Tovuzlu kümçülər yüksək göstəricilər əldə edəcəklərinə əmindirlər

 

Hər ili uğurlu göstəricilərlə yola salan Tovuz kümçüləri bu il də ənənəni davam etdirməyi qarşılarına məqsəd qoymuşlar. Həmin məqsədlə cari il 350 qutu barama toxumu götürmüşlər. Bu isə 14 min kiloqram barama tədarükü deməkdir.

Tovuz Rayon Aqrar İnkişaf Mərkəzinin direktoru Emin Eyvazovla söhbətdən məlum oldu ki, rayonda bu il 311 nəfər barama tədarükü ilə məşğuldur: "Hazırda iqtisadi cəhətdən səmərəli olan baramaçılığın inkişafı istiqamətində bir sıra tədbirlər həyata keçirilir ki, bu da rayonda barama istehsalının artırılmasına geniş imkanlar açır. Artıq 4 ildir ki, rayonda baramaçılıq sürətlə inkişaf edir. Təkcə keçən il 325 qutu barama toxumu götürən 76 kümçü 11 min 556 kiloqram barama tədarük etmişdir”.

Koronavirus infeksiyasının geniş yayıldığı indiki şəraitdə tovuzlu gümçülərin əlləri işdən soyumamışdır. Onlar Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi karantin qaydalarına əməl etməklə bu il də bol məhsul uğrunda çalışırlar. Baramaçılar əmindirlər ki, kənd təsərrüfatının bu vacib sahəsinin inkişafında dövlətin göstərdiyi diqqət və qayğı hesabına daha çox qazanc əldə edəcəklər.

Hazırda rayonda baramaçılıqda zəngin təcrübə toplayan onlarla kümçü var. Onlardan biri də Əlibəyli kəndindən Zakir Tağıyevdir. Keçən il 7 qutu baramaqurdu götürən gümçü 280 kiloqram məhsul təhvil vermişdir. Bu il isə Zakir 8 qutu baramaqurdu götürmüşdür ki, ondan da 320 kiloqram məhsul tədarük etməyi qarşıya məqsəd qoymuşdur.

Ümumiyyətlə, Tovuzda baramaçılığa maraq ildən-ilə artır. Məhz bunun nəticəsidir ki, Aşağı Quşçu kəndindən Ramin Verdiyev, Emin Sarıyev, Xatınlı kəndindən Elbrus İsmayılov, Tovuz şəhərindən Adil Həsənov, Xaqani Məmmədov və başqaları baramaçılıqda hər il yüksək göstəricilərə nail olurlar.

 

Sabir ƏLİYEV

Azərbaycan.-2020.- 6 iyun.- S.6.