Məhsulumuz yenə də bol olacaq

 

Prezident İlham Əliyev: "Kənd təsərrüfatının inkişafı bizim üçün prioritet sahə olaraq qalır”

 

Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlarda aqrar sektorun inkişafı xüsusi önəm daşıyır. Azərbaycanın əvvəllər şöhrəti bütün keçmiş SSRİ-yə yayılan, sonralar isə məlum səbəblərdən tənəzzülə uğrayan kənd təsərrüfatının bütün sahələri artıq dirçəldilib və getdikcə daha da inkişaf etdirilir.

Aqrar sektorda görülən işlər Prezidentin daim diqqət mərkəzindədir. Dövlət başçısı kənd təsərrüfatının inkişafının prioritet olduğunu, demək olar ki, bütün çıxışlarında vurğulayır.

Cari il mayın 22-də Prezident İlham Əliyevlə "Signify" şirkətinin baş icraçı direktoru Erik Rondolat, MDB üzrə baş meneceri Erik Benedetti və rəhbərliyinin digər nümayəndələri arasında keçirilən videokonfransda da həmin məsələyə toxunulmuşdur. "Signify" şirkətinin təşəbbüsü ilə baş tutan videokonfransda şirkətin baş icraçı direktoru Erik Rondolat bu mövzudan ətraflı bəhs etmişdir. Belə ki, o, kənd təsərrüfatında, o cümlədən heyvandarlıq, quşçuluq və əkinçilik sahələrində məhsuldarlığın əhəmiyyətli dərəcədə artırılması, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, su istehlakının azaldılması sahələrində əməkdaşlıq məsələlərinə toxunmuşdur. Eləcə də bildirmişdir ki, Azərbaycanla bu istiqamətlərdə təcrübəni bölüşməyə hazırdırlar.

Videokonfransda kənd təsərrüfatı üçün vacib daha bir məsələ - müasir texnologiyaların tətbiqi və bu məqsədlə gənc kadrların hazırlanması müzakirə olunmuşdur.

Prezident İlham Əliyev tədbir zamanı demişdir: "Bu sahədə aparılan islahatlar sayəsində biz daha çox gəncin kənd təsərrüfatı üzrə mütəxəssis olmaq istədiyini və Aqrar Universitetdə bu peşəni seçmək istəyən gənclərin sayının artdığını görürük. Biz yeni elektron kənd təsərrüfatı sistemini həyata keçiririk. Bu, artıq bizə həyatımızın və iqtisadiyyatımızın mühüm sahəsinin səmərəliliyini artırmağa çox kömək edir.

Çünki ölkə əhalisinin demək olar ki, 50 faizi kənd yerlərində yaşayır. Beləliklə, əminəm ki, bu, bizim birgə həyata keçirə biləcəyimiz çox mühüm yeni layihə ola bilər.”

Bildirilmişdir ki, ümumilikdə, Azərbaycan yeni texnologiyalara, innovasiyalara hazırdır. Bunun üçün artıq ölkədə əhəmiyyətli insan kapitalı yaradılıb və dövlət xidmətləri, sosial xidmətlərlə bağlı texnologiyalarımız xaricdə də istifadə olunur. Başqa sözlə, ölkəmiz yeni texnologiyalara tam açıqdır. Çünki bu texnologiyalar yeni miqyasa, dinamizmə, tərəqqiyə, iş yerlərinə və rifaha gətirib çıxarır.

Dövlət başçısı Ağstafa və İmişli Rayon İcra hakimiyyətləri başçılarının təyin olunmaları ilə əlaqədar videoformatda qəbul zamanı da kənd təsərrüfatı mövzusunu önə çəkmişdir. Bu sahədə yerli icra orqanlarının görəcəyi işlərin çox olduğunu bildirmişdir. Belə ki, kənd təsərrüfatının inkişafı ölkə üçün prioritet sahə olaraq qalır. İndiki şəraitdə kənd təsərrüfatının müasir üsullarla inkişafı ilə əlaqədar çox geniş proqramlar icra edilir. Ona görə də müvafiq dövlət qurumları ilə birlikdə kənd təsərrüfatının inkişafı ilə bağlı işlər görülməlidir. İnsanların işlə təmin edilməsi, məhsuldarlığın artırılması və sahənin inkişafını şərtləndirən bütün amillərin təmin edilməsi gündəlikdə qalmaqdadır.

Hazırda suvarma suyunun ədalətli bölüşdürülməsi də böyük əhəmiyyət kəsb edir. Bu il də keçən ildəki kimi quraqlıq olduğu üçün suvarma suyundan böyük qənaətlə istifadə edilməlidir. Prezident bu məsələni bir daha önə çəkmişdir: "Bütün bu işləri düzgün təhlil etmək və tədbirlər planı hazırlamaq üçün mənim sərəncamımla xüsusi komissiya yaradılıb və artıq komissiyanın ilkin araşdırmaları mənə təqdim edilib. Biz bunu, demək olar ki, təxmin edirdik, bəzi hallarda itkilər 40-50 faiz səviyyəsindədir. Bu, dözülməzdir. Belə israfçılıq böyük problemlərə gətirib çıxarır.”

Odur ki, su itkilərinə yol vermək olmaz. Eləcə də suyun ədalətli bölüşdürülməsi məsələsi çox aktualdır.

Bu və digər məsələlərdə sahibkarlara kömək göstərilməlidir. Çünki indiki şəraitdə ölkəmizin uğurlu inkişafı, ilk növbədə, qeyri-neft sektorunun hesabına təmin ediləcək və əlbəttə ki, sahibkarlığın inkişafı daha böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyev bu gün Azərbaycanda böyük sahibkarlıq sinfinin formalaşdığını vurğulayaraq bəzi hallarda sahibkarların çətinliklərlə üzləşdiyini də qeyd etmişdir: "Hansısa layihəni icra etmək, hansısa investisiyanı qoymaq istəyəndə məmurlar tərəfindən problemlərlə üzləşirlər. Bəzi məmurlar onların layihələrinə şərik çıxmaq istəyirlər, bəzi məmurlar onların gəlirlərinə göz dikirlər. Buna qətiyyən yol vermək olmaz. Əksinə, siz sahibkarları cəlb etməlisiniz, siz onları inandırmalısınız. İndi dünyada investisiyalar uğrunda mübarizə aparılır. Ölkələr öz təkliflərini irəli sürürlər ki, investorları cəlb etsinlər. Ona görə siz, ilk növbədə, yerli sahibkarları inandırmalısınız ki, onlar gəlib məhz sizin rayonlarınıza sərmayə qoysunlar, iş yerləri yaratsınlar və beləliklə, rayonların inkişafına töhfə versinlər. Amma bəzi hallarda sahibkar iş görmək istəyir, ona min cür əziyyət verirlər. Buna yol vermək olmaz.”

Bütün bunlar dövlətin sahibkara, xüsusilə kənddə yaşayıb fəaliyyət göstərən sahibkara dəstəyinin davamlı olduğunun bariz nümunəsidir. Təsadüfi deyil ki, son aylar koronavirus pandemiyası ilə əlaqədar sahibkarlara hərtərəfli kömək göstərilmişdir. Ona görə də indi Azərbaycan kəndində bütün mövsümi işlər öz qaydasında gedir. Dövlət çoxsaylı tədbirlər həyata keçirir ki, məhsulumuz yenə də bol olsun.

 

Flora SADIQLI

Azərbaycan.-2020.- 3 iyun.- S.1;7.