Koronavirus Ermənistanı cəhənnəmə çevirib

 

Paşinyan iqtidarının pandemiya ilə bağlı vəziyyəti düzgün qiymətləndirməməsi işğalçı ölkəni uçuruma yuvarladıb

 

 

Ermənistanda koronavirus pandemiyası səbəbindən getdikcə ağırlaşan vəziyyət hakimiyyət üçün də əlavə problemlərə yol açmaqdadır. Hətta fikirlər səslənir ki, bu gedişlə Nikol Paşinyan yaxın vaxtlarda iqtidardan devrilə bilər. Yerli medianın yazdığına görə, hakimiyyət artıq Paşinyanın əlindən sürüşüb gedir. Bildirilir ki, baş nazir öz komandasında birliyi belə təmin edə bilmir. Hakimiyyətin müxtəlif qanadları arasında gərginlik yüksək həddə çatıb.

Bütün bunlara paralel olaraq işğalçı ölkədə sosial-iqtisadi durum pandemiya ucbatından daha sürətlə pisləşməkdədir. Ermənistanda koronavirusun yayılmasının qarşısını almaq məqsədilə martın 16-da elan edilmiş fövqəladə vəziyyətin müddəti aprelin 13-dən sonra iki dəfə 30 gün uzadılıb. Lakin martın 24-dən sonra azad hərəkət etmək və müəyyən iqtisadi fəaliyyət üçün qadağalar ləğv edilib. Mayın 18-dən sonra isə, infeksiya təhlükəsizliyi qaydalarına əməl etmək şərtləri ilə, ictimai nəqliyyatın, uşaq bağçaları, idman və gözəllik salonlarının, kafe və restoranların fəaliyyətinə icazə verilib.

Hazırda ölkədə virusa yoluxanların sayı 13 mini keçir. Pandemiya qurbanlarının ümumi sayı 200-ü ötüb. Bu arada xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyana da koronavirus diaqnozu qoyulub. Baş nazir fövqəladə vəziyyət üzrə komendaturanın növbəti iclasından sonra ölkəsində vəziyyətin cəhənnəmə çevrildiyini açıqlayıb. Yerli medianın verdiyi xəbərə görə, Paşinyan ölkədə koronavirusa yoluxma hallarının kəskin artmasına görə səhiyyə sisteminin çökdüyünü, yeni xəstələri qəbul edə bilmədiyini, yüzlərlə xəstənin xəstəxanaya yerləşdirilmək üçün növbə gözlədiyini deyib. Onun sözlərinə görə, situasiya kritik həddi keçib və ölkə cəhənnəmə çevrilib: "Bu gün biz ölkədə total karantin tətbiq edilməsi barədə qərar qəbul etməyə çox yaxın idik. Lakin sonda belə qənaətə gəldik ki, bu, vəziyyəti xilas etməyəcək. Ölkədə antipandemiya hərəkatı başlamalıdır və biz hamımız situasiyaya ciddi yanaşmalıyıq”.

Baş nazir vətəndaşları "koronavirus yoxdur”, "maska taxmaq lazım deyil, çünki xeyri yoxdur”, "hökumət yoluxanların sayını qəsdən şişirdir” kimi şayiələrə inanmamağa çağırıb. Paşinyana görə, virusun belə sürətlə yayılmasının səbəbi insanların təhlükəyə məhəl qoymaması və laqeydliyidir. Onun fikrincə, insanların davranışı dəyişmədən və epidemiya əleyhinə tədbirlərə sərt riayət olunmadan vəziyyəti normallaşdırmaq mümkün olmayacaq.

Sosial şəbəkələrdə bəzi istifadəçilər isə baş nazir Paşinyana onun Şuşada Araik Arutyunyanın andiçmə mərasimindən sonra ziyafət zamanı epidemioloji təhlükəsizlik qaydalarına riayət edilmədiyini irad tutublar. Bildirilir ki, sosial şəbəkələrdə yayılmış şəkillərdə görünür ki, masa arxasında toplaşanların əksəriyyəti nə maska taxıb, nə də sosial məsafə saxlayıb.

