Ermənilərin yeni terror dalğası

 

 

Siyasi arenalarda, savaş meydanlarında məğlub olan Ermənistan azərbaycanlılara qarşı yeni etnik müharibə elan edib

 

 

 

Yenə erməni vəhşiliyi, erməni vandalizmi...

 

Tarix boyu məkrli, hiyləgər siyasətindən əl çəkməyən təcavüzkar Ermənistan həm siyasi arenalarda, həm də savaş meydanlarında Azərbaycana açıq-aşkar məğlub olduğu üçün çirkin niyyətli siyasətini indi başqa müstəviyə yönəldib. İndi təkcə azərbaycanlılar deyil, dünya ictimaiyyəti əsl erməni vandalizminə şahidlik edir.

Son bir həftə ərzində ermənilərin Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə və müxtəlif şəhərlərdə dinc aksiya keçirən soydaşlarımıza qarşı həyata keçirdikləri çirkin təxribatlar, həqiqətən də, əsl erməni xislətinin bariz təcəssümüdür.

 

 

 

26 ölkədə 58 aksiya, 84 bəyanat, 17 dildə 100-ə yaxın məqalə

 

 

İşğalçı Ermənistanın sonuncu hərbi təxribatı zamanı Azərbaycan Ordusunun bir neçə hərbçisi qəhrəmancasına savaşaraq şəhidlik zirvəsinə yüksəldilər. Həmçinin Tovuz rayonunun Ağdam kəndinin 76 yaşlı dinc sakini erməni silahlı birləşmələrinin artilleriya atəşi nəticəsində həlak oldu. Azərbaycan Ordusunun bu təxribata layiqli cavabı ilə düşmən on qat artlq itki verdi.

Bu təxribatdan sonra xarici ölkələrdə yaşayan azərbaycanlılar beynəlxalq səviyyədə dinc aksiyalar keçirməklə dünya xalqlarına bir daha Ermənistanın terrorçu, cinayətkar, işğalçı siyasətini çatdırmağa başladılar.

İlk dəfədir ki, belə birlik nümayiş etdirərək Azərbaycan dövlətinin və ordusunun yanında olduğunu bəyan edən soydaşlarımız, diaspor təşkilatları indiyədək 25 ölkədə 84 bəyanatla çıxış ediblər. BMT, ATƏT və digər beynəlxalq təşkilatlara, eləcə də dünyanın aparıcı ölkələrinin rəsmi dairələrinə Ermənistanın işğalçılıq siyasətinin dayandırılması ilə bağlı müraciətlər ünvanlayıblar.

Məhz soydaşlarımızın fəallığı ilə 23 ölkədə 17 dildə 100-ə yaxın məqalə və xəbər çap edilib, sosial şəbəkələrdə həqiqətləri özündə əks etdirən on minlərlə informasiya paylaşılıb. Ümumilikdə, 26 ölkədə, 58 aksiya keçirilib. Bu aksiyalarda 20 000-dən çox soydaşımız iştirak edib.

Onu da xüsusi vurğulamalıyıq ki, bir çox ölkələrdə COVID-19 pandemiyası ilə əlaqədar məhdudiyyətlərə baxmayaraq, on minlərlə soydaşımız müxtəlif aksiyalara qatılıblar. Aksiyalarda iştirak edə bilməyən soydaşlarımız isə davamlı olaraq müxtəlif qurumlara və rəsmilərə məktublar, bəyanatlar, məlumatlar göndərir, sosial mediyada dəstək verir, təbliğat və maarifləndirici işlər aparırlar.

 

