Prezident hədiyyəsi

 

Şamaxıda 43 yeni mənzil tezliklə sakinlərə təhvil veriləcək

 

Ötən ilin fevralında respublikanın şimal bölgəsində baş vermiş təbii fəlakətin fəsadlarının tam aradan qaldırılması istiqamətində görülən işlər bu gün də davam etdirilir. Şamaxı, Ağsu və İsmayıllıda yüzlərlə fərdi evlər tikilərək sakinlərə təhvil verilib. Bu günlərdə Şamaxıda apardığımız müşahidələrə əsaslanaraq deyə bilərik ki, hazırda rayonda tikinti prosesləri sürətlə həyata keçirilir.

Prezident İlham Əliyevin tapşırığına əsasən Fövqəladə Hallar Nazirliyi tərəfindən Şamaxı üzrə 205, Ağsu üzrə 251, İsmayıllı üzrə isə 124, ümumilikdə 580 fərdi yaşayış evi tikilib. Hazırda hər 3 rayon üzrə 63 (Şamaxıda 43, Ağsuda 13, İsmayıllıda 7) fərdi evin tikintisi davam etdirilir.

Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondunun "Regionl İnkişaf” İctimai Birliyi tərəfindən rayon mərkəzindəki Şəhriyar, Təbriz, Salman Mümtaz, Azadlıq və Səttar Bəhlulzadə küçələrində sakinlər üçün tikilən mənzillərin böyük hissəsi istifadəyə verilib.

 

 

"Tanrı İlham Əliyevi, Mehriban xanımı qorusun”

 

Hazırda Şamaxıda M.Füzuli, Gənclər, Teymur Zahidov, N.Rəfibəyli küçələrində zəlzələdən qəzalı duruma düşmüş evlərin yerində yeni fərdi mənzillərin tikintisi davam etdirilir, bəzi evlərdə isə bərpa işləri aparılır.

M.Füzuli küçəsində yaşayan Muradovlar ailəsinə məxsus 3 otaqlı ev də zəlzələ nəticəsində yararsız hala düşüb. Aparılan yoxlamalardan sonra mənzilin tam sökülərək yerində yeni evin tikilməsi barədə qərar verilib. Hazırda mənzildə son tamamlanma işləri görülür. Bir neçə gündən sonra Muradovlar ailəsi yeni mənzil sevincini yaşayacaqlar. Elə 10 yaşlı Muradla, 9 yaşlı Elşən də təzə evlərinə köçəcəkləri üçün çox səbirsizlənirlər.

Ailə üzvləri ilə söhbət zamanı bəlli oldu ki, köhnə 3 otaqlı mənzilin yerində onlara 4 otaqlı daha geniş ev tikilir. Buna görə Muradovlar ailəsi Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya çox minnətdardırlar. Elçin Muradov yaşayacağı yeni mənzili əli ilə işarə edərək deyir: "Bu, əsl dövlət qayğısı, Prezident himayəsidir. Biz şahidik ki, Azərbaycan Prezidenti hər bir vətəndaşın probleminə necə yanaşır, onun qayğısına necə qalır. Var olsun İlham Əliyev!

Bu gün mənim övladlarımın üzü gülür, çox xoşbəxtdirlər. Allah bu yaxşılığı Prezidentimizin övladlarının, nəvələrinin qarşısına çıxarsın. Tanrı İlham Əliyevi, Mehriban xanımı qorusun”.

Bir neçə gündən sonra Muradovlar ailəsinin köçəcəyi yeni mənzillər tam təmirlidir və istilik sistemi, mətbəxt mebeli, həmçinin digər avadanlıqlarla təchiz edilib.

 

Hər namazıma İlham Əliyevin adı ilə başlayıram

 

 

Şəhərin Teymur Zahidov küçəsində Azər Nəcəfova məxsus 3 otaqlı, Nigar Rəfibəyli küçəsində Məleykə İsgəndərovaya məxsus 3 otaqlı mənzildə aparılan tikinti işləri ilə də tanış olduq. Evlərin dam örtüyü vurulub, bütün otaqların suvaq işləri bitib. Tezliklə mənzillər sahiblərinə təhvil veriləcək.