Politoloq Artur Atayev "İzvestiya” qəzetinə müsahibəsində qeyd edir ki, Ermənistanda hər gün 600-ə yaxın adam koronavirusa yoluxur və artıq bütün xəstəxanalar dolub. Ölənlərin sayı da hər gün artır. Ermənistan Cənubi Qafqazda koronavirusla bağlı ən dramatik vəziyyətin hökm sürdüyü ölkədir.

"Xəstə mövzu: Ermənistan nə üçün koronavirus üzrə rekordçudur” sərlövhəli məqalədə qəzet Ermənistanın koronavirus üzrə "antirekordu” haqqında yazır. Məqalədə deyilir ki, Ermənistan koronavirusa yoluxanların və bu səbəbdən ölənlərin sayı üzrə Zaqafqaziyada birinci yeri tutur. Məqalənin müəllifi İqor Karmazinin fikrincə, ölkədə infeksiyanın yayılmasına qarşı mübarizə üzrə radikal tədbirlər görülməsinə baxmayaraq, nə məmurlar məhdudiyyətlərə riayət edirdi, nə də sakinlər: "Məmurlar özləri insanları səhlənkar münasibətə təhrik edirdilər. Səhiyyə naziri Arsen Torosyan yazın əvvəlində keçirdiyi mətbuat konfransında bu tədbirə maska taxmış vəziyyətdə gəlmiş jurnalistləri lağa qoyurdu. Torosyan bildirirdi ki, koronavirusu təhlükəli hesab etmir. O deyirdi: "Spesifik dərmanlar lazım deyil. Ümumiyyətlə, onu adi qrip kimi müalicə edirlər”.

Bildirilir ki, başqa siyasətçilər də məhdudlaşdırıcı tədbirlərə məhəl qoymurdular. Ermənistan parlamentinin deputatlarının vuruşmasının videosu sosial şəbəkədə geniş yayılmışdı. Mayın 8-də onlar kommunal ödənişlərlə bağlı fikir ayrılıqlarına görə əlbəyaxa oldular. Dalaşqan deputatlar sosial məsafəyə riayət etmirdilər. Mayın 21-də qondarma "Dağlıq Qarabağ respublikası”nın ("DQR”) yeni "prezidenti”nin inaqurasiyasından sonra daha bir qalmaqal qopdu. Sosial şəbəkələrdə yayılmış fotoşəkillərdə görünür ki, Ermənistan və "DQR” hökumətlərinin üzvləri sosial məsafəyə və qoruyucu maskalara məhəl qoymurlar. Bütün bunların nəticəsində vətəndaşlar arasında da karantinə sərin münasibət yarandı.

Politoloq Artur Atayev vəziyyəti şərh edərək bildirib ki, Ermənistan hakimiyyətinin inamsız hərəkətləri etiraz əhvali-ruhiyyəsinin güclənməsinə gətirib çıxara bilər. Ekspert deyir ki, Paşinyan hökumətinin reytinqi karantinə qədər də düşürdü, indi də düşür. Bunun hansı nəticələrə gətirib çıxaracağı məlum deyil. Yaxın gələcəkdə etiraz aksiyaları başlanmasını istisna etmirəm. Bir sıra siyasi qüvvələr, ilk növbədə, vaxtilə Paşinyanın silahdaşları olmuş, lakin indiki hakimiyyətdə özlərinə yer tapa bilməmiş adamlar bu vəziyyətdən istifadə etməyə hazırdırlar. Ambisiyalı gənclər tezliklə vəziyyəti daha da qızışdıra bilərlər.

Bütün bunlar ondan xəbər verir ki, Ermənistanı qarşıdakı dövrdə daha böyük böhran gözləyir.

 

 

Elçin CƏFƏROV

Azərbaycan.-2020.- 9 iyun.- S.6.