Soydaşlarımızın müxtəlif ölkələr və şəhərlərdə keçirdikləri dəstək aksiyaları gekdikcə geniş vüsət alır. Diasporla İş üzrə Dövlət Komitəsindən aldığımız məlumata görə, soydaşlarımız Avropada 31 (Almaniyanın 7 şəhərində 9 aksiya, İsveçdə 4 aksiya, Niderlandda 2 aksiya, Fransada 2 aksiya, Belçika, İngiltərə, İsveçrə, Avstriya, İtaliya, İspaniya, Finlandiya, Polşa, Macarıstan, Latviya, Litva), ABŞ-da 11 (8 ştatında- İllinoys, Kaliforniya, Texas, Nyu York, Massaçusets, Corcia, Vaşinqton ştatları və Vaşinqton Kolumbiya Dairəsi ), Kanadada 1 (Toronto), İsraildə 1 (Kiryat Byalik - Krayotı şəhər kəsişməsi), Rusiyada 2 (Moskva, Şimali Asetiyada), Moldovada 1 (Kişinyov), Ukraynada 2 (Kiyev), Qazaxıstanda 1 (Aktau), Türkiyədə 7 (4 şəhərdə - Ankara, İstanbul, İzmir, Antalya ) dəstək aksiyaları təşkil ediblər.

Bundan başqa, bir neçə ölkədə - İsveç, İspaniya, Litva, Türkiyə və Gürcüstanda mətbuat konfransları və maarifləndirmə tədbirləri, Latviya, İsveç və ABŞ-da maşın yürüşləri həyata keçirilib və ABŞ-ın Kaliforniya, Atlanta ştatlarında bayrağımızın havada qaldırılması mərasimləri təşkil edilib. Bütün aksiyalar icazəli olub və müdafiə aksiyaları haqqında polis əvvəlcədən məlumatlandırılıb.

 

 

Erməni vəhşiliyi, insanlıqdankənar hərəkətlər

 

 

Lakin təəssüflə qeyd etməliyik ki, soydaşlarımızın dinc aksiyaları zamanı bu ölkələrdə yaşayan ermənilər bir daha öz vəhşiliklərini nümayiş etdiriblər. Azərbaycanlıların ABŞ-da, Avropanın müxtəlif ölkələrində "Qarabağ Azərbaycandır!”, "Ermənistan terroristdir” və s. şüarları qarşısında hiddətlənən ermənilərin soydaşlarımıza qarşı insanlıqdan -kənar hərəkətləri onların üzünü bir daha göstərdi.

Azərbaycanlılar dinc aksiyalar keçirdikləri halda, ermənilər məkrlərini gizlədə bilmədilər. Belə ki, ABŞ-da, Belçikada, Almaniyada, Polşada diplomatik korpuslarımızın binaları önündə icazəsiz aksiya keçirən erməni xuliqan dəstələri öz mahiyyətlərini bir daha çılpaqlığı ilə ortaya qoydular.

Ermənilərin bu təxribatları, çirkin əməlləri nəticəsində soydaşlarımızın 50 nəfərə yaxını xəsarət alıb və şəxsi əmlaklarına ciddi maddi zərər dəyib. Belə ki, Belçikadakı erməni vəhşiliyi zamanı 10-dan artıq (4 nəfər xəstəxanaya müraciət edib, o cümlədən 1 qadın jurnalist), Los- Ancelesdə (ABŞ) - 30 nəfərdən çox (5 nəfər xəstəxanaya müraciət edib) soydaşımız ciddi xəsarət alıb.

Erməni vandalları tərəfindən dinc aksiya iştirakçılarının üzərinə butulka, daş, şüşə parçaları, partlayıçı vasitələr atılıb, maşınlar əzilərək aşırılıb və müxtəlif ölkələrdəki səfirliklərimizin binalarına ziyan vurulub.

Bir sözlə, həm Ermənistan, həm də beynəlxalq erməni terror təşkilatları tərəfindən idarə olunan, xaricdə yaşayan ermənilərin təşkil etdikləri aksiyalarda idarəolunmaz, qanuna zidd davranışlar nəticəsində müxtəlif zorakılıq və vandalizm aktları qeydə alınıb.

Digər təəssüfedici məqam odur ki, bir çox hallarda öncədən məlumatlanmasına baxmayaraq, polis lazımi mühafizə tədbirləri təşkil etməyib. Bu, xüsusilə Los-Anceles və Brüsseldə təşkil olunan aksiyalarda özünü göstərib. Lakin Azərbaycanın Baş Konsulluğunun səyləri nəticəsində Los-Anceles polisi bu vəhşilikləri törədən erməni cinayətkarlarına qarşı yalnız xəsarət yetirmə maddəsi üzrə deyil, daha ağır maddə olan nifrət zəminində törədilən cinayət maddəsi üzrə açılacağını bəyan edib.

