Pandemiya: mübarizə davam edir - böyüklərimizi qoruyaq!

 

Koronavirus (COVID-19) pandemiyasının dünya çapında təsir etmədiyi bir ölkə belə qalmayıb. Dünya dövlətləri onunla mübarizə aparmaqda artıq hiss olunr ki, çətinlik çəkir. İnkişaf etmiş ölkələrin, demək olar, hamısı artıq etiraf ediblər ki, pandemiya ilə mübarizə onların milli iqtisadiyyatlarını iflic vəziyyətinə salıb.

Ölkələr sərhədlərini bağlayıblar, bir çox iri şirkətlər profillərini dəyişərək zəruri tibbi avadanlıqlar, texnika və ləvazimatlar istehsal edirlər ki, insan ölümlərinin sayını azalda bilsinlər. Hətta bir-birinə çox yaxın olan ölkələr, təşkilatlar bu məsələ ilə bağlı müxtəlif fikirlərə, baxışlara malikdirlər: hərə öz problemlərini ayrılıqda həll edir.

Dövlət başçısı İlham Əliyevin pandemiya dövründə vətəndaşlara dəstək üçün könüllülərə etdiyi çağırışa cavab olaraq, Təhsil Nazirliyinin "Bir” Tələbə-Könüllüləri də "Biz birlikdə güclüyük!” şüarı altında birləşərək sosial aksiyaya, kampaniyalara, layihələrə dəstək veriblər. Belə ki, ölkəmizin müxtəlif şəhərlərində yaşayan aztəminatlı ailələrə xeyirxah insanların, eləcə də sahibkarların təşkilatçılığı ilə 4000-dən çox ərzaq payı, ölkə daxilindəki tibb müəssisələrinə 2000-dən artıq vətəndaşın tələbatının ödənilməsi üçün zəruri dərmanlar, DİN-in A.N. Heydərov adına Respublika Hospitalı və Mərkəzi Gömrük Hospitalına COVID-19 pandemiyasından qorunmaq üçün tibbi heyətin istifadəsi məqsədilə 800 ədəd "üz sipər”ləri çatdırılıb. Tələbə-könüllülərin təşəbbüsü ilə koronavirus pandemiyası dövründə çalışan insanlara həsr olunan "Görünən və görünməyən qəhrəmanlara #birteshekkuronlayn fləşmobu, insanlarda ruh yüksəkliyi yaratmağı əsas götürən "#hərşeyyaxşıolacaq #yenidən” aksiyası həyata keçirilib ki, bunlara da 1000-dən çox insan qoşulub.

Pandemiya dövründə dəstək verilən layihələrdə İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil nazirlikləri, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, "Azərmaş” ASC ilə könüllülərin əməkdaşlığı nəticəsində xeyli sayda ölkə vətəndaşı bu xidmət növündən nəinki yararlanıb, həm də məmnun qalıblar.

Təhsil Nazirliyinin "Bir” Tələbə-Könüllü proqramı milli tələbə-könüllü platformasına 23 000-dən çox tələbə-könüllü üzv olub. Onların inkişafı və asudə vaxtının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqramla indiyədək 550-dən çox yerli, eləcə də beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib.

Azərbaycan Prezidenti İlham Əliyev Nizami yurduna səfəri zamanı 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında, Bilgəhdə, Sumqayıtda, Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılmış modul tipli xəstəxanalarda olarkən bir daha pandemiyanın nəinki insanların sağlamlığına, eyni zamanda ölkə iqtisadiyyatına da mənfi təsirindən ətraflı söz açaraq, bu "qəfil” gələn bəladan az itkilərlə xilas olmaq üçün birgə mübarizənin əhəmiyyətini bildirdi. Dövlət başçısı haqlı olaraq insanları vətəndaş məsuliyyətinə çağırdı.

Biz könüllülərin də pandemiya dövründə üzərinə düşən əsas vəzifə məhz insanların öz sağlamlığının qayğısına qalmaları üçün təbliğat kampaniyasını genişləndirmək, ehtiyacı olanlara sosial yardımlar göstərməkdir. Bu istiqamətdə də ölkə könüllüləri var gücləri ilə çalışırlar.

Mübarizə davam edir - böyüklərimizi qorumaq, əzizlərimizə dəstək olmaq üçün!

 

Nicat CƏFƏRLİ

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının tələbə

 Həmkarlar İttifaqı Komitəsinin sədri, könüllü

Azərbaycan.-2020.- 30 iyul.- S.6.