ABŞ-dakı Azərbaycan icması Vətən naminə birlik və dəstək nümayiş etdirir

 

İyulun 23-də ABŞ-da fəaliyyət göstərən Amerikada Azərbaycan Cəmiyyətlərinin Konqresinin (CASA) təşəbbüsü və dəvəti ilə Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov ilə ABŞ-ın müxtəlif ştatlarında yaşayan çoxsaylı icma üzvləri arasında videokonfrans formatında görüş keçirilib. CASA şəbəkəsi müstəqil və könüllülərin şəbəkə platforması olaraq Texas, Massaçusets, Nyu-York, Nyu-Jersi, KaliforniyaFloridada yaşayan soydaşlarımızın təşəbbüsü və əməkdaşlığı nəticəsində yaranıb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş vermiş döyüşlərdə şəhid olan hərbçilərimiz və dinc sakinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfir E.Süleymanov icma üzvlərinin təşəbbüsünü yüksək qiymətləndirib, son günlərdə ABŞ-da yaşayan azərbaycanlıların çətin vəziyyətlə üzləşdiyini qeyd edibicma üzvlərinin bir araya gələrək gündəlikdə qoyulan məsələləri və növbəti addımları birlikdə müzakirə etməyin faydalı olacağını bildirib.

Diplomat Azərbaycanın ABŞ Konqresi və digər dövlət qurumları ilə fəaliyyəti barədə məlumat verib və ABŞ-Azərbaycan ikitərəfli münasibətlərinə göstərilən dəstəyə və töhfələrinə görə icma üzvlərinə dərin təşəkkürünü bildirib. Eyni zamanda, erməni lobbisinin ölkəmizə qarşı təxribatlarının artmasını nəzərə alaraq Azərbaycan icmasının daha da fəal olmasına çağırış edib.

Səfir ABŞ ştatları üzrə Ermənistanın təcavüzünə qarşı keçirilmiş aksiyalarda icmanın iştirakı barədə danışıb. Qeyd edib ki, erməni lobbisinin paytaxt Vaşinqtonda səfirliyin qarşısında keçirdiyi aksiya zamanı müxtəlif ştatlarda olan həmvətənlərimiz bir yerə toplaşaraq Azərbaycan dövlətinə, OrdumuzaPrezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə dəstək verib, sivil şəkildə qarşı tərəfi susdurub. Səfir aksiyada iştirak edənlərə təşəkkürünü bildirərək deyib: “Vətəndaşlarımız və soydaşlarımızın etiraz aksiyasında təmkinli və mədəni davranışı digərlərinə nümunə kimi göstərilə bilər. Bu nümunəvi davranış özlərini olduqca aqressiv və vəhşi aparan ermənilərin davranışı ilə heç cürə müqayisə oluna bilməz”.

Həmçinin Kaliforniya ştatının Los-Anceles şəhərində keçirilən aksiyalarda baş verənləri təəssüf hissi ilə xatırladan səfir xəsarət alanlar barədə məlumat verib. O deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə xəsarət alanlara dövlət tərəfindən hərtərəfli dəstək veriləcək. Hazırda ABŞ-da fəaliyyət göstərən diplomatik missiyalarımız da daxil olmaqla azərbaycanlılara erməni radikal qrupları tərəfindən real təhdidin olması nəzərə alınmalı və soydaşlarımız olduqca ehtiyatlı davranmalıdırlar. Səfir, həmçinin icma üzvlərimizin haqlı qəzəbini anladığını və bölüşdüyünü, eyni zamanda, onları erməni radikalların təxribatlarına uymamağabirlik nümayiş etdirərək təmkinli və soyuqqanlı olmağa çağırıb.

İki saatdan çox davam edən görüşdə müxtəlif məsələlər müzakirə edilib.

 

Azərbaycan.-2020.- 25 iyul.- S.8.