 

 

 

Bostonda ABŞ senatorunun ermənipərəst mövqeyinə etiraz aksiyası

 

 

Erməni təxribatına, erməni vəhşiliyinə baxmayaraq, soydaşlarımızın Avropanın müxtəlif ölkələrində icazəli aksiyaları davam edir. Dünən növbəti aksiyalar ABŞ-ın Massaçusets ştatının paytaxtı Boston şəhərində keçirilib. Bostonda yaşayan azərbaycanlı gənclər Ermənistanın son hərbi təxribatları ilə bağlı ədalətsiz və ermənipərəst mövqe sərgiləyən ABŞ senatoru Edvard Con Markiyə (Edvard John Markey) öz etirazlarını bildiriblər. Konqresin binası qarşısında gerçəkləşdirilən aksiyada gənclərimiz amerikalı senatora Azərbaycanın Tovuz istiqamətindəki dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin xaincəsinə hərbi təxribatlar törətdiyini, artilleriya zərbələri nəticəsində sərhədyanı hərbi obyektlərin və yaşayış məntəqələrinin dağıdıldığını, hərbçilərimizin və dinc sakinlərin həlak olduğunu xatırladıblar. Onlar müstəqil Azərbaycanın işğalçı Ermənistanın hücumuna məruz qaldığını nəzərə çatdıraraq, 2013-cü ildən Massaçusets ştatından ABŞ senatoru olan Edvard Con Markinin mövqeyini ədalətsiz və haqsız adlandırıblar.

Aksiyaçılar senatoru Bostonda yaşayan 30 min erməninin haqq və ədalətə söykənməyən, beynəlxalq hüquqnormalara zidd olan istəyinə görə deyil, tarixi faktları araşdırıb ədalətli mövqe nümayiş etdirməyə dəvət ediblər: "Biz Amerika demokratiyasına inanırıq və Sizdən ədalətli mövqe gözləyirik”.

Çexiyanın paytaxtı Praqa şəhərinin mərkəzi körpülərindən birində "Qarabağ Azərbaycandır!” şüarı yazılmış iri poster asılıb. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumatda bildirilir ki, bu aksiya Çexiyada yaşayan azərbaycanlı gənclərin təşəbbüsü ilə reallaşdırılıb. Çex dilində yazılmış poster Çexiyanın Prezident Sarayına, ölkənin Baş Nazirinin iqamətgahına və Nazirlər Kabinetinin inzibati binasına aparan yolun üzərindəki körpüdə yerləşdirilib. Məqsəd ölkənin dövlət rəsmilərinin və yerli ictimaiyyətin diqqətini müstəqil Azərbaycan dövlətinin əzəli torpaqları olan Dağlıq Qarabağona bitişik 7 rayonun Ermənistanın işğalı altında qalmasına, BMT-nin məlum 4 qətnaməsinə baxmayaraq, hələ də Azərbaycanın ərazi bütövlüyünün təmin olunmamasına cəlb etməkdir.

Bu gün Praqada soydaşlarımız Ermənistanın işğalçı siyasətinə və hərbi təxribatlarına son qoyulması, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün təmin olunması tələbi ilə etiraz aksiyası keçirəcəklər. Aksiya zamanı dövlətimizə, xalqımıza, ordumuzaxarici ölkələrdə Ermənistanın təcavüzkar siyasətinə etiraz səsini ucaldan dünya azərbaycanlılarına dəstək ifadə olunacaq.

Qeyd edək ki, aksiyalar davam edir. Bu gün soydaşlarımızın ABŞ-ın Florida ştatında, Praqada, iyulun 27-də Minnisotada, iyulun 28-də isə İngiltərədə icazəli aksiyalar keçirilməsi nəzərdə tutulub. Yəni bu aksiyalarla bağlı artıq müvafiq icazə alınıb. Bu aksiyalarda da soydaşlarımız "Ermənistanın işğalçı siyasəti dayandırılsın!”, "Azərbaycan torpaqları azad edilsin!”, "Beynəlxalq təşkilatların qətnamələri yerinə yetirilsin!”, "Xocalı soyqırımına ədalət!”, "Erməni vandalizmini dayandır!” şüarları səsləndiriləcək.

