Quraqlıq qlobal təhlükəyə çevrilir

 

Azərbaycan su qıtlığı problemini həll etmək üçün imkanlarını səfərbər edir

 

 

Biz heç vaxt unutmalı deyilik ki, faşist ambisiyalı sayaqlamalarını beynəlxalq hüququn norması kimi hamıya israrla sırımağa cəhd edən Ermənistan kimi işğalçı dövlətlə qonşuyuq.

Bu qəsbkar ölkənin yüz illik tarixi qonşuların ərazilərini qamarlamaqdan ibarət olan hadisələrin məcmusudur. Biz hətta dünyanın aparcı dövlətlərinin və supergüclərin təklif etdikləri kompromisə gedib sülh müqaviləsinə imza atsaq belə, faşist rejimi işğalçılıq iddialarından əl çəkməyəcək, daha çox əraziləri ələ keçirmək üçün daha mürəkkəb və daha hiyləgər yollara əl atacaq.

Ona görə də biz ölkə iqtisadiyyatının bütün istiqamətlərində, beynəlxalq münasibətlər sistemində və hərbi müstəvidə Azərbaycan dövləti və dövlətçiliyi üçün təhlükə yarada bilən bütün təhdidlərin qarşısının zamanında alınmasına çalışmalıyıq. Bu baxımdan iyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası bütün istiqamətlərdə təhlükəsizlik məsələlərinin geniş müzakirə olunduğu vacib tədbirə çevrildi.

Hamıya yaxşı məlumdur ki, Azərbaycanın su ehtiyatlarının müəyyən hissəsi işğal altındakı ərazilərdə düşmən nəzarəti altındadır. Bu onu sübut edir ki, məkrli qonşumuzun əsrlik işğalçılıq tarixində ərazilərlə yanaşı, su mənbələrinin ələ keçirilməsi planı da var. Sözügedən iclasda düşmən tərəfinin bu cür məkrli siyasəti geniş araşdırılaraq ifşa edildi, eyni zamanda, su qıtlığı ilə bağlı məsələlər geniş müzakirə olundu.

Qeyd edildi ki, bir tərəfdən davam edən erməni aqressiyası, digər tərəfdən səhralaşma ilə bağlı proqnozlar zamanında hökumət daha tədbirli olmalıdır. İclasda son iki ildə böyük çətinliklər yaradan quraqlıq probleminə toxunuldu, onun vurduğu böyük ziyanlar qeyd edilərək bildirildi ki, suyun az olması nəzərdə tutulan torpaqların hamısını dövriyyəyə qatmağa imkan vermədi. Ən təhlükəlisi isə odur ki, gələcək illərdə də buna oxşar iqlim mənzərəsi davam edə bilər.

Təhlükələrin nə qədər real olduğunu Prezident İlham Əliyev çıxışında belə qeyd etmişdir: "...dünyada iqlim dəyişikliyi bildiyiniz kimi, ciddi problemdir. Bəzi ekspertlərin rəyinə görə, Azərbaycanda əgər bu gün lazımi addımlar atılmasa, 2030-cu ilə qədər bəzi ərazilərdə səhralaşma prosesi gedə bilər. Buna qətiyyən yol vermək olmaz”.

Ölkədə su məsələləri ilə bir neçə dövlət qurumu məşğul olsa da, onların arasında koordinasiyanın zəifliyi bəzi təsərrüfat, infrastruktur obyektlərinin nəzarətsiz qalmasına səbəb olur, suyun ədalətli bölgüsü təmin edilmir, israfçılığa yol verilir. Dövlət başçısı bu günə qədər Azərbaycanda su balansının tutulmamısını dözülməz hal kimi qiymətləndirdi.

Baş Nazirin müavini Şahin Mustafayev ölkədə su qıtlığı yaradan əsas amillərin su ehtiyatlarının tədricən azalması, iqlim dəyişiklikləri, iqtisadiyyatın və aqrar sektorun inkişafı ilə bağlı olduğu barədə məlumat vermiş, xüsusilə cari ildə ölkənin su ehtiyatları sahəsində gərgin vəziyyətin yarandığını etiraf etmişdir: "Hazırda əsas su anbarlarında 20,5 milyard kubmetr tutuma qarşı əvvəlki illərdən kəskin aşağı səviyyədə - cəmi 11,3 milyard kubmetr su mövcuddur ki, bunun da 8,6 milyard kubmetri ölü həcmdir”.

Taxtakörpü, Şəmkirçay, Naxçıvanda Heydər Əliyev (Vayxır) su anbarlarının, Oğuz-Qəbələ-Bakı su kəmərinin və digər layihələrin inşa edilməsi də bu gün kəskin su çatışmazlığının qarşısını ala bilməmişdir.

Su ehtiyatlarından səmərəli istifadə və idarəetmənin təkmilləşdirilməsi məqsədilə Prezidentin sərəncamı ilə müvafiq komissiya yaradılmış, ona mövcud problemlərin aradan qaldırılması üçün ciddi tədbirlərin görülməsi tapşırılımışdır.

Artıq aidiyyəti qurumların koordinasiyası təmin edilmiş, su ehtiyatları barədə operativ məlumat sistemi qurulmuş və onların gündəlik təhlili təmin olunmuşdur. Mingəçevir və Ceyranbatan su anbarları üzrə suvarma, içməli su təchizatı və energetika məqsədləri üçün sudan istifadə rejimi, 570 mindən artıq əkin sahəsi üzrə suvarma qrafikləri tərtib olunmuşdur.

İclasda maraq doğuran amillərdən biri Nazirlər Kabinetinin yeni tərkibinin islahatlara meyilli olması, zamanın çağırışlarına operativ reaksiya vermək bacarığıdır. Tam əminliklə demək mümkündür ki, dövlət başçısının hökumətdə apardığı kadr islahatları bəhrəsini verməkdədir. Bu baxımdan "Elektron su təsərrüfatı” informasiya sisteminin yaradılması, su obyektlərində müasir ölçmə cihazlarının quraşdırılmasının həyata keçirilməsi diqqət çəkir. Nazirlər Kabinetində ölkədə su ehtiyatlarının artırılması və bu istiqamətdə dağ çaylarının sularının yığılması məqsədi ilə relyefə uyğun sututarlar üçün prioritet layihələrə, habelə içməli su təchizatı üçün yeni mənbələrin müəyyən edilməsinə dair təkliflər hazırlanır.

Azərbaycan Prezidenti iclasda bildirdi ki, hazırlanan proqram üç yerə bölünməlidir: "Operativ həlli mümkün olan məsələlər, ortamüddətli və strateji uzunmüddətli məsələlər”. Dövlət başçısının fikrincə, belə yanaşma bu sahədə ciddi dönüş yaratmağa imkan verəcək.

Beləliklə, kənd təsərrüfatının intensiv yollarla inkişafı prioritet məsələdir. Bu halda su mənbələrinin düzgün müəyyən edilməsi, su itkilərinin azaldılması və suyun əkin sahəsinə çatdırılması istiqamətində görülən bütün işlər ən müasir dünya təcribəsindən faydalanmalıdır.

Nazirlər Kabinetinin sonuncu iclası belə qənaətə gəlməyə əsas verir ki, Ermənistanın işğalçılıq siysətinin və koronavirus pandemiyasının vurduğu ağır zərbələrə baxmayaraq, Azərbaycan dövləti iqtisadi islahatlara sadiqdir və o, qarşısına çıxan bütün maneələri, o cümlədən su qıtlığı problemini aşmaq gücünə qadirdir.

 

 

Bahadur İMANQULİYEV

Azərbaycan.-2020.- 28 iyul.- S.1;3.