Könüllülər hər işdə öndədirlər

 

Azərbaycan Prezidenti tərəfindən 2020-ci ilin "Könüllülər ili” elan edilməsi bir sıra ictimai təşkilatlarda birləşən gənclərimiz üçün geniş imkanlar açmışdır. Elə bütün dünyanı bürümüş COVID-19 pandemiyasına qarşı mübarizədə də onların fəallığı ikiqat artdı. Dövlət başçısının çağırışına cavab olaraq könüllülər həyatımızın bütün sahələrini iflic edən bu gözəgörünməz bəlanın qarşısının alınmasında öz sözlərini deməklə nəyə qadir olduqlarını sübut etdilər.

Belə bir çətin dövrdə naftalanlı könüllülər də fəallıqlarını ikiqat artırmışlar. Koronavirus (COVID-19) epidemiyası başlayan andan şəhərdə fəaliyyət göstərən könüllülər əhali arasında bu dəhşətli bəlaya qarşı maarifləndirmə işlərinə başlamış, küçələrdə, ticarət və ictimai iaşə obyektlərində təbliğat işləri aparmaqla, əhalini Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərinə və qərarlarına sözsüz əməl etməyə səsləmiş, insanları şəxsi gigiyena qaydalarına əməl etməyə çağırmışlar.

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın pandemiyaya qarşı mübarizə ilə bağlı çağırışına ilk qoşulanlar da könüllülər oldular. Koronavirus infeksiyasının ölkəmizdə yayılmasının və onun törədə biləcəyi acı nəticələrin qarşısının alınması istiqamətində dövlət tərəfindən atılan bütün zəruri addımları dəstəkləyən könüllülər əhalinin maarifləndirilməsində və qayğıya ehtiyacı olan inşanlara sosial xidmətlərin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlərdə əsl nümunə göstərdilər və indi də bu işi uğurla davam etdirirlər. Onlar ölkə rəhbərinin koronavirusla əlaqədar verdiyi tapşırıqların yerinə yetirilməsi üçün tez-tez şəhər xəstəxanasında olur, əhalinin tibbi müayinədən keçirilməsi sahəsində tibb işçilərinin yaxın köməkçilərinə çevrilirlər. Bunun nəticəsidir ki, şəhər əhalisinin xeyli hissəsi koronavirusla əlaqədar müayinələrdən keçirilmişdir.

Şəhərdə fəaliyyət göstərən könüllülər karantin dövründə Heydər Əliyev Fondu, SOCAR, şəhər icra hakimiyyəti, millət vəkilləri, "Regional İnkişaf " İctimai Birliyi və şəhərdə fəaliyyət göstərən sahibkarlar tərəfindən ayrılmış ərzaq bağlamalarının və tibbi vasitələrin şəhid ailələrinə, tənha yaşayan ahıl insanlara, aztəminatlı ailələrə, əlillərə, eləcə də qayğıya ehtiyacı olan və ailə başçısını itirməyə görə sosial müavinət alan ailələrə çatdırılmasında fəal iştirak edirlər. Bundan başqa, gənc könüllülər "Evdə qal!” çağırış vərəqələrinin çoxmərtəbəli yaşayış binalarının sakinlərinə çatdırılmasında da fəallıq göstərirlər. Məhz bunun nəticəsidir ki, karantin dövründə qaydaları pozan və cərimə olunan ahıl vətəndaşlar və aztəminatlı ailələr qeydə alınmamışdır.

Karantin dövründə 65 yaşdan yuxarı insanların evdən çıxması qadağan olunduğu müddətdə onların sifarişi ilə ərzaq məhsullarının və dərman vasitələrinin alınıb evlərinə çatdırılması da könüllülər tərəfindən yüksək səviyyədə təşkil edilmişdir. Bundan başqa, tənha yaşayan ahıllara aidiyyəti qurumlarla birlikdə sosial məişət xidmətləri, o cümlədən ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının alınması, kommunal ödənişlərin verilməsi və s. işlərin görülməsində xüsusi fərqlənirlər. İcra nümayəndələrinin və bələdiyyələrin tərtib etdikləri siyahıya əsasən öz işlərini yüksək səviyyədə quran könüllülər indiyədək 1000 nəfərə yaxın ailəyə ərzaq bağlamalarının çatdırılmasında yaxından iştirak etmişlər.

Lakin Naftalan könüllüləri öz işlərini bununla bitmiş hesab etmirlər. Onlar digər sahələrdə də fəallıq göstərir, "Könüllülər ili”ndə üzərlərinə düşən işin yüksək səviyyədə həyata keçirilməsini vətəndaşlıq borcu hesab edirlər.

 

Sabir ƏLİYEV

Azərbaycan.-2020.- 6 iyun.- S.5.