Yaşamın keşiyində:
ayıq və sayıq
Azərbaycan
polisi çevikliyi, fədakarlığı ilə pandemiyaya
qarşı mübarizəyə mühüm töhfə verir
Aylardır aparılan mübarizəyə baxmayaraq, dünya hələ də yeni növ koronavirus (COVID-19) təhlükəsindən sovuşmayıb. Hər gün ölkələr üzrə virusa yoluxma və onun aldığı canların sürətlə çoxalma statistikası vahiməli bir şəkildə artır.
Dünya böhranda, bəşəriyyət qorxu içərisindədir. İnsanların sağlığı təhlükədə, gələcəyi sual altındadır. Gözəgörünməz "taclı” bəlanın tibbi çarəsi isə hələ də tapılmayıb və elm aləmi gecə-gündüz qurtuluş peyvəndi üzərində "baş sındırır”...
Azərbaycanda infeksiyanın yayıldığı ilk zamanlardan etibarən ona qarşı effektiv mübarizəyə başlanıldı. COVID-19-un ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə Prezident İlham Əliyevin tapşırığına əsasən, hələ yanvar ayından etibarən zəruri qabaqlayıcı tədbirlər görülməyə başlandı. Profilaktik və təxirəsalınmaz qərarların həyata keçirilməsi üçün Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət qurumlarından ibarət Operativ Qərargah yaradıldı.
Azərbaycan dövlətinin koronavirus infeksiyası ilə mübarizə sahəsində bütün zəruri tədbirləri həyata keçirməsi nəticəsində ölkəmizdə pandemiya ilə əlaqədar məsələləri ciddi nəzarətdə saxlamaq, virusun geniş yayılmasının qarşısını almaq və insanların həyatını maksimum şəkildə qorumaq mümkün olub. Xüsusi karantin rejimi dövründə yoluxma hallarının sayı minimuma endirilmiş, ölkəmizdə ölüm halları çox aşağı səviyyədə olmuş, xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalanların sayı yeni yoluxma hallarının sayını kəskin üstələmişdir.
COVID-19-a
qarşı görülən bütün bu qabaqlayıcı
tədbirlər sayəsində Azərbaycanda karantin rejimində
bir çox sahələrdə yumşalmalar həyata
keçirildi.
Hazırda əksər iş yerlərinin fəaliyyətə başlaması, insanlarımızın normal həyat şəraitlərinə geri dönməsi dövlətimizin və hər bir vətəndaşının bu həssas günlərdə bir-birinə dayaq-dəstək durması, bu çətin günlərdə koronavirusla üzbəüz döyüşə atılanların, ondan qorxmayanların qalibiyyəti sayəsində əldə edildi.
Tibb işçilərimiz, həkimlərimiz yoluxan şəxslərin sağalması, yenidən həyata qaytarılması uğrunda öz həyatlarını təhlükəyə ataraq sözün əsl mənasında ölüm-dirim savaşına çıxıblar və bu zalım virusun canlar almasına mane olurlar. Fədakar tibb işçilərimiz sayəsində
COVİD-19-a
yoluxaraq müalicə alan yüzlərlə ümidsiz xəstələrimiz
sağaldılaraq həyata, öz doğmalarının yanına
qaytarılır...
Bizi özümüzdən
qorumağa çalışdılar
Hələ sərt karantin dönəmlərindən bu gözəgörünməz bəlaya yoluxma təhlükəsi olan sağlam vətəndaşlarımızın keşiyində isə Azərbaycan polisi dayanmışdı...
Biz sağlam olaq, koronavirusa yoluxmamaq üçün evdə qalaq deyə, onlar öz canlarını təhlükəyə ataraq küçələrə çıxdılar. Gecə-gündüz yollarda, postlarda, parklarda, bir sözlə, insan yaşamı olan hər bir yerdə qoruyucumuza çevrildilər.
Sosial məsafə, karantin qaydalarına əməl etməyimizi təmin etdilər. Yaşlı, tənha, kimsəsiz insanların köməyinə tələsdilər, sovqat apardılar, bu çətin günlərdə onlara mənəvi dayaq durdular, ümid qonağı oldular.
