Mehriban xanım Əliyevanın diqqət və qayğısı bütün Azərbaycan uşaqlarını əhatə edir

 

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

 

 

Bu dünyanın mələkləri...

Saf, təmiz, məsum körpələr...

Şən, şaqraq gülüşləri asimana nur saçan balalar...

Çöhrələrindən süzülən təbəssüm şəfəqiylə yer üzünün günahlarını əridib yox edən uşaqlar...

Dünyadakı hər ötən an, hər gələcək gün sizindir...

 

 

Uşaqların günü

 

 

Hər ilin 1 iyun tarixində dünya uşaqların bayramını qeyd edir. Bu günün qeyd olunması 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən qərara alınıb. Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.

O da təəssüflə qeyd edilməlidir ki, hazırda dünyada milyonlarla uşağın hüquqları tapdanır, zorakılığa, şiddətə, ac-susuzluğa məruz qalır. Uşaqlar müharibələrin qurbanına çevrilir, öldürülür, valideynsiz qalır, qaçqın həyatı yaşamağa məcbur olurlar...

Əfsuslar olsun ki, torpaqlarımızın 20 faizinin mənfur Ermənistan tərəfindən işğalı nəticəsində doğma yurdundan didərgin düşüb qaçqına, məcburi köçkünə çevrilən minlərlə uşaq var. Lakin bu uşaqlar hər zaman dövlətimizin diqqəti və qayğısı ilə əhatə olunub. Onların mənəvi, fiziki sağlamlığı, təhsilləri üçün hər cür şərait yaradılıb.

Əminik ki, qısa zaman ərzində torpaqlarımız düşmən tapdağından azad ediləcək və bir daha ölkəmizdə qaçqın, məcburi köçkün uşaqlar olmayacaq...

 

 

Uşaqların yeni sınağı

 

 

2020-ci il başlayandan isə uşaqlar yer üzərində sürətlə yayılan qorxulu bir bəla, koronavirus, COVİD-19 infeksiyası səbəbindən daha bir çətinliklə, sınaqla üz-üzə qaldılar. Aylardır məktəblərindən, bağçalarından, müəllimlərindən, nənə-babalarından uzaqda həsrətli bir yaşam keçirirlər. Küçələrdə azadə dolaşa, parklarda, bağçalarda dostlarıyla doya-doya oynaya bilmirlər. Körpə qəlblərinə qorxu düşür, minlərlə suala cavab tapmağa çalışırlar...

Hər zaman olduğu kimi, bu çətin günlərdə də dövlətimiz gələcəyimiz olan uşaqların sağlamlığı, təhlükəsizliyi istiqamətində lazımi addımlar atır. Onlara mənəvi dayaq durur, təhsillərindən uzaq düşməmələri üçün vacib tədbirlər görür.

 

 

Uşaq siyasətinin əsası

 

 

Bütün uşaqlara qayğı ölkəmizin dövlət siyasətinin əsas prioritet istiqamətlərindəndir. Yeni nəslin sağlam böyüməsi dövlətin mühüm vəzifəsi kimi daim diqqətdə saxlanılır, uşaqlara xüsusi məhəbbət, diqqət və qayğı göstərilir, onların layiqli vətəndaş kimi böyüməsi, cəmiyyətdə sağlam mövqe tutması üçün hər cür şərait yaradılır.

Azərbaycanda uşaq siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə uşaqlara xüsusi qayğı və diqqətlə yanaşıb. Ulu Öndər hər zaman uşaqların iştirakı ilə keçirilən bayram tədbirlərində iştirak edir, çıxışlarına maraqla tamaşa edir, alqışlayır, onlarla şirin-şirin söhbət edirdi. Ulu Öndərin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir.

Prezident İlham Əliyev uşaq hüquqlarının müdafiəsinə, sağlamlığına, təhsilinə, layiqli vətəndaş kimi hərtərəfli inkişafına yönələn siyasət yürüdür, bu istiqamətdə uğurlu islahatlar aparır.

 

 

Uşaqların himayədarı

 

 

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə uşaqların təlim-tərbiyəsinin təşkili, onların sağlamlığının qorunması istiqamətində həyata keçirilən layihə və proqramlar müstəsna əhəmiyyət daşıyır.

Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb, "Təhsilə dəstək, "Diabetli uşaqlara ən yüksək qayğı, "Talassemiyasız həyat naminə və bu kimi xeyli sayda layihələri uşaqlara təhsil, səhiyyə və digər sahələrdə dəstək və köməkdir.

"Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı və "Məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidən qurulması layihəsi çərçivəsində yüzlərlə körpələr evi, bağça və internat məktəbləri əsaslı təmir olunub.

Həmçinin talassemiya, Daun, Psixonevroloji Uşaq mərkəzləri və bu qəbildən olan digər əhəmiyyətli obyektlər tikilərək istifadəyə verilib. Ötən il fondun təşəbbüsü ilə Bakıda yeni "Ümid yeri uşaq sığınacağı və Uşaq Psixonevroloji Mərkəzinin korpusu açılıb. Bu müəssisələr ən müasir tibbi avadanlıqlarla təchiz olunub.

