Siz
bir daha sübut etdiniz ki, bütün dünyada yaşayan azərbaycanlıların
qürur duyduğu lidersiniz
Azərbaycan
Prezidenti İlham Əliyevə minnətdarlıq məktubları
gəlməkdə davam edir. Respublikamızın bütün
guşələrindən, eləcə də xaricdən həmvətənlərimiz
dövlətimizin başçısının diqqət və
qayğısından razılıqlarını ifadə edirlər.
AZƏRTAC
Prezidentin saytına istinadla minnətdarlıq məktublarının
bir qismini təqdim edir.
Rusiyanın
Krasnoyarsk diyarının Norilsk şəhərindən Elzabit
Namazov yazır: "Möhtərəm cənab Prezident, mən
uzun müddət doğma Vətənimdə yaşamasam da, qəlbən
Azərbaycana bağlıyam. Ulu öndər Heydər Əliyevin
siyasi kursunun layiqli davamçısı kimi hakimiyyətə gəldiyiniz
gündən bəri dəqiq hədəflərə
hesablanmış uğurlu daxili və xarici siyasətinizi dəstəkləyirəm.
Hər dəfə doğma yurduma gələndə, Azərbaycanımın
inkişafını görəndə fəxr hissi duyuram.
Pandemiyaya qarşı mübarizədə ciddi işlərin
görülməsi üçün vaxtında göstəriş
verməyiniz ölkəmizdə xəstəliyin geniş
yayılmaması üçün zəmin yaratdı. Aztəminatlı
ailələrə və sahibkarlara yardımlara, bu çətin
dövrdə ölkə iqtisadiyyatının
inkişafının qorunub saxlanılması istiqamətində
qəbul etdiyiniz düzgün qərarlara görə Sizə dərin
təşəkkürümü bildirirəm. Möhtərəm
cənab Prezident, bu çətin günlərdə Siz bir daha
sübut etdiniz ki, həqiqətən bütün dünyada
yaşayan azərbaycanlıların qürur duyduğu
lidersiniz. Xalqımızın firavanlığı yolunda
yorulmadan çalışdığınıza görə
Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya
öz adımdan və ailəmin adından təşəkkür
edirəm”.
Böyük
Britaniyanın Kardiff şəhərindən Arzu Rzayeva:
"Hörmətli cənab Prezident, mən Böyük
Britaniyanın Kardiff şəhərində təhsil alan azərbaycanlı
tələbələrdən biriyəm. Yaranmış pandemik
vəziyyət iş yerlərinin bağlanmasına səbəb
olmuş və bu hal işləyərək öz tələbatlarını
ödəyən tələbələri maddi cəhətdən
çox çətin vəziyyətə salmışdır.
Bu çıxılmaz vəziyyətlə üzləşən
tələbələrdən biri olaraq yaşadığım
evin kirayə haqqını ödəməkdə çətinlik
çəkdiyim üçün ölkəmizin Londondakı
səfirliyinə müraciət etdim. Müraciətimdən dərhal
sonra mənimlə əlaqə saxlanıldı və bir
neçə gün sonra müraciətimin qəbulu ilə
bağlı mənə məlumat verildi. Bank rekvizitlərim
alındı və müvafiq məbləğ dərhal
hesabıma daxil edildi. Beləliklə, üzləşdiyim bu
çətin məsələ dövlətimizin dəstəyi
sayəsində öz həllini tapdı. Hörmətli cənab
Prezident, bu çətin anda bizi köməksiz
qoymadığınıza və göstərdiyiniz əvəzolunmaz
dəstəyə görə Sizə hədsiz minnətdarlığımı
bildirirəm”.
Məcburi
köçkün Aysel Aslanzadə: "Hörmətli cənab
Prezident, mən keçmiş Ağdərə rayonundan məcburi
köçkünəm. Hazırda Bərdə rayonunda
yaşayıram. Sizin diqqət və qayğınızı
biz məcburi köçkünlər hər zaman hiss edirik.
COVID-19 pandemiyasının dünyanı lərzəyə gətirdiyi
hazırkı vaxtda Sizin necə müdrik və
qayğıkeş dövlət başçısı
olduğunuzu bir daha gördük. Elə bu məktubu yazmaqda əsas
məqsədim də ona görədir ki, xalqımızı
bu çətin bəladan qurtarmaq üçün həyata
keçirdiyiniz məqsədyönlü işlər
üçün Sizə dərindən təşəkkürümü
bildirim. Cənab Prezident, xalqımız Sizi sevir. Siz bizim
ümid və pənah yerimizsiniz”.