Bəzən bizi özümüzdən qorumağa çalışdılar. Məsuliyyətsiz davranaraq, sosial izolyasiyaya riayət etməyib ziyafət təşkil edəndə, müxtəlif yollarla karantin postlarından keçmək istəyəndə, qanunsuz kafe-çayxana işlədəndə və digər bu kimi minlərlə qayda pozuntuları edəndə bunun önünə keçdilər və elə bu sayədə ölkəmizdə kütləvi yoluxmaların qarşısını aldılar. Hər an, hər dəqiqə təhlükənin fərqində oldular, onun şaxələnməsinə aman vermədilər...
İndi polisimizin üzərinə böyük yük, yüksək məsuliyyət düşür
Azərbaycan
polisinin karantin günlərində göstərdiyi fəaliyyətə
Prezident İlham Əliyev də öz
çıxışında qiymət vermişdi: "Hesab
edirəm ki, bizim hələlik tam razı ola bilmədiyimiz
yeganə məsələ məsuliyyətdir. Çünki bəzi insanlar
özlərini məsuliyyətsiz aparırlar. Bəzi insanlar qəbul edilmiş
qaydaları pozmağa
çalışırlar. Beləliklə, həm özlərini,
həm yaxınlarını, həm də ki,
tanımadığı insanları risk
altına qoyurlar. Bunu
etmək olmaz. Bu qadağalar ona görə
qəbul edilib ki, yoluxma halları məhdudlaşdırılsın.
Yaşı 65-dən yuxarı olan insanlar küçəyə çıxa bilməzlər.
Bunu onlar başa düşməlidirlər. Bizim polis işçiləri
onları çox mülayim
formada başa salmağa çalışırlar. Siz indi yaxşı bilirsiniz ki, bəzi ölkələrdə
polis nümayəndələri necə
davranırlar. Televizorda görürük,
heç iki-üç
sual da vermir,
dərhal hərəkətə keçir.
Bizim polisimiz insanları
qoruyur. İndi
onların üzərinə böyük yük, böyük məsuliyyət
düşür. Onlar
da öz
sağlamlıqlarını risk altına
atırlar. Gecə-gündüz küçələrdə onu başa sal,
bunu başa sal. Biz nə etməliyik?!
Qaydaların pozulmasına imkan verə bilmərik.
Biri deyir ki, mənə heç nə
olmaz, biri deyir ki, mən qorxmuram. Söhbət ondan
getmir ki, sənə heç nə olmaz, yoxsa olar. Birincisi, sənə bir şey olarsa,
gərək ən azı 10 həkim sənə qulluq etsin, 10 həkim öz həyatını,
sağlamlığını, yaxınlarının
sağlamlığını risk
altına atsın bir məsuliyyətsiz adama görə. Bu, tamamilə
qəbuledilməz bir fikirdir
ki, "mən qorxmuram,
mənə bir şey
olmaz”. Hesab edirəm ki, belə adamlar məsuliyyətə
cəlb edilməlidir. Biz maksimum
çalışırıq ki, bu vəziyyətdə insanların
narahatlığını anlayaq və
kömək göstərək. Hər kəs üçün
çətindir. Aydın məsələdir ki,
evdə oturmaq çətindir. Xüsusilə
nəzərə alsaq ki,
son illər ərzində Bakı şəhərində,
bütün digər yerlərdə, rayonlarda gözəl parklar,
istirahət zonaları salınıbdır, hava
da yaxşıdır. Ancaq
hər bir adam məsuliyyətli
olmalıdır. Olmaz belə. Yaşı
65-dən yuxarı insanlar evdə
oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!
Həmçinin 10-dan çox insan bir yerə
toplaşmamalıdır. Bunu da pozurlar. Ona
görə də bu tədbirlər daha da sərtləşdiriləcək.