Zəlzələ nəticəsində tam yararsız hala düşmüş Gənclər küçəsində Sadiqə Məmmədovaya məxsus mənzilin yerində isə indi daha möhtəşım ev tikilir. Tikinti işləri ilə tanış olarkən ev sahibəsinin də ustalara yardım etdiyinin şahidi olduq. Üzündəki sevinc hissindən bəlli olur ki, yeni tikili Sadiqə xanımın ürəyincədir:

"Çox sevincliyəm. Ürəyim xoş sözlərlə doludur. Allah Prezidentimizə ömür versin. Zəlzələ bizi çox qorxutdu, evimizi yararsız hala saldı. Amma hər bir vətəndaşın qayğısına qalan dövlət başçımız Şamaxıya səfər edərək bizə böyük təsəlli oldu. Dağılan evlərin yerində yeni mənzillərin tikiləcəyini söylədi və verdiyi vədinə həmişəki kimi sadiq qaldı. Dünyada elə bir dövlət başçısı yoxdur ki, insanlarla bu qədər yaxın təmasda, görüşlərdə olsun, qocalara, uşaqlara, kimsəsizlərə yardım etsin. Saysız-hesabsız görüşləri, insanları səbirlə dinləməsi, onların hər bir məsləhətlərini, arzu və təkliflərini nəzərə alması İlham Əliyevin həqiqətən hər bir azərbaycanlının sevimli prezidenti olmasından xəbər verir”.

3 övlad böyüdən Sadiqə xanım hazırda 2 qızı və nəvələri ilə birgə yaşayır. Deyir ki, zəlzələdən sonra rayon icra hakimiyyətinin başçısı, Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyinin və Fövqaladə Hallar Nazirliyinin Komissiyasının rəhbərliyi evlərinə baş çəkərək onlara böyük dəstək olublar. Tam yararsız hala düşdüyü üçün yeni mənzilin tikilməsi barədə qərar verilib:

"Baxın, cənab Prezident bizə necə möhtəşəm ev tikdirir. Əvvəkli evimiz 3 otaqlı idi. Dövlət başçısı bizə 2 mərtəbəli, 5 otaqlı, tam təmirli yeni mənzil hədiyyə edəcək. Belə Prezidentdən kim narazı qala bilər?!

Hər bir vətəndaşın qayğısına qalır, darda olana kömək edir, çətin dövrlərdə insanların yaxşı yaşaması üçün əlindən gələni edir. Koronavirus pandemiyası dövründə aztəminatlı ailələrə yardımların verilməsi, işləməyən insanlara maaşlarının ödənilməsi də Prezidentin insansevərliyinin göstəricisi, dövlət başçısı kimi vətəndaşa qayğısıdır. Belə qayğı heç bir ölkədə yoxdur.

Hər gün Allaha dua edən insanam. Hər namazıma İlham Əliyevin adı ilə başlayıram. Bizim arzularımız gerçəkləşir, Tanrı Prezidentimizi, Mehriban xanımı arzularına çatdırsın. Amin!”

Sadiqə xanımın ürəyinə damıb ki, yeni mənzillərinə köçərkən cənab İlham Əliyev Şamaxıya səfər edib onlara bir daha xeyir-dua verəcək. Həmin zaman Sadiqə xanım ürəyindəki xoş sözlərin hamısını dövlət başçısına söyləyəcək.

 

Yeni mənzil sevinci

 

 

Yeni mənzillərə köçən sakinlərin sevinci, tikinti-quruculuq işlərinin davam etməsi insanda xoş təəssürat yaradır. Şamaxıda apardığımız müşahidələrə əsasən deyə bilərik ki, tezliklə daha 43 ailə yeni mənzil sevincini yaşayacaq.

Göründüyü kimi, bu gün Şamaxıda zəlzələdən ziyan çəkən sakinlər üçün həm fərdi, həm də çoxmərtəbəli yaşayış binalarının tikintisi davam etdirlir. Bütün bunlar Prezident qayğısının əyani təzahürüdür. Kimliyindən, tutduğu mövqedən asılı olmayaraq, hər bir vətəndaşın dərd-səri, qayğıları, problemləri cənab İlham Əliyevin diqqətində və nəzarətindədir. Görülən bütün işlər vətəndaşın Prezidentə olan inamını, etimadını daha da artırır.

Yəqin ki, biz də növbəti dəfə Şamaxıya səfərimizdə Həsənovlar, Məmmədovlar, İsgəndərovlar ailəsinin yeni mənzillərində yaşadıqları xoş təəssüratlara, keçirdikləri sevinc hisslərinə şahidlik etmiş olacağıq. Elə bu xoş diləklə də müşahidələrimizi bitirib geri dönürük.

 

 

Rəşad BAXŞƏLİYEV,

Elçin CƏFƏROV

Azərbaycan.-2020.- 9 iyun.- S.1;5.