İsmayıllı
rayonunun Topçu kəndindən Sevinc Hüseyinova:
"Möhtərəm cənab Prezident, mən
İsmayıllı rayonunun Topçu kənd tam orta məktəbinin
8-ci sinif şagirdiyəm. Bütün dünyanı
sarsıdan koronavirus zamanı ölkəmizi qoruduğunuza, bu
xəstəliyə qarşı mühüm işlər
gördüyünüzə, dövlətimizin yüksəlişi
üçün əlinizdən gələni etdiyinizə
görə Sizə təşəkkür edirəm. Digər
ölkələrdə bu virus çoxsaylı tələfata
səbəb olsa da, Sizin sayənizdə ölkəmizdə xəstələrin
sayı azdır. Mən inanıram ki, xalqımız Sizin sayənizdə
bu çətin günlərdən üzüağ
çıxacaqdır. Biz birlikdə qalib olacağıq!”.
Ağcabədi
şəhərindən Zülfiyyə İsmayılova:
"Möhtərəm cənab Prezident, mən bir Azərbaycan
vətəndaşı olaraq Sizinlə fəxr edirəm. Siz Azərbaycan
xalqının layiqli övladısınız. Siz
xalqını sevən, hər bir vətəndaşının
qayğısına qalan müdrik dövlət
başçısısınız. Siz bunu COVID-19
epidemiyası dövründə bir daha sübut etdiniz. Dövlətimizin
dəstəyi koronavirusla mübarizədə bizə
böyük stimul verdi. Bu dövrdə dövlətin
ayırdığı birdəfəlik ödəməni mən
də almışam. Bu yardımın bizə ödənilməsi
xalqa göstərdiyiniz qayğının daha bir nümunəsidir.
Yaxşı ki, Siz Azərbaycanın Prezidentisiniz və biz hər
zaman Sizin arxanızdayıq!”.
Cəlilabad
rayonunun sakinləri Qasım Miriyev, Vüsal Ağayev, Emil
Ağayev, İlqar Ağayev, Qəyum Ağayev və Kamran Məmmədov
yazırlar: "Möhtərəm cənab Prezident, Sizin
xalqımıza göstərdiyiniz diqqət və qayğı
bizim Kazımabad kəndinin sakinlərindən də yan
keçmir. Hazırda mövsümlə əlaqədar olaraq
rayonumuzun kəndlərində insanlar əkinçiliklə məşğuldurlar.
Biz kəndlilər əsasən kartof əkib-becəririk. Belə
bir ağır dövrdə məhsulumuzu xarici bazarlara
çıxarmağımıza böyük imkanlar
yaratdığınıza görə Sizə dərin minnətdarlığımızı
bildiririk. Məhsullarımız iritonnajlı yük
maşınları ilə xarici bazarlara daşınır. Siz
həqiqətən də hər bir azərbaycanlının
Prezidentisiniz! Allah Sizi qorusun!”.
Salyan
rayonunun Marışlı kəndindən Ərəstun
Hüseynov, Şahmar Usubov, Ramil İbrahimov və Rövşən
Əhmədov yazırlar: "Möhtərəm cənab
Prezident, son zamanlarda pandemiya ilə əlaqədar olaraq
dünyanın bir çox ölkələri iqtisadi böhrana
düçar olmuşdur. Amma bu gün Azərbaycan
Respublikası yüksək inkişaf nəticəsində
Sizin rəhbərliyinizlə bütün çətinliklərin
öhdəsindən gəlməkdədir. Təbii ki, Azərbaycanın
bu cür inkişafının banisi və memarı ulu öndər
Heydər Əliyev və Sizsiniz. Salyan rayonunun
Marışlı kəndində asfalt yolun çəkilişi
Sizin kəndlərə göstərdiyiniz diqqət və
qayğının nəticəsidir. Yol mədəniyyətdir,
inkişafdır. Bütün görülən bu işlər
Sizin biz vətəndaşlara göstərdiyiniz
qayğının nəticəsidir. Cənab Prezident, biz
Marışlı kənd sakinləri Sizinlə bir daha
qürur duyuruq. Sizə daha böyük uğurlar arzu edirik.
Biz həmişə Sizinləyik”.