İndi görün Avropanın inkişaf etmiş ölkələrində nələr baş verir. Orada 2 nəfərdən çox adam bir yerə yığışa bilməz, 2 nəfərdən çox. Əgər polis işçiləri onu görürlərsə, dərhal ölçü götürürlər. Heç yalvar-yapış etmirlər, ölçü götürürlər. Ona görə bizdə hər bir kəsdə məsuliyyət hissi olmalıdır. Məsuliyyət hissi də bu gün sərgilədiyimiz həmrəylik və birlik hisslərinin səviyyəsinə qalxmalıdır”.
Yoluxma təhlükəsinin qarşısını almaq yalnız polisin üzərinə düşən vəzifə deyil...
Həqiqətdir ki, Azərbaycanda koronavirusla bağlı müşahidə edilən müsbət nəticələrdə, karantin rejiminin qısa zaman kəsimində yumşalmaya keçməsində polislərimizin də zəhmət payı var...
Amma karantin rejimi tam ləğv edilməyib və təəssüf ki, yumşaldılmalardan və sərt qadağalar aradan qaldırılandan sonra, yeni yoluxma hallarının sayında artım müşahidə olunmağa başlamış, əldə edilmiş pozitiv nəticəni qoruyub saxlamaq mümkün olmamışdır. Hazırkı dövrdə pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından, eləcə də fəaliyyətinə icazə verilən sahələrdə rəhbər şəxslərin karantin rejimi qaydalarına riayətindən birbaşa asılıdır. Hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün movcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da bu fəaliyyətə dəvət etməlidir.
Amma nə yazıq ki, hələlik qoyulan qaydalara tam əməl edilmədiyinin şahidi oluruq.
Əfsus ki, bir çox hallarda sosial məsafə saxlamağı da, maskasız gəzməyin təhlükəli olduğunu da polislərin xatırlatmasından eşidirik...
Bəli, təhlükələrdən qorunmağımız, məsuliyyətsiz davranışlarımızın qarşısını kəsmək üçün Azərbaycan polisi səfərbər olub. Metrolarda, keçidlərdə, postlarda, küçələrdə, parklarda, ticarət mərkəzlərində, demək olar ki, hər yerdə xəstəliyə qarşı sipərimizə, təhlükəni görən gözlərimizə çevriliblər.
Baxmayaraq
ki, koronavirusa yoluxma təhlükəsi yaradan bütün
halların qarşısını almaq yalnız polisin üzərinə
düşən vəzifə deyil...
Bir-birimiz üçün yaşayaq, bir-birimizi yaşadaq...
Həm də polisin xüsusi iş forması onu koronavirus təhlükəsindən sığortalamır. Onlar da hər birimiz kimi bu infeksiyaya yoluxa, daşıyıcıya çevrilə, əzizlərinə, ailələrinə bu təhlükənin ayaq açmasına səbəb olarlar. Kimisinin ata-anası, kimisinin bacı-qardaşı, kimisinin də övladları ürəklərində narahatlıqla onların yolunu gözləyir...
Məhz onların da fədakar əməyi nəticəsində, dünyanın pandemiyanın birinci dalğasını atlatmaqda aciz olduğu bir dövrdə Azərbaycan təhlükəni ram etməyi bacarıb. Bu bəladan birdəfəlik qurtulmaq, ona qalib gəlmək isə, dövlətimiz, tibb işçilərimiz, polislərimiz və digər virusla ön cəbhədə mübarizə aparanlarla yanaşı, hər birimizin fərdi məsuliyyətindən asılıdır...
Karantinin tələblərinə, sosial məsafə qaydalarına əməl edək, ictimai yerlərdə mütləq maska taxaq, lüzum olmadığı halda küçələrə çıxmayaq, ictimai nəqliyyatdan istifadə etməyək. Özümüzü, doğmalarımızı, yaşlılarımızı, tibb işçilərimizi, həkimlərimizi, polislərimizi, vətəndaşlarımızı, ümumilikdə xalqımızı qoruyaq...
Zamanın tələbi olan bu müqəddəs missiyanı yerinə yetirək, bir-birimiz üçün yaşayaq, bir-birimizi yaşadaq...
Birlikdə güclü olaq, birlikdə var olaq...
Yasəmən MUSAYEVA
Azərbaycan.-2020.- 3 iyun.- S.1;6.