Ölkəmizin uğurlu inkişafında öz fəallıqları ilə seçilənlər

 

İlham ƏLİYEV: "...Şadam ki, bu gün bizim gənclərimiz ən yüksək meyarlara cavab verirlər - bilik, peşəkarlıq, yenilik, müasirlik baxımından”

 

 

Əhalinin rifah halının yüksəldilməsi, sosial məsələlərin həlli, həssas qrupların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması istiqamətində ölkədə görülən bir sıra işlər Azərbaycan Prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir. Ona görə də həyata keçirilən tədbirlər etibarlı sosial müdafiə sisteminin formalaşmasına imkan yaradıb. Eyni zamanda, son illər icra olunan sosial islahatlar proqramının əsas hədəfi də dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulmasıdır . Bu da birbaşa sosial ədalət, şəffaflıq, ünvanlılıq, bərabərlik kimi mühüm prinsiplərin təmin edilməsidir.

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva mayın 19-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Nizami rayonunda 3 saylı DOST mərkəzinin açılışında iştirak edərkən bildirildi ki, burada paytaxtın Nizami, Suraxanı və Sabunçu rayonlarının sakinlərinə pensiya, sosial sığorta, sosial müavinət, övladlığa götürmə, əlillik, əmək və məşğulluq, bank, notariat, həmçinin Tibbi Sosial Ekspertiza Komissiyasının xidmətləri göstəriləcək, eyni zamanda 130 nəfərdən çox işçi və "Könüllü DOST” proqramı üzrə 50 könüllü çalışacaq. Mərkəz gün ərzində 500, il ərzində isə ümumilikdə 150 mindən artıq vətəndaş qəbul edə biləcək.

Məlumat üçün qeyd edək ki, 2019-2025-ci illərdə 31 DOST mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub. Onlardan 5-i Bakıda, 26-sı isə regionlarda açılacaq. Ümumiyyətlə isə "DOST” mərkəzlərində "bir pəncərə” prinsipi ilə 2,8 milyon nəfərə 132 adda xidmət göstərilməsi nəzərdə tutulub. Ötən il istifadəyə verilən 1 və 2 saylı Bakı DOST mərkəzlərində 100 mindən çox şəxsə xidmət göstərilib. Bütün bu xidmətlərdən razı qalan ölkə vətəndaşlarının məmnunluq səviyyəsi isə 96 faiz olub. "Könüllü DOST” proqramı üzrə artıq 300-dən çox könüllü, o cümlədən 22 yaşlı insan bu mərkəzlərə işə cəlb edilib.

DOST Mərkəzi əməkdaşlarının əksəriyyətinin gənclərdən ibarət olması heç də təsadüfi deyil. Azərbaycan Prezidenti mərkəzlə tanışlıqdan sonra Azərbaycan Televiziyasına verdiyi müsahibəsində bu məsələyə bir daha xüsusi diqqət ayıraraq bildirdi ki, gənclərin rolu həmişə çox yüksək qiymətləndirilib: "...Bu gün də Azərbaycan gəncləri ölkəmizin uğurlu inkişafında öz fəal rolunu oynayırlar. Deyə bilərəm ki, gənclər cəmiyyətimizin ən fəal təbəqəsidir və bu gün gənclərə geniş imkanlar yaradılır. Gənclər önəmli vəzifələrə təyin olunur: nazir, icra başçısı vəzifələrinə...”

Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, gənclər hazırda bir sıra məsul işlərə irəli çəkilir, onlara etimad göstərilir. Ən əsası odur ki, onlar tapşırılan işlərin icrasında xüsusi fəallıq göstərirlər. Artıq beynəlxalq birlik də görür ki, Azərbaycanda dövlət gənclər siyasəti mühüm məsələyə çevrilib. Bu gün bütün sahələrdə çalışanların əksəriyyətini gənclər təşkil edir: "Şadam ki, bu gün bizim gənclərimiz ən yüksək meyarlara cavab verirlər - bilik, peşəkarlıq, yenilik, müasirlik baxımından. Eyni zamanda, onu da bildirməliyəm ki, gənclər xoşagəlməz hallara qarşı da mübarizədə bizə böyük dəstək olurlar. Bütövlükdə gələcəkdə Azərbaycanı idarə edəcək insanlar bugünkü gənclərdir. Ona görə onların bilikləri və eyni zamanda, vətənpərvərliyi bizim müstəqilliyimizi daim gücləndirəcək və ölkəmizin uzun illər, onilliklər bundan sonra dayanıqlı inkişafını təmin edəcək”.

Azərbaycan Prezidenti dünyanı cənginə almış, pandemiyaya çevrilərək, ölkələri iflic halına salan, insanların sağlamlığına qənim kəsilən, iqtisadiyyatına ağır zərbə vuran koronavirusla bağlı görülən tədbirlərə və əldə edilən son nəticələrə diqqət ayırarkən gənclərin bu sahədə də fəallıqlarını vurğuladı: "İşlər əvvəldən Azərbaycanda çox düzgün istiqamətdə aparıldı və bunu həm Azərbaycan xalqı görür və təqdir edir, həm də beynəlxalq təşkilatlar. Bu günə qədər mən vətəndaşlardan gündə yüzlərlə məktub alıram...Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı bizim bu sahədə gördüyümüz işləri yüksək qiymətləndirir və Azərbaycanı nümunəvi ölkə adlandırır. Bu, bizim gördüyümüz işlərə verilən böyük qiymətdir”.

Səhiyyə sisteminin qısa müddətdə yenidən qurulmasını, xüsusilə İcbari Tibbi Sığorta Agentliyinin və TƏBİB-in fəaliyyətini yüksək qiymətləndirən dövlət başçısı onu da vurğuladı ki, bu sahədə xidmət göstərənlərin əksəriyyəti gənclərdir. Doğrudan da belə çətin bir şəraitdə heç bir ölkənin səhiyyə sistemi buna hazır deyildi. Belə bir çətin şəraitdə bütün təşkilati işləri görmək doğrudan da böyük nailiyyətdir. Bu nailiyyətlərdə gənc mütəxəssislərin, o cümlədən peşəkarlıqları və vətənpərvərlikləri ilə seçilən gənclər oldular. Azərbaycan Prezidenti İlham Əliyev məhz bu kimi amilləri nəzərə alaraq dedi: "Mən gənclərin rolunu həmişə çox yüksək qiymətləndirmişəm. Bu gün də Azərbaycan gəncləri ölkəmizin uğurlu inkişafında öz fəal rolunu oynayırlar... Bütövlükdə gələcəkdə Azərbaycanı idarə edəcək insanlar bugünkü gənclərdir. Ona görə onların bilikləri və eyni zamanda, vətənpərvərliyi bizim müstəqilliyimizi daim gücləndirəcək və ölkəmizin uzun illər, onilliklər bundan sonra dayanıqlı inkişafını təmin edəcək”.

 

Məhəmməd NƏRİMANOĞLU

Azərbaycan.-2020.- 2 iyun.- S.9.