 

 

Belçikada Avstraliyada erməni təxribatının qarşısı alındı

 

Azərbaycanın Belçikadakı Avstraliyadakı səfirlikləri önündə təxribatçı vandal hərəkətlərini reallaşdırmaq məqsədilə piket keçirmək istəyən ermənilər soydaşlarımızın etiraz aksiyası ilə qarşılaşıblar. Ermənilərin səfirliyimizin qarşısında icazəsiz aksiya təşkil edəcəyindən xəbər tutan soydaşlarımız qısa zamanda Azərbaycan səfirliyinə yığışıblar. Soydaşlarımız səfirliyin qarşısında ingilis dilində yazılmış "Ermənistanın təcavüzkar siyasətinə son!”, "Xocalıya ədalət!” şüarlarını, Ermənistanın son təxribatları zamanı qəhrəmancasına həlak olmuş şəhidlərimizin şəkillərini düzməklə ermənilərə təcavüzkar mahiyyətə malik ölkənin vətəndaşları olduqlarını bir daha xatırladıblar.

Soydaşlarımızın birliyi qarşısında ermənilərin aksiyası baş tutmayıb.

Avstraliyadakı səfirliyimizə qarşı ermənilərin növbəti təxribatının qarşısı Avstraliya Federal Polisi tərəfindən alınıb. Belə ki, erməni icmasının nümayəndələri radikal ənənələrini davam etdirərək Azərbaycanın Avstraliya İttifaqındakı səfirliyi önündə aksiya keçiriblər. "Erməni Gənclər Federasiyasıhər zaman olduğu kimi, qeyri-konstruktiv çağırışları plakatları ilə yalan məlumatlar yaymağa çalışıblar.

Radikal ermənilərin son günlər xaricdəki Azərbaycan diplomatik missiyalarına icmasına qarşı vəhşiliklərindən vandal hərəkətlərindən məlumatlı olan Avstraliyanın hüquq-mühafizə orqanları mümkün təxribatların qarşısını almaq üçün müvafiq tədbirlər görüb, səfirliyin inzibati binasının önündə canlı kardon təşkil ediblər. Beləliklə, ermənilərin növbəti təxribatı da baş tutmayıb.

 

 

 

Dünya erməni vəhşiliyinə şahidlik edir

 

 

 

Bir sözlə, işğalçı Ermənistan son silahını işə salıb. Ermənilər bu kimi təxribatlarla azərbaycanlıları öz həqiqətlərini dünyaya çatdırmaq üçün istifadə etdikləri sivil yollardan çəkindirmək, dinc aksiya iştirakçılarını münaqişəyə cəlb edərək ölkəmizin imicini zədələmək, Azərbaycanın Dağlıq Qarabağla bağlı siyasətini başqa müstəviyə çəkmək, əsas hədəfdən yayındırmaq kimi məqsədlər güdürlər. Bu zaman isə əl atdıqları vasitə vandalizm, insanlığa sığmayan hərəkətlər və hiyləgərlikdir.

Ancaq xaricdə yaşayan soydaşlarımız erməni millətçiləri, təxribatçıları ilə durmadan mübarizə aparırlar. Radikal erməni fəalları soydaşlarımızı təxribata cəlb etmək üçün Azərbaycan bayrağına, şəhidlərimizin fotolarına qarşı hörmətsiz davranış nümayiş etdirir, dövlət hakimiyyəti orqanları və rəsmilər haqqında yanlış məlumatlar yayır, təhqiramiz ifadələr işlədirlər.

Bütün bunlar, əlbəttə ki, ermənilərin beynəlxalq ictimai rəyi çaşdırmaq üçün əl atdıqları növbəti təxribatlardır. Lakin müxtəlif ssenarilər qurmaqla öz çirkin əməllərini ört-basdır etməyə çalışan vandalların məkrli niyyətləri hər zamankı kimi ifşa edilməkdədir. Dünya artıq əsl erməni vəhşiliyinə şahidlik edir.

 

 

Rəşad BAXŞƏLİYEV

Azərbaycan.-2020.- 25 iyul.- S.7.