Pandemiyanın məsuliyyətsizlik bəlası

 

Koronavirusun mövcudluğuna inamsızlıq, səbəb olacağı dəhşətli hadisələrə laqeydlik acı nəticələr doğurur

 

Koronavirus pandemiyası (COVID-19) dünyanı vahimədə saxlamaqda davam edir. Hər ötən gün, yoluxmaölüm sayı dəhşətli rəqəmlərlə artır. Hazırda dünyada koronavirusa yoluxanların sayı 7 milyonu ötüb, gözəgörünməz bəlanın aldığı canların sayı isə 406 207-ə çatıb. Həm də qlobal pandemiya insanları yalnız sağlıqları ilə təhdid etmir, bütün yaşam sahələrinə zərbə vurur, ölkələri maddi sıxıntı ilə üz-üzə qoyur, onlara yeni yaşam şərtləri diktə edir.

Ən qorxulu hal isə, hələlik bu bəlanın nədən yaranması, Yer üzündə nə qədər sürəcəyi, yox olub-olmayacağı ilə bağlı heç bir dəqiq cavabın olmamasıdır. Təhlükədən qurtuluşun hələlik yeganə yolu mütəxəssislərin tövsiyələrinə əməl edərək virusa yoluxmamaqdır...

 

Virusa qarşı əldə olunan pozitiv nəticəni qoruyub saxlamaq mümkün olmadı

 

Ölkəmizdə pandemiya ilə əlaqədar məsələləri ciddi nəzarətdə saxlamaq, virusun geniş yayılmasının qarşısını almaq və insanların həyatını maksimum şəkildə qorumaq üçün zəruri və effektiv tədbirlər görüldü. Nəticədə xüsusi karantin rejimi dövründə yoluxma hallarının sayı minimuma endirildi, ölkəmizdə ölüm halları çox aşağı səviyyəyə düşdü, xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalanların sayı yeni yoluxanların sayını üstələdi.

Çox təəssüf ki, xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra yeni yoluxma hallarının sayında artım müşahidə olunmağa başlanmış, əldə edilmiş pozitiv nəticəni qoruyub saxlamaq mümkün olmamışdır. Məhdudiyyətlər aradan qaldırıldıqca ölkəmizdə koronavirus infeksiyasına yoluxma hallarının çoxalmasına səbəb Operativ Qərargah tərəfindən müəyyən olunmuş qaydalara, sosial izolyasiya tədbirlərinə əməl edilməməsi, xüsusilə maska taxılmaması olmuşdur.

 

Yumşaldılma niyə dayandırıldı?

 

 

Elə bu məsuliyyətsizliklərə görə də karantin rejiminin yumşaldılması dayandırıldı və yenidən məhdudlaşdırılma aktivləşdirildi. Operativ Qərargahın qərarına əsasən, 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün , xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırıldı. Qeyd olunan tarixdə əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edildi.

Həmçinin koronavirus infeksiyasının yayılmasına səbəb olan əsas hallardan biri də əhalinin qoruyucu maskalardan istifadə etməməsi ilə əlaqədar olduğuna görə, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə cərimələr müəyyənləşdirildi.

 

 

Bu dəfə də qaydaları pozdular...

 

 

Operativ Qərargahın xüsusi karantin rejiminin müəyyən günlərdə sərtləşdirilməsi qərarı koronavirusun yayılma sürətinin azaldılmasından, onun törədə biləcəyi fəsadların minimuma endirilməsindən irəli gəlir. Bu qərardakı məhdudlaşdırıcı mahiyyət ümumi xarakterli olmaqla təhlükəli virusdan müdafiədə effektivliyi artırmaq, əhalini qorumaq, mümkün qədər çox insanın evdə qalmasını təmin etmək məqsədi daşıyır.

Bu qorxulu virusun yayılması hava, damcı yolu ilə olduğu üçün onun qarşısını ala bilmək yalnız profilaktik tədbirlər görməklə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə əməl etməklə mümkündür. Göründüyü kimi, xəstəliyin yayılmasının qarşısını almaq, yaşaya biləcəyimiz acı ssenarilərin önünə keçmək üçün dövlətimiz bütün istiqamətlərdə lazımi addımlar atır. Vətəndaşlarının təhlükəsizliyi, sağlamlığı üçün zəruri tədbirlər həyata keçirir.

Amma xəstəliyə qarşı görülən bu tədbirlərin effektivliyi də, elə məhz vətəndaşların qaydalara uymasından, onların duyarlılığından asılıdır.

Nə yazıq ki, xəstəliyin yayılmasına birbaşa rəvac verən məsuliyyətsiz davranışlara ötən şənbə və bazar günlərində də rast gəlindi. COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazilərində tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 06.06.2020-ci il saat 00:00-dan 08.06.2020-ci il 06:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 2524 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə, respublikanın digər avtomobil yollarında isə sərnişindaşımada istifadə olunan taksiavtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə həmin məcəllənin 211.2-ci maddəsi ilə 218 və eyni əməllərin il ərzində təkrar törədilməsinə görə məcəllənin 211.3-cü maddəsi ilə 5 nəfər olmaqla ümumilikdə 2776 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

 

İctimai nəqliyyatda fiziki məsafə saxlamaq çətin olduğundan, mütləq maskadan istifadə edilməlidir

 

Bəli, bu neqativ hallardan da məlum olur ki, hələ də bəzi insanlarda təhlükənin mövcudluğuna, onun yarada biləcəyi dəhşətli nəticələrə inamsızlıq və bu hissdən doğan laqeydlik müşahidə olunur...

Belə olmasaydı, hər məsuliyyətsiz davranışın, hər bir qayda pozuntusunun xəstələnmək və öz həyatını, ətrafını risk altına atmaq demək olduğu anlamı yaranardı. Bilərdilər ki, əməl etmədikləri hər bir qayda, sadəcə, özlərinin deyil, ümumilikdə xalqın taleyini təhlükəyə sürükləyir...

Baxmayaraq ki, koronavirusa yoluxmamağın çarəsi çox sadədir: sosial izolyasiya qaydalarına riayət etmək, maska taxmaq, şəxsi gigiyenaya diqqət etmək və lüzum olmadıqca küçəyə çıxmamaq.

Məcburiyyət səbəbindən evdən çıxmaq və ictimai nəqliyyatdan istifadə etmək zərurəti yarandıqda isə aşağıdakı qaydalara riayət etmək mütləqdir. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) ictimai nəqliyyatdan istifadə edən sərnişinlərə tövsiyələri var:

- xəstəsinizsə, evdə qalın;

- ictimai nəqliyyatda fiziki məsafə saxlamaq çətin olduğundan, mütləq maskadan istifadə edin;

- tranzit stansiyanı tərk edərkən və son dayanacaqda əl gigiyenasına riayət edin. Əllərinizi spirt əsaslı dezinfektantla təmizləyin.

 

Yasəmən MUSAYEVA

Azərbaycan.-2020.- 9 iyun.- S.5.