Dünya mətbuatı Azərbaycanın uğurlarından yazır

 

Redaksiyamıza Azərbaycan Respublikasının İspaniya Krallığındakı və Andorra Knyazlığındakı fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmovdan məktub daxil olmuşdur. Məktubda yazılır: "İspaniyanın böyük oxucu kütləsinə malik "Diplomacia Siglo XXI” (Diplomatiya XXI əsr) jurnalının may ayı buraxılışında ölkəmizlə bağlı geniş, şəkilli məqalələr dərc edilmişdir. "Biz birlikdə güclüyük! - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev” sərlövhəli məqalədə bütün dünyanın COVID-19 pandemiyası ilə üzləşdiyi bir vaxtda Prezident İlham Əliyevin problemə strateji baxışı və risklərin zamanında dəyərləndirilməsinə əsaslanan uzaqgörən qərarları nəticəsində

COVID-19 pandemiyasına qarşı mübarizənin aparılması məqsədilə ölkəmizdə təxirəsalınmaz effektiv addımların atılması barədə ətraflı məlumat verilir.

Məhz dövlət başçısının təşəbbüsü ilə "Biz birlikdə güclüyük!” şüarı altında qısa müddət ərzində respublikamızda həyata keçirilən qabaqlayıcı tədbirlər, genişmiqyaslı və məqsədyönlü fəaliyyət təqdir olunur.

Məqalədə xüsusi olaraq vurğulanır ki, Prezident İlham Əliyevin çağırışı və sədrliyi ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, habelə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşlərinin keçirilməsi, Ümumdünya Səhiyyə Təşkilatına və Qoşulmama Hərəkatının ən çox yardıma ehtiyacı olan üzv-dövlətləri üçün maliyyə dəstəyinin ayrılması ölkəmizin regional və qlobal miqyasda koronavirus pandemiyasına qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfə verməsinin, Azərbaycanın etibarlı beynəlxalq tərəfdaş olmasının təzahürüdür.

"Şuşanın işğalından 28 il ötür...” başlıqlı məqalədə isə Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda yerləşən Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində yüzlərlə dinc sakinin öldürüldüyü və əsir götürüldüyü, Azərbaycan xalqının maddi-mədəni və mənəvi irsinə ağır zərbə vurulduğu barədə ətraflı məlumat verilir. Qeyd olunur ki, təcavüzkar ölkə Ermənistan beynəlxalq humanitar hüququn tələblərini kobudcasına pozaraq, Şuşanın işğalı zamanı aparılmış etnik təmizləmənin ardınca orada Azərbaycan tarixi-mədəni mirasının məhv edilməsi və tədricən şəhərin mədəni simasının dəyişdirilməsinə yönələn qanunsuz əməllərini bu gün də davam etdirməkdədir.

Qeyd olunur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müxtəlif beynəlxalq platformalardan verdiyi bəyanatlarla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə Azərbaycanın qətiyyətli mövqeyini, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu daim dünya ictimaiyyətinin diqqətinə çatdırır. Məqalədə ötən il Rusiyanın Soçi şəhərində keçirilmiş "Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında Prezident İlham Əliyevin çıxışından sitat gətirilərək, "Qarabağ - Azərbaycandır və nida işarəsi” ifadəsi xüsusi olaraq vurğulanır.

Qeyd etmək istərdik ki, nəfis tərtibata malik "Diplomatiya XXI əsr” jurnalı ölkədə böyük oxucu kütləsinə və xüsusi nüfuza malik olmaqla yanaşı, İspaniyanın dövlət orqanları, xüsusilə Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyi, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklər, habelə İspaniya Krallığının Latın Amerikası ölkələrindəki səfirlikləri arasında geniş yayılır”.

Səfirin məktubuna "Diplomacia Siglo XXI” jurnalında Azərbaycanla bağlı dərc edilən məqalələr və fotoşəkillər də əlavə olunmuşdur.

Əlbəttə, Azərbaycanın hər bir uğuru, habelə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dünya mətbuatında gedən hər bir obyektiv yazı maraq və razılıq doğurur. Odur ki, səfir Anar Məhərrəmovun bizə ünvanladığı məqalə və şəkilləri hörmətli oxucuların diqqətinə təqdim edirik.

 

Azərbaycan.-2020.- 10 iyun.- S.5.