Bu il mayın 25-də Heydər Əliyev Fondu tərəfindən Şamaxı şəhərində inşa edilən 2 nömrəli körpələr-evi uşaq bağçasının və rayonun Meysəri kəndində əsaslı təmir olunan körpələr evi-uşaq bağçasının açılışları olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışlarda iştirak ediblər.

Açılışları həyata keçirilən adıçəkilən uşaq müəssisələri də fondun məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulmasına, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə nail olunmasına geniş yer ayrılması istiqamətində həyata keçirdiyi layihələrin ardıcıl xarakter aldığını bir daha aydın göstərir.

 

 

"Uşaqlara yaxşılıq nə qədər çox olsa, yenə azdır

 

 

Mehriban xanım müdafiəyə ən çox ehtiyacı olan, uşaq evləri və internatlardakı uşaqlara, qaçqın və məcburi köçkün övladlarına, habelə müxtəlif xəstəliklərə mübtəla olan uşaqlara hər zaman dayaq durmağa çalışır.

"Uşaqlara yaxşılıq nə qədər çox olsa, yenə azdır devizini həyat şüarına çevirən Birinci vitse-prezident hər zaman kimsəsiz uşaqların taleyi ilə maraqlanır, valideyn əskikliyini duymalarını istəmir...

Amma bununla yanaşı, həmişə vurğulayır ki, heç nə ata-ana məhəbbətini əvəz edə bilməz, ona görə də insanlar bu məsələdə daha məsuliyyətli və həssas olmalıdırlar.

Mehriban xanım daim kimsəsiz uşaqlara baş çəkir, onlarla ünsiyyət qurur, problemləri ilə maraqlanır. Təhsil almaları, istedadlarının üzə çıxarılması istiqamətində dəstək göstərir, gələcək həyata daha sağlam qədəm basmaları üçün ruhlandırır. Əlamətdar günlərdə, bayramlarda, hətta öz ad günündə belə uşaqların əhatəsində olmağı sevir, onlarla birlikdə şənlənir, qol götürüb oynayır, uğurlarını alqışlayır.

Təsadüfi deyil ki, bütün kimsəsiz uşaqlar Mehriban xanımı özlərinin mənəvi anası hesab edirlər.

 

 

Uşaqların sevinci ən böyük uğurdur

 

 

Uşaqlarla bağlı həyata keçirilən layihələrin təşəbbüskarı və dəstəkçisi olan Mehriban xanım Əliyeva sağlamlıqları ilə sınağa çəkilən, xüsusi qayğıya ehtiyacı olan uşaqların da himayədarıdır. Heydər Əliyev Fondu tərəfindən Daun, autizm, talassemiya, əqli, fiziki qüsurlu, xərçəng, şəkər kimi xəstəlikləri olan uşaqlar üçün xüsusi müalicə və reabilitasiya mərkəzləri inşa edilib, lazım olan bütün tibbi avadanlıqlarla təmin edilib.

Mehriban xanım vaxtaşırı bu mərkəzləri ziyarət edərək uşaqlarla görüşür, sağlıqları ilə maraqlanır, həyatda normal yaşamaları üçün dəstək olur.

Koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə xüsusi karantin rejimi elan edilən müddətdə talassemiya və hemofiliya, həmçinin leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatı azaldı. Lakin bu çətin anlarda da onlar köməksiz qalmadılar.

Birinci vitse-prezidentin xüsusi diqqət və nəzarəti altında dərhal problemin aradan qaldırılması istiqamətində lazımi addımlar atıldı. Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin əməkdaşları qanvermə aksiyasında iştirak etdilər. Qan xəstəliklərindən əziyyət çəkən uşaqlara yardım göstərmək və cəmiyyətin diqqətini bu sosial məsələyə cəlb etmək üçün humanist bir addım ataraq, "Qan ver, yaşat - deyərək cəmiyyətin digər üzvlərinə də nümunə oldular.

Birinci vitse-prezidentin şəxsi təşəbbüsü ilə uşaqlarla bağlı həyata keçirilən bu kimi örnək addımlar, tükənməz sevgi və qayğı nümunələri saysız-hesabsızdır...

 

 

Dünyanı verək uşaqlara...

 

 

Bu gün, dünya uşaqların olsun...

Saf könüllərdən süzülüb gələn sevinc işartıları asimana işıq saçsın...

Dağılsın zülmət, dursun qan-qada, dünya şərin əlindən qurtulsun, xilas olsun...

Uşaqların arzularından doğulsun, şirin nağıla çevrilsin...

Bəli, dəyərli türk şairi Nazim Hikmətin dediyi kimi, dünyanı verək uşaqlara, heç olmazsa bir günlüyünə...

 

Dünyanı verək uşaqlara

Heç olmazsa, bir günlüyünə...

...Bir günlük də olsa, öyrənsin dünya dostluğu...

 

Yasəmən MUSAYEVA

Azərbaycan.-2020.- 1 iyun.- S.13.