Şamaxı
rayonunun ağsaqqalları adından Ədilxan
Zülfüqarov, Kamal Adıgözəlov, Tahir Tağıyev
və Xasay İsayev dövlətimizin
başçısına minnətdarlıq edərək
yazırlar: "Möhtərəm cənab Prezident,
dünyanı bürüyən koronavirus pandemiyası dönəmində
Sizin gərgin əməyiniz nəticəsində ölkəmizdə
əhalini qorumaq üçün aparılan qabaqlayıcı
tədbirlər öz bəhrəsini verir. Azərbaycanda bu
virusun törədə biləcəyi ağır fəsadların
qarşısının alınması istiqamətində
atılan hər bir addım bütün əhali tərəfindən
minnətdarlıq hissi ilə qarşılanır. Səhiyyə
sahəsində həyata keçirilən effektiv tədbirlər
bu işlərə bilavasitə nəzarətin və fədakar
əməyin nəticəsidir. Belə çətin dövrdə
Sizin və Mehriban xanımın rayonumuza səfəriniz əhalimiz
tərəfindən böyük sevinc və qürur hissi ilə
qarşılandı.
Azərbaycan
tarixində və mədəniyyətində xüsusi yeri olan
Şamaxı özünün yeni çiçəklənmə
dövrünü yaşayır. Bu, Sizin diqqətinizin nəticəsidir.
Rayonumuzdakı tikinti-quruculuq, abadlıq işləri ilə
yanaşı, tarixi abidələrə göstərdiyiniz
qayğı onlara ikinci həyat verir və bizi sevindirir. Pirsaat
Baba, İmadəddin Nəsiminin qardaşı Şahxəndanın
türbəsi və Pir Ömər Sultan ziyarətgahlarının
yenidən qurulması çərçivəsində
görülən işlərə diqqətiniz isə biz
şamaxılılar üçün mühüm əhəmiyyət
kəsb edir. Məlum olduğu kimi, bu abidələr
bütün ölkə əhalisinin və başqa ölkələrdən
gələn qonaqların ziyarət etdiyi müqəddəs
yerlərdir. Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə son illərdə tariximizə və mədəniyyətimizə
göstərilən qayğı Sizin milli mənəvi dəyərlərimizə
həssas münasibətinizdən xəbər verir. Sizin
şamaxılılara olan diqqətiniz hər addımda hiss
olunur. Şamaxıda yeni binalar tikilir, zəlzələdən
zərər çəkmiş minlərlə ev təzələnir,
kəndlərə, qəsəbələrə yeni yollar
salınır, ucqar kəndlər belə qazla təmin olunur,
heç vaxt suyu olmayan kəndlərə su çəkilir, əhalimizə
müasir avtobuslar xidmət göstərir. Çox təəssüf
hissi ilə qeyd edirik ki, son zamanlarda ölkəmizdə, o
cümlədən regionlarda aparılan inkişaf prosesinə
kölgə salmağa çalışanlar var. Bu, ölkəmizi,
Vətənimizi sevməyən, süni narazılıq yaratmaq
istəyən şər qüvvələrin əməlləridir
və onlar bu istəklərinə çatmayacaqlar. Əmin ola
bilərsiniz ki, bütün Azərbaycan xalqı, o cümlədən
şamaxılılar Sizin hər bir qərarınıza
güvənir və apardığınız siyasəti dəstəkləyir.
Əziz Prezidentimiz və hörmətli Mehriban xanım,
Allahdan Sizə möhkəm cansağlığı, dövlətimizin
və xalqımızın inkişafı naminə
apardığınız şərəfli işlərinizdə
müvəffəqiyyətlər arzulayırıq”.
Goranboy
rayonundan Cəfər İbrahimli: "Cənab Prezidentimiz, mən
Goranboy rayon Mübariz Fərmanov adına Xoylu kənd tam orta məktəbin
11-ci sinif şagirdiyəm. Əlaçıyam. Koronavirus
infeksiyası təhlükəsi ilə əlaqədar evdə
qalmağımıza baxmayaraq, biz onlayn dərslər vasitəsilə
təhsilimizdən geri qalmırıq. Bizə yaratdığınız
bu şəraitə görə cənab Prezident, Sizə
öz minnətdarlığımı bildirir və təşəkkür
edirəm”.
Cəlilabad
rayonunun Muğan kəndindən Azad Dövlətov, Raqib
Qürbətov, Ceyhun Rəhimov, Nusrət Filatov, İntiqam
Qarayev, Cavid Qarayev, Eldar Hüseynov, Xanlar Adıgözəlov və
Əfqan Dövlətov yazırlar: "Əziz və hörmətli
Prezident, bu gün ölkəmizdə xalq-hakimiyyəti birliyi və
həmrəyliyi müşahidə olunur. Azərbaycan xalqı
pisi yaxşıdan, ağı qaradan seçməyi
bacarır. Məhz Sizin düşünülmüş siyasətiniz
və səyləriniz sayəsində biz kənd əhalisi
davamlı sabitlik şəraitində yaşayır və fəaliyyət
göstəririk. Əziz Prezidentimiz Allahdan Sizə və ailənizə
möhkəm cansağlığı və fəaliyyətinizdə
yeni-yeni uğurlar arzulayırıq”.
