Qarabağdakı erməni icmasına indiyədək göstərdiyi yardımı dayandırması və Dağlıq Qarabağın azərbaycanlı icmasına yardım etməsi üçün hüquqi əsas yaranır.

Belə bir məqamı da qeyd etmək lazımdır ki, Konqresin Nümayəndələr Palatasında ermənipərəst deputatların cidd-cəhdi nəticəsiz qalmışdır, halbuki indiyədək onların kəsdiyi başa sorğu-sual yox idi. Belə ki, ermənipərəst konqresmenlərin Azərbaycanın əleyhinə irəli sürdüyü "Mülki aviasiyaya təhdid olmadığı barədə Prezident tərəfindən Konqresə təminat verilənə qədər ABŞ tərəfindən Azərbaycana müdafiə məhsulları və xidmətlərinin qadağan olunması”na dair 66 saylı və "333-cü bölmə çərçivəsində xarici təhlükəsizlik qüvvələrinin imkanlarının artırılması proqramı üzrə Azərbaycan və Ermənistan arasında yardımlara dair paritet tətbiq edilməsi” barədə 330 saylı düzəlişlər rədd edilmişdir. Üstəlik, Qaydalar Komitəsinin ermənipərəst sədrinin Azərbaycan əleyhinə düzəlişləri dəstəkləməkdən boyun qaçırması erməni lobbisini çaş-baş salmışdır. Xatırlatmaq yerinə düşər ki, bu düzəlişləri qəbul etdirmək cəhdi məqsədli idi: son iki ildə Azərbaycana sözügedən proqram çərçivəsində 110 milyon ABŞ dolları məbləğində yardım göstərilsə də, Ermənistana yardım ayrılmamışdı və bu, erməni lobbisini əməlli-başlı hiddətləndirmişdi. Lakin Nümayəndələr Palatasının qəti mövqeyi lobbiçilərin qisas almaq istəyini puça çıxarmışdır.

ABŞ Konqresində Azərbaycanın lehinə qəbul olunmuş qərar Prezident İlham Əliyevin hücum diplomatiyasının növbəti uğurudur. Dövlət başçısının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətdə tutduğu beynəlxalq hüquq normalarına uyğun ədalətli qəti mövqe dünyanın aparıcı dövlətlərini, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan ABŞ-ı düşündürməyə bilməzdi.

Məlum olduğu kimi, Qərb dövlətləri Dağlıq Qarabağ münaqişəsində təcavüzkarla təcavüzün qurbanını bərabər tuturdu. Beynəlxalq vasitəçilər Ermənistanı təcavüzkar kimi tanımaqdan boyun qaçırır və belə bir iddia irəli sürürdülər ki, guya, təcavüzkarın öz adı ilə çağırılması problemin tənzimlənməsi prosesinə zərər vurar. Əslində isə, problemə belə bir yanaşma təcavüzkarın işinə yarayır, onda cəzasız qalacağı təəssüratı yaradırdı və beləcə, erməni həyasızlığı hədd-hüdud tanımırdı. Digər tərəfdən, erməni işğalçısı öz havadarlarının milli maraqlarını nəzərə almır və hesab edirdi ki, hamı erməni ekspansionizmi ilə barışmalı, özgə torpaqlarının işğalını birmənalı şəkildə dəstəkləməlidir. Məlum olduğu kimi, erməni təcavüzkarının başını sığallayanlar indiyədək belə də edir, Azərbaycanın əzəli torpaqlarının bir hissəsinin güzəştə getməsinə nail olmağa çalışırdılar. Nəhayət, hamıya aydın oldu ki, rəsmi Bakının təslimçilik yoluna qədəm qoyacağı xam xəyaldır. Ermənistanın havadarları başa düşdülər ki, Azərbaycanla bu cür davranmaq onların özlərinin milli maraqları ilə daban-dabana ziddir. Azərbaycan-ABŞ və Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının səviyyəsini Ermənistanla əməkdaşlıqla müqayisə etmək yersizdir. Məsələn, Azərbaycan Avropanın enerji daşıyıcıları ilə təchizatında əhəmiyyətli rol oynayır, Ermənistan isə bu işi pozmaq niyyəti güdür.

Odur ki, Ermənistana havadarlıq edən dairələr haqq yoluna qayıtmaqdan başqa çarə tapmadılar. Bir vaxtlar Avropa strukturları, o cümlədən Avropa İttifaqı və Avropa Parlamenti postsovet məkanında silahlı təcavüzə məruz qalmış Ukrayna, Gürcüstan və Moldovanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını rəsmən dəstəkləyir, amma Azərbaycanı "yaddan çıxarırdılar”. İndisə vəziyyət dəyişmişdir. Avropa da, ABŞ da anlayır ki, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsipi Azərbaycana da aid olmalı, bu prinsipi pozan ölkə öz adı ilə çağırılmalıdır. Artıq belə də çağırmağa başlamışlar.

 

Allahverdi MEHDİYEV

Azərbaycan.-2020.- 24 iyul.- S.1;9.