Quba
rayonundan Xəyal Nuhbalayev: "Hörmətli cənab
Prezident, bu ağır pandemiya günlərində
xalqımızın yanında olduğunuz, qayğımıza
qaldığınız, əhalinin maddi rifah halının
yaxşılaşdırılması üçün hər
cür tədbirlər gördüyünüz
üçün mən bir Azərbaycan gənci olaraq, Sizə
öz adımdan və ailəm adından təşəkkür
edir, dərin minnətdarlığımızı bildiririk.
Allah Sizi qorusun!”.
Göygöl
rayonunun Topalhəsənli kəndindən Çərkəz Həmzəyev:
"Möhtərəm cənab Prezident, bütün
dünyada ciddi həyəcan yaradan, yaşından, irqindən
və dinindən asılı olmayaraq insanların həyatına
son qoyan koronavirus pandemiyası adlı bəlaya qarşı
bütün imkanlardan istifadə olunmaqdadır. Sizin bilavasitə
rəhbərliyiniz altında ölkəmizdə vətəndaşların
sağlamlığının qorunması naminə aparılan
əvəzolunmaz tədbirləri çox yüksək qiymətləndiririk.
Qısa bir zamanda yeni xəstəxanaların istifadəyə
verilməsi, mövcud xəstəxanaların
uyğunlaşdırılması, qoruyucu vasitələrin
istehsalı, xəstələrin müalicəsi
üçün tibb ocaqlarının lazımi
avadanlıqlarla təmin olunması, canları bahasına xəstələri
müalicə edən həkimlərin əməkhaqlarına əlavələr
edilməsi, işləməyənlərə
yardımların verilməsi, sosial iş yerlərinin
açılması, sahibkarlara maliyyə dəstəyinin və
güzəştlərin edilməsi və digər işlər
çox təqdirəlayiqdir. Əziz Prezidentimiz, Azərbaycan
vətəndaşları arasında itkilərin minimuma endirilməsi
üçün gördüyünüz bütün işlərə
görə ailəmiz adından Sizə minnətdarlığımızı
bildirirəm”.
Qaradağ
rayonunun Lökbatan qəsəbəsindən Zara Niftiyeva:
"Hörmətli cənab Prezident, Siz uğura gedən yolda
daim yanımızda olub, bütün çətinliklərdə
öz köməyinizi əsirgəməyən dəyərli
Prezidentimizsiniz. Bu çətin və şərəfli yolda
Sizə daim uğurlar arzu edirəm. Pandemiya dövründə
Azərbaycan xalqına dəstəyiniz, bütün
şücaətləriniz göz qarşısındadır.
Biz haqlı olaraq Sizinlə fəxr edirik. Cənab Prezident, Sizə
bir daha uğurlar diləyir, ailəmiz adından dərin təşəkkürümüzü
bildirirəm”.
Bakının
Yasamal rayonundan Taleh Mansurov: "Möhtərəm Prezident, bir
gənc olaraq Sizə minnətdarlıq etməyi özümə
vətəndaşlıq borcu bilərək bu təşəkkür
məktubunu ünvanlayıram. Hörmətli Ali Baş
Komandan, dünyamız həm siyasi, həm iqtisadi, həm də
tibbi baxımdan ağır sınaqdan keçir. Dünyada
supergüc hesab edilən ölkələrdə pandemiyanın
ağır nəticələri artıq özünü
göstərməyə başlayır. Dünyanın bu mənzərəsi
fonunda ölkəmizdəki sabitlik, dövlətin vətəndaşlara
yardımları Azərbaycanın bu pandemiyadan ən az zərərlə
çıxacağının göstəricisidir. Bu
gücün əsas səbəbi Sizin xalqımıza olan
sevginiz, güclü iradənizdir. Danılmaz faktdır ki, Siz
və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva dövlətimiz
və xalqımız üçün bütün
gücünüzlə çalışırsınız. Mən
də bir Azərbaycan gənci olaraq daim Sizin siyasətinizi dəstəkləyir,
Vətənim, dövlətim üçün layiqli gənc
olmağa çalışıram. Tanrı Sizləri qorusun!”.
Azərbaycan.-2020.- 5 iyun.